23 İyun 2014 16:00
1 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı Bakıdan Avropaya yola çıxan və 10 min kilometr məsafəni motosikillə qət edən “Harley Davidson”un Bakı klubunun üzvləri ilə görüşüb.

Teleqraf.com-un xəbərinə görə, Ə.Əhmədov bu aksiyanı milli lider Heydər Əliyevin tarixi xidmətlərinə, Azərbaycan xalqının həyatında oynadığı rola verilən qiymət kimi dəyərləndirib. ANS Şirkətlər Qrupunun belə bir təşəbbüsünü yüksək qiymətləndirən Ə.Əhmədov deyib ki, bu qədər böyük bir məsafə qət etmək böyük uğurdur. “Bu Azərbaycan dövlətinə, dövlətçiliyə böyük ehtiramdır. Eyni zamanda siz böyük şücaət və fədakarlıq nümayiş etdirmisiniz. Əvvəlcədən çoxlu sayda çətinliklər ola biləcəyini bilirdiniz və Heydər Əliyevin yolunda belə çətinlikləri gözə aldınız. Mən bunu alqışlayıram. Ümummilli lider Heydər Əliyevin möhtəşəm qayıdışı sayəsində Azərbaycan cəmiyyətində özünə, dövlətə inam yarandı. Sizin yürüşünüz də özünəinam nəticəsi olaraq baş tutub”, – deyən YAP sədrini n müavini qeyd edib ki, bugünkü inkişaf edən, güclənən, dünyada söz sahibinə çevrilən Azərbaycan məhz qurtuluş məfkurəsinin nəticəsidir. O, Azərbaycanın bir daha sülh tərənnümçüsü olduğunu sübut etdiyinə görə motoyürüşçülərə minnatdarlıq edib. Ə.Əhmədov motoyürüşçülərin bu addımının gənc nəslə bir nümunə olduğunu deyib.

Motoyürüşə rəhbərlik edən ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev aksiya çərçivəsində 8 ölkədə olduqlarını bildirib. O qeyd edib ki, bu aksiyanın mahiyyəti qurtuluşun mahiyyətini təbliğ etmək və Azərbaycanı tanıtmaq idi. V.Mustafayev artıq Avropada Azərbaycanın yaxşı tannıdığını vurğulayıb.
Görüşün sonunda Əli Əhmədov yürüş iştirakçılarına Heydər Əliyevə həsr olunmuş kitab hədiyyə edib.
Görüşdə YAP icra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov iştirak ediblər.

Səxavət


Müəllif: