Qarabağ Azadlıq Təşkilatı (QAT) Beynəlxalq Qüds Günü ilə bağlı bəyanat qəbul edib.
QAT-ın mətbuat xidmətindən Teleqraf.com-a daxil olan bəyanatda deyilir: “Beynəlxalq Qüds Gününün növbəti dəfə dünyanın müxtəlif yerlərində qeyd olunması xüsusi əhəmiyyət daşıyır və bu günün problemləri ilə səsləşir. Bu gün bütün dünya böyük problemlər, qarşıdurmalar içərisindədir, hər yerdə təcavüz, terror, zor hərəkətləri baş verir. İslam dünyası, müsəlman ölkələri isə daha ağır vəziyyətdə, acınacaqlı durumdadır, Qərb dünyasının, işğalçı və terrorçu rejimlərin birbaşa basqısı altındadır. Fələstinin işğalı davam etdirilir, Misir, İraq, Suriya, Liviya, Yəmən və digər ölkələr od-alov, dağıntılar, fəlakətlər, məhrumiyyətlər içərisindədir.
Azərbaycanın əraziləri hələ də işğal altındadır. Türkiyə beynəlxalq mərkəzlərin, terror maşınlarının dəhşətli məngənəsində zülm çəkməkdədir. İran beynəlxalq güclərin təhdid və təzyiqlərindən hələ də əziyyət çəkir. Qərbdən ədalətli mövqe gözləməyə dəyməz. Son hadisələr bunu bir daha göstərdi. Almaniya gözlənilmədən qondarma “erməni soyqırımı”nı tanımaqla bağlı qərar qəbul etdi. Roma papası I Fransisk Ermənistana səfəri çərçivəsində Azərbaycanı Dağlıq Qarabağdan imtina etməyə, Ermənistana verməyə çağırdı. Bütün bunlar islam dünyasının yalnız özünə arxalanmalı olduğunu bir daha göstərir”.
Bəyanatda qeyd olunur ki, islam dünyası bütün xarici təzyiqlərə yalnız birlikdə, vəhdətə nail olmaqla müqavimət göstərə, problemlərini həll edə bilər: “İslam dünyası böyük potensiala malikdir. Bu potensial hərəkətə gətirilməli, onun imkanlarından səmərəli istifadə olunmalıdır. Biz bütün müsəlman dünyasını daxili problemlərini öz gücünə həll etməyə, birlikdə hərəkət etməyə, vəhdət nümayiş etdirməyə çağırırıq. Azərbaycan Qərb dövlətlərinə olan ümidlərindən əl çəkməli, yalnız müsəlman dövlətlərinin dəstəyinə arxalanaraq Qarabağımızın azadlığına nail olmalıdır”.
Səxavət