"Tofiq Yaqublu həbsxanadan çıxdıqdan sonra düşünürdü ki, Müsavat Partiyasının Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə münasibət qurmasına nail ola bilər. Lakin onun təklifləri qəbul olunmadı".
Bunu Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqov deyib.
O vurğulayıb ki, Müsavat Partiyası mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin abidəsini birgə ziyarət etməklə bağlı təklif irəli sürüb, lakin AXCP bu təklifi də qəbul etməyib: "Burada təşəbbüs göstərən Müsavat Partiyasıdırsa, deməli, münasibətlərin qurulmasında maraqlıyıq. Qarşı tərəf isə imtina edir. AXCP və digər təşkilatların təmsil olunduğu Milli Şura hesab edir ki, qurum, artıq formalaşıb, uğurlu variantdır, birlik istəyənlər də bu təşkilatda fəaliyyət göstərməlidirlər. Müsavat Partiyası isə belə hesab etmir. Müsavat Partiyası Milli Şuradan çıxanda da bildirmişdi ki, partiyalarla funksional əməkdaşlığa üstünlük verir".
Müsavat başqanının müavini qeyd edib ki, hazırda müxalifət düşərgəsində yeni birliyin yaradılması gündəmdə deyil: "Müsavat Partiyası fəaliyyətini davam etdirir. Partiyanın işində müəyyən zəif yerlər var, onları aradan qaldırmaq lazımdır. Partiyamız xalqın önündə getməyə hazırdır. Ölkədə qeyri-adi bir hadisə baş verməzsə, Müsavat Partiyası 2018-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlaşacaq". (“Report”)