30 İyun 2016 16:43
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Valter Ştaynmayerin Ermənistana və Azərbaycana səfəri yekunlaşdı. Səfər və verilən açıqlamalar nə ilə yadda qaldı?

Birincisi, ATƏT-in keçmiş sədrləri kimi hazırki sədr Almaniya da Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməkdə acizdir. Bunu Valter Ştaynmayerin İrəvan və Bakıda verdiyi açıqlamalar da göstərir. Halbuki, aprel döyüşlərindən dərhal sonra Almaniya XİN Dağlıq Qarabağ münaqişəsinin həlliylə 7 maddəlik təkliflər paketinin olduğunu açıqlamışdı. Həmin təkliflərin nədən ibarət olduğu aydınlaşmadı, Valter Ştaynmayer də bu məsələyə aydınlıq gətirmədi. Böyük ehtimalla bu təkliflər münaqişənin həlli ilə deyil, atəşkəsin qorunmasıyla bağlı idi.

İkincisi, Valter Ştaynmayerin bölgəyə səfəri zamanı verdiyi açıqlamalar da göstərir ki, Berlin ATƏT-ə sərdlik etdiyi müddətdə cəbhə bölgəsində atəşkəsin qorunmasına çalışır. Çünki Ştaynmayerin Bakıda verdiyi açıqlamalardan aydınlaşır ki, Berlin yaxın zamanlarda danışıqlardan nəticə əldə edilməyəcəyi halda bölgədə növbəti eskalasiyanın yarana biləcəyindən ehtiyatlanır. Təsadüfi deyil ki, Almaniyanın xarici işlər naziri atəşkəs rejiminin möhkəmlənməsi üçün lazımı tədbirlər görüləcəyini bildirib. Bu tədbirlər haqqında prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində də fikir mübadiləsi aparılmışdı. Ancaq rəsmi Bakı ATƏT monitorinq qrupunun bir neçə nəfərlə artırılması xaricində “insidentlərin araşdırılması mexanizminin” əleyhinədir, çünki bu, Ermənistanın maraqlarına cavab verir və “status-kvo”nun uzanmasına aparır.

Üçüncüsü, Valter Ştaynmayer Bakıda Qarabağdan olan məcbur köçkünlərlə görüşündə deyib ki, Berlin Dağlıq Qarabağın azərbaycanlı icmasının Dağlıq Qarabağın erməni icması ilə davamlı görüşlərinin keçirilməsinə çalışacaq. Bu təşəbbüsün reallaşması Azərbaycanın maraqlarına cavab verir. Ermənistan hakimiyyəti hər zaman Dağlıq Qarabağın separatçı liderlərini danışıqlara cəlb etmək istəyir. Rəsmi Bakı bunun əleyhinədir və mövqeyi belədir ki, Dağlıq Qarabağın erməni icması sonrakı mərhələdə danışıqlara qatıla bilər, bundan əvvəl isə Ermənistan silah qoşunları Azərbaycan ərazilərini tərk etməlidirlər. Rəsmi Bakı Qarabağın azərbaycanlı və erməni icması arasında dialoqun genişlənməsinin tərəfdarıdır. Ancaq rəsmi İrəvan buna mane olur.

Azərbaycan və Almaniya xarici işlər nazirlərinin Bakıda keçirdikləri birgə mətbuat konfransında iki yeni xəbər də diqqəti çəkdi. Birinci xəbər ondan ibarətdir ki, Fransanın Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü Parisdə təşkil etməsinə dair təklifi var. İkinci xəbər isə odur ki, Rusiya xarici işlər naziri Sergey Lavrov iyulun 4-də İrəvana və Bakıya səfər edəcək. Bu səfərlər və görüşlər hələ ki, münaqişənin həllinə yox, atəşkəsin uzunmüddətli olmasına köklənib.

“Atlas” Araşdırmalar Mərkəzi


Müəllif:

Oxşar xəbərlər