5 İyul 2016 12:48
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Qənirə Paşayeva, Türkiyə Sənayeçi və İş Adamları Birliyinin (TÜSİAB) rəsmi nümayəndələri Ramazan bayramı münasibətilə Tovuz rayonunda Ermənistanla ön cəbhədə yerləşən “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüşüb, onları hədiyyələrlə təbrik ediblər.

Teleqraf.com-un məlumatına görə, əsgər və zabitlər qarşısında çıxış edən Q.Paşayeva onları Ramazan bayramı münasibətilə təbrik edib. O deyib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağda da dalğalanmasıdır: “Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.

Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda da dalğalanacaq. İnşallah, gələn il Ramazan bayramını işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Xankəndidə, Şuşada və işğal altında olan digər gözəl bölgələrimizdə qeyd edək. Mən əminəm ki, biz bunu edəcəyik”.

TUSİAB-ın sədri Cəlil Polad ön cəbhədə hərbi hissədə keçirilən bu tədbirdə iştirak etməkdən qürur duyduğunu və bu tədbirin önəmli olduğunu qeyd edib.

Sonra hərbi xidmətdə fərqlənən əsgər və zabitlərə Q.Paşayeva və qonaqlar adından hədiyyələr təqdim edilib. Hərbi hissənin rəhbərliyi və Q. Paşayeva, TUSİAB-ın sədri Cəlil Polada Azərbaycanın əsgər və zabitləri adından Azərbaycan əsgərinin hərbi formasını hədiyyə ediblər. Azərbaycan əsgərinin formasını geyinən C.Polad “bu, həyatımda aldığım ən gözəl hədiyyələrin önündə gəlir” deyib və hər zaman qardaş Azərbaycanın və ordusunun yanında, onun bir əsgəri olduğunu bildirib və bu formanı geyməkdən böyük şərəf və qürur duyduğunu xüsusi vurğulayıb.

Tədbirin sonunda Q.Paşayeva, TUSİAB-ın rəsmi nümayəndələri əsgər və zabitlərlə geniş söhbət ediblər. Q.Paşayeva əsgərlərin hər birinə Azərbaycan tarixi ilə bağlı kitablar hədiyyə edib və bildirib ki, biz hamımız tariximizi dərindən bilməliyik. Hərbi hissənin rəhbərliyi çıxış edərək belə görüşlərin zabit və əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını, əsgər və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib, düşmən üzərində tam qələbənin uzaqda olmadığını bildirib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər