Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər 8-9-da NATO-nun iyulun Varşavada keçirilən sammitinin yekunlarını Teleqraf.com-a şərh edib. Müsahibəni təqdim edirik.
– Sülhəddin bəy, NATO sammitinin yekunlarını necə qiymətləndirirsiniz?
– Sammitin gündəliyi öncədən bəlli idi. Gözlənildiyi kimi sammitdə mühüm qərarlar qəbul olundu. Bu qərarların birinci qrupu, yəni birinci paketi NATO-nun kollektiv təhlükəsizliyini və müdafiəsini gücləndirmək idi. Bu kontekstdə üç Baltikyanı ölkədə və Polşada hərəsində bir tabor olmaqla NATO silahlı qüvvələrinin yerləşdirilməsinə qərar verildi və 2017-ci ildən bu qüvvələr yerləşdiriləcək. Artıq Rusiya ilə sərhəddə NATO qüvvələri dayanacaq. Burda məqsəd elan olunduğu kimi Rusiyanı durdurmaq, qarşısını almaqdır, Rusiyanın aqressiv xarici siyasətini önləməkdir.
Eyni zamanda, hava hücumundan müdafiə sisteminin gücləndirilməsi haqqında qərarlar qəbul olundu. Bəllin olduğu kimi, ABŞ Rumıniyada raket hücumundan müdafiə sistemi qurub və onun NATO-ya təsirvericisi baş verdi. Eyni zamanda Polşada yeni bir stansiyanın qurulmasına başlanıb. Qara dənizdə yeni dialoqa başlamaq istəyirlər. Aralıq və Baltik dənizi ilə bağlı belə bir dialoq var. Krımın işğalından sonra NATO belə hesab edir ki, analoji addım Qara dənizdə də atılmalıdır. Bu dialoq prosesinə NATO üzvü olan ölkələrlə yanaşı Qara dəniz sahili olan Rumıniya, Türkiyə, Bolqarıstanla birgə Ukrayna və Gürcüstan da dəvət olunublar. Bu da mühüm bir addımdır.
Yəni, NATO həm şərq istiqamətində, Baltik, Qara dəniz xəttində, həm də Qara dəniz hövzəsində öz hərbi varlığını və iştirakını artırmaq haqında qərar qəbul edib. Bu, mühümdür. Çünki dolayısıyla Azərbaycana da təsir edir. NATO-nun Qara dənizdə möhkəmlənməsi eyni zamanda NATO-nun Gürcüstanda möhkəmlənməsi deməkdir. Ötən il Gürcüstanda təlim və qiymətləndirmə mərkəzi açıldı, bu il isə bir gürcü bölüyünün NATO-nun çevik qüvvələrinin tərkibində olması şərti ilə Gürcüstanda yerləşdirildi. Artıq Gürcüstanda da NATO-nun hərbi varlığı, hərbi iştirakı var. Hesab edirəm ki, bu da çox mühüm məsələdir. Nəzərə alsaq ki, Azərbaycanın bütün geoiqtisadi layihələri Gürcüstan üzərindən həyata keçirlir… Mən burda enerji, nəqliyyat və ticarət yollarını nəzərdə tuturam. Bu baxımdan bu addımların birbaşa Azərbaycana da təsir edir.
NATO-nun Rusiyanın sərhədlərinə doğru irəliləməsi eyni zamanda Rusiyanı da əks addımlar atmağa sövq edir. Yaxud Rusiya addımlar atdıqca NATO da ona qarşı addımlar atır. Deyək ki, indi NATO-nun atdığı bu addımlar həm Baltik dənizində, həm Qara dənizdə, həm Şərqi Avropa ölkələrində, Polşa və Baltikyanı ölkələrdə Ukrayna böhranından sonra ortaya çıxan ehtiyacla, ABŞ və NATO-nun öz strategiyasını dəyişməsi ilə bağlıdır. Bu strategiyanın artıq əsas məqsədi Rusiyanın durdurulması olaraq müəyyən edilib.
– NATO ilə Avropa İttifaqı ölkələri arasındakı münasibətlər barədə nə deyə bilərsiz?
– NATO ilə Avropa İttifaqı ölkələri arasında əlaqələrin möhkəmləndirilməsi, fəaliyyətin sıx koordinasiyası sammitin ikinci istiqaməti idi. Bu istiqamətdə də birgə sənəd qəbul olundu. NATO və Avropa İttifaqı bir sənəd imzaladı, bununla iki qurum müdafiə və təhlükəsizlik sahəsində fəaliyyətlərini daha sıx koordinasiya edəcəklər.
Üçüncü bir istiqamət GUAM ölkələri ilə bağlıdır. Hansı ki, Avropa İttifaqı ilə assosiativ saziş imzalayıblar. NATO bu ölkələrin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə daha güclü dəstək verməklə yanaşı onların müdafiə və təhlükəsizlik sisteminin gücləndirilməsinə də diqqəti artıracaq. Ukrayna ilə münasibətlər daha dərinləşdiriləcək, Gürcüstanla münasibətlər genişləndiriləcək.
Ukraynanın NATO-nun xüsusi tərəfdaşı statusu var idi. İndi bu əlaqələr dərinləşdiriləcək və dərinləşdirilmiş tərəfdaşlığa keçid olacaq. Yəni, artıq Ukrayna xüsusi tərəfdaş ststusundan dərinləşdirilmiş tərəfdaşlıq statusuna keçiriləcək. Eyni zamanda Gürcüstan da genişləndirilmiş tərəfdaşlıq çərçivəsində NATO ilə daha dərin əməkdaşlığa keçəcək. Ukraynanın müdafiəsinin gücləndirilməsi üçün xüsusi paket qəbul olunub. Bu paketdə 50 istiqamət nəzərdə tutulub, bunun 10-u məsləhət xarakteri daşısa da 40-ı praktik istiqamətdir. NATO həm Ukraynanın Müdafiə Nazirliyinin, həm də Silahlı Qüvvələrinin islahatlarına yaxından dəstək verəcək.
– Sammitin müzakirə etdiyi digər hansı məsələləri qeyd etmək mümkündür?
– Digər məsələlər rutin məsələlərdir. İŞİD-lə mübarizəyə NATO-nun daha aktiv cəlb olunması, o cümlədən Türkiyə hava məkanının qorunmasının daha da gücləndirilməsi haqqında qərarlar oldu, Əfqanıstanda missiyanın davam etdirilməsi, Əfqanıstan ordusuna dəstəyin verilməsi… NATO bu sammitində çoxsaylı mühüm qərarlar qəbul etdi. Bu baxımdan sammitin yekunlarını müsbət qiymətləndirirəm.
– Yaxın vaxtlarda NATO sıralarına yeni üzvlərin qoşulmasını gözləmək mümkündürmü?
– Nəzərə almaq lazımdır ki, NATO bir daha “açıq qapı” siyasətini davam etdirəcəyini bəyan etdi. Ukrayna və Gürcüstanla bağlı 2008-ci ildəki Buxarest sammitinin qərarının qüvvədə olduğu bildirildi. Bir sözlə, Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü qüvvədədir. Gördüyünüz kimi, çoxsaylı qərarlar qəbul oldu.
Qaradağın da artıq üzvlüyə qəbulu proseduru başlayıb. Baxmayaraq ki, Qaradağın üzvlüyə qəbul prosedurları formal olaraq tam başa çatmayıb, amma bu ölkə də sammitdə iştirak edirdi. Bu da mənə elə gəlir, Ukrayna və Gürcüstan kimi NATO-ya üzv olmaq istəyən dövlətlərə bir mesaj idi ki, alyans genişlənmə siyasətini davam etdirəcək.
– NATO-nun genişlənmə siyasətinə Rusiyanın reaksiyası necə olacaq?
– Bəli, eyni zamanda nəzərə almaq lazımdır ki, bu məhsuldar və müsbət istiqamətdə olan qərarlar NATO-Rusiya münasibətlərini gərginləşdirəcək və NATO-Rusiya sərhədində, o cümlədən Rusiya-Azərbaycan, Rusiya-Ukrayna, Rusiya-Gürcüstan, Rusiya-Baltikyanı ölkələr, Rusiya-Polşa münasibətlərində gərginlik artacaq. Hansı xətt boyunca geopolitik qarşıdurma gedirsə, həm Baltik-Qara dəniz xəttində, həm də Qara dəniz-Xəzər xəttində Rusiya ilə NATO üzvü olan ölkələr arasında yaxın perspektivdə gərginliyin artacağını düşünürəm.
– Rusiya hansı addımları ata bilər?
– Rusiya ilk növbədə Arktikadan, yəni Şimal Buzlu Okeanından tutmuş Aralıq dənizinədək hərbi varlığını, iştirakını və aktivliyini gücləndirəcək. O cümlədən Kalininqrad bölgəsində silahlanmanı artıracaq. Orda daha müasir, nüvə başlığı daşıya bilən raketlər yerləşdirəcək. Böyük ehtimalla nüvə başlıqları da aparılacaq. Bəlkə də artıq aparılıb. Rusiya müəyyən qərarlar verib. İkisi qərb, biri isə cənub istiqamətində olmaqla üç yeni diviziya yaradılır. Bu da o deməkdir ki, həm Baltik ölkələri, həm də Ukrayna ilə sərhəddə Rusiya daha artıq silahlı qüvvə cəmləşdirəcək. Bu da istər-istəməz həmin xəttə, yəni Baltik ölkələri, həmçinin Polşa və Ukrayna ilə münasibətlərin gərginləşməsi deməkdir.
NATO Qara dənizdə hərbi iştirakını, varlığını gücləndirmək istəyir. Uyğun müzakirələr başlayıb. Rusiya isə həm Krımda, həm də Qara dənizdə hərbi varlığını artırmağa doğru gedəcək. O cümlədən Gürcüstan və Azərabycan ətrafında vəziyyət gərginləşəcək. Çünki bu günədək deyək ki, Ermənistan-Azərbaycan münaqişəsi hər iki ölkəni, yəni həm Ermənistanı, həm də Azərbaycanı Rusiyanın geopolitik təsir sferasında saxlamağa imkan verirdi. Amma yeni situasiya, yəni regionda, bütün Avroatlantik məkanda yaranmış yeni strateji vəziyyət Rusiyaya bu təminatı vermir. Rusiya etibarlı təminat istəyir və bu münaqişənin etibarlı, geopolitik təminat verməsi üçün də Rusiya Silahlı Qüvvələrini təmas xəttinə yeritmək istəyir. Ona görə də Ermənistana və Azərbaycana Rusiyanın təzyiqləri artacaq. Bu gün gündəmdə olan “Lavrov planı”nın başlıca hədəfi Rusiya Silahlı Qüvvələrini nəyin bahasına olur-olsun, Azərbaycana yeritmək, təmas xəttində yerləşdirməkdir. Ondan sonra Azərbaycan nəinki Qarabağdan gözünü çəkməlidir, ümumiyyətlə Azərbaycanın müstəqilliyi və suverenliyi də əldən gedəcək, Azərbaycanın ermənistanlaşması prosesi başlayacaq.
Rusiya Abxaziya və Cənubi Osetiyanı işğal edib. Onların müstəqilliyini birtərəfli qaydada tanıyıb və öz hərbi bazalarını həm Abxaziyada, həm də Cənubi Osetiyada yerləşdirib. Cənubi Osetiyada yerləşdirilən qüvvələr eyni zamanda Azərbaycanın strateji enerji, nəqliyyat və ticarət yollarını da təhdid altına alıb. İndi qalır Azərbaycanda öz silahlı qüvvələrini yerləşdirmək və Qara dəniz-Xəzər xəttini qapatmaq. Düzdür, işğal olunmuş bölgəyə onsuz da dolayısıyla Rusiya nəzarət edir. Ermənistan əslində Rusiyanın strateji uzantısıdır. İşğal olunmuş olunmuş bölgənin də de-fakto Ermənistana birləşdirildiyini nəzərə alsaq, deməli, Azərbaycanın işğal altında olan əraziləri də de-fakto Rusiyanın strateji uzantısıdır və bu ərazilər də Rusiyanın nəzarətindədir. Bu, Rusiyanı qane etmir.
Rusiya istəyir ki, burada de-yure də öz legitim silahlı qüvvələrini yerləşdirsin və bununla da NATO-nun şərqə doğru genişlənməsini durdursun. Ona görə də Ermənistan-Azərbaycan münaqişəsi zonasında gərginlikyin artacağını düşünürəm. Münaqişə ilə bağlı Rusiyanın, Kremlin Azərbaycana, Ermənistana təzyiqləri də artacaq.
Səxavət HƏMİD