“Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının Moskvada keçirilən 47-ci sessiyasında iqtisadiyyat, siyasət və mədəniyyət komitələrinin iclaslarında Azərbaycan nümayəndə heyətinin üzvləri fəal şəkildə iştirak ediblər. Komitələrin iclaslarında əsasən QDİƏT PA-nın üzv dövlətlərində qaçqın və məcburi köçkün məsələsi müzakirə edilib”.
Bu barədə Azərbaycanın QDİƏT Parlament Məclisi Baş Assambleyasındakı nümayəndə heyətinin və qurumun mədəniyyət komitəsinin üzvü, Milli Məclisin deputatı Jalə Əliyeva məlumat verib.
J.Əliyeva bildirib ki, komitələrdə əsasən qaçqınların və məcburi köçkünlərin problemləri qaldırılıb. Üzv ölkələrin qaçqınlarla bağlı problemlərinin həlli və onların iqtisadi, sosial, siyasi məsələlərinə dair müzakirələr aparılıb. Milli Məclisin deputatı Azərbaycan nümayəndə heyətinin qaldırdığı əsas məsələnin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurd-yuvalarından məcburi köçkün düşmüş soydaşlarımızın hüquqları ilə bağlı olduğunu söyləyib.
O əlavə edib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində azərbaycanlıların bir əsr ərzində dörd dəfə etnik təmizləməyə məruz qalmaları nümayəndə heyətimizin üzvlərinin çıxışlarında xüsusi vurğulanıb.
J.Əliyeva mədəniyyət komitəsinin iclasında Dağlıq Qarabağdakı erməni vandalizmi məsələsini qaldırdığını deyib. O, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyünü qeyd edib. Bildirib ki, erməni işğalı nəticəsində doğma yurdlarından qovulmuş soydaşlarımızın uzun illər çadır şəhərciklərində yaşadığı, orada doğulub boya-başa çatan uşaqların ağır şərtlər altında təhsil aldıqları, acınacaqlı günlər yaşadıqları parlamentarilərin diqqətinə çatdırılıb.
Xatırladaq ki, QDİƏT Parlament Məclisi Baş Assambleyasının iyunun 28-30-da keçirilən 47-ci sessiyasında Milli Məclisin komitə sədrlərinin müavinləri Eldar Quliyev, Musa Quliyev və Jalə Əliyeva, deputatlar Çingiz Qənizadə və Əflatun Amaşovdan ibarət nümayəndə heyəti iştirak edib. (“Azərtac”)