İsrailin “Kanal 9” televiziyasında “Gəlin, danışaq” verilişində Ermənistanın paytaxtı İrəvanda ermənilərin “qəhrəmanı” Qaregin Njdeyə abidə qoyulması məsələsi müzakirəyə çıxarılıb. Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Verilişin aparıcısı, siyasətçi İosif Şaqal “İnsanlıq əleyhinə cinayət törətmiş şəxsi bir ölkə “milli qəhrəman” adlandıra bilərmi? Əgər belədirsə buna necə bəraət qazandırmaq olar?” sualı ilə veriliş iştirakçılarına müraciət edib. İ.Şaqal hazırkı gərgin şəraitdə bəzi dövlətlərin tarixi faktları təhrif edərək təqdim etdiyini diqqətə çatdırıb.
Onun “Biz almanlarla əlbir olub “Holokost” faciəsini törədən “xalq qəhrəmanları”na, Xarkovda, Çernobılda antisemit Stepan Banderaya, minlərə yəhudi uşağı öldürən Herbert Kukursa və faşist, antisemit Qaregin Njdeyə abidə ucaldılmasına susmalıyıqmı?” sualı ilə bağlı fikir mübadiləsi aparılıb. Müzakirələrdə İsrailin Cənubi Qafqaz Araşdırmalar Assosiasiyasının sədri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut, politexnoloq Oleq Levinski, vəkil Mark Knyajevski iştirak edib.
O.Levinski türklər, azərbaycanlılar və yəhudilərə qarşı kütləvi qətllərdə iştirak edən insana abidə qoyulmasının səbəbinin ermənilərin öyünməyə əsl qəhrəmanının olmaması ilə bağlayıb. A.Qut isə bildirib ki, faşist erməni generalına abidə qoyulması “Holokost” faciəsində ölənlərin xatirəsinə təhqirdir. “Njdeyə abidə qoyulması ilk belə hadisə deyil, bir neçə il öncə də Ermənistan keçmiş sovet ölkələri arasında antisemitizmin yayıldığı ölkə kimi ilk yeri tutmuşdu. Antisemitizm Ermənistanda hər sahədə var – siyasətdə, mediada. Bu gün antisemitizm onların dövlət siyasətidir”. A.Qut həmçinin, Xocalıda ermənilərin törətdiyi vəhşilikləri xatırladaraq bildirib ki, bu qətliamı edənlər özlərinə Njdeni ideoloq seçən cəlladlardır.
Veriliş iştrakçıları bildirib ki, faşist erməni generalına abidə qoyulması açıq-aşkar faşizmin propaqandasıdır, ermənilərin vətənpərvərlik adı ilə faşizmi təbliğ etməsidir. Həmçinin, qeyd edilib ki, Ermənistan rəhbərliyinin Njdenin abidəsinin açılış mərasimində iştirak etməsi bunu deməyə əsas verir ki, onlar Qaregin Njdenin varisi olduqlarını bəyan edirlər.
Səxavət