11 İyul 2016 22:29
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2016-cı ildə Ermənistanın növbəti təxribatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində çox ciddi fəsadlara gətirib çıxarmışdır. Ermənistanın niyyəti bəllidir. Onlar danışıqları müxtəlif yollarla pozmaq istəyirlər və görəndə ki, beynəlxalq vasitəçilər tərəfindən onlara təzyiq artır, növbəti təxribatlara əl atırlar”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zaman deyib.

Dövlət başçısı bildirib ki, bu təxribatlardan biri də aprelin əvvəlində baş vermiş silahlı təxribat idi: “Bizim mövqelərimizə silahlı hücum təşkil edilmişdir. Ancaq Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi, əks-hücum əməliyyatı keçirərək işğal altındakı torpaqların bir hissəsini, daha dəqiq desəm, 2 min hektar torpağı azad etdi. Biz indi ondan bir neçə dəfə böyük əraziyə tam nəzarət edirik”.

İlham Əliyev bildirib ki, bu münaqişə tezliklə öz həllini tapmalıdır: “Əgər belə olmasa, heç kim təminat verə bilməz ki, bu təxribatlar təkrarlanmayacaq. Çünki Ermənistanın niyyəti münaqişəni dondurulmuş vəziyyətdə saxlamaqdır. Onlar fikirləşirdilər ki, bizə qarşı edilən təxribat onların qələbəsi ilə nəticələnəcək. Ancaq onlar acı məğlubiyyətə uğrayıblar. Azərbaycan dövləti böyük hərbi qələbə qazanmışdır.

Aprel döyüşləri bir daha onu göstərir ki, status-kvo tezliklə dəyişdirilməlidir. Bunu artıq bu məsələ ilə məşğul olan vasitəçilər də dəfələrlə bəyan ediblər. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqların azad edilməsi deməkdir. Əminəm ki, aprel döyüşlərinin nəticələri Ermənistan üçün dərs olacaq, onlar lazımi nəticələr çıxaracaqlar və danışıqlar prosesində konstruktiv mövqe ilə çıxış edəcəklər. Belə ümidlər var. Çünki bir daha demək istəyirəm ki, son bir-iki ay ərzində danışıqlar prosesində çox böyük fəallıq var”.

Prezident vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün prioritet məsələdir:

“Bu məsələnin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim üçün əsas vəzifədir. Bu münaqişənin həllinin başqa yolları yoxdur. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, status-kvo dəyişdirilməlidir, işğala son qoyulmalıdır. Nəinki BMT, bütün digər təşkilatlar da bizim mövqeyimizi dəstəkləyir. Dünən NATO-nun Zirvə görüşündə qəbul edilmiş yekun sənəddə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı çox ciddi məqamlar öz əksini tapıbdır. Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü tanınır və münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır”.

İlham Əliyev deyib ki, hər bir beynəlxalq tədbirdə Azərbaycanın mövqeyi səslənir, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı: “Dünən Varşavada NATO-nun Zirvə görüşündə də çıxışımın demək olar ki, yarısını mən bu mövzuya həsr etmişəm və orada iştirak edən dövlət və hökumət başçıları bir daha həqiqətləri eşidiblər. Ermənistanın yalanları artıq heç kimə təsir göstərmir. Onlar diaspor imkanlarından və bizim beynəlxalq səviyyədə o qədər də çıxışımızın olmamasından istifadə edərək münaqişə ilə bağlı yalan məlumatlar yayırdılar. İndi artıq o dövr arxada qalıb. Həqiqət ondan ibarətdir ki, Azərbaycan haqlıdır və beynəlxalq hüququn normaları bu münaqişə ilə bağlı tam şəkildə tətbiq edilməlidir.

Münaqişənin həlli ilə bağlı bir məsələni də qeyd etmək istəyirəm ki, bu il, xüsusilə son üç-dörd ay ərzində danışıqlar prosesində bəlkə də tarixdə görünməyən fəallıq müşahidə olunur. Aprel hadisələrindən sonra may ayında Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə Vyanada görüş keçirilmişdir. Düzdür, Ermənistan tərəfi görüşün keçirilməsi üçün bir neçə şərt irəli sürmüşdür. Bu şərtləri irəli sürərək özlərini bir daha gülünc vəziyyətə qoymuşdular. Çünki yaxşı bilirdilər ki, Azərbaycan heç bir şərtlə razılaşmayacaq. Danışıqlar prosesi bizə də, onlara da lazımdır. Aprel hadisələri bunu bir daha göstərib. Əgər danışıqlar prosesi pozularsa və Ermənistan yenə də öz təxribatçı fəaliyyətini davam etdirərsə, vəziyyət dəyişə bilər.

Beləliklə, may ayında keçirilmiş görüşə Azərbaycan heç bir şərt qəbul etmədən qatılıb və öz mövqeyini ifadə edib. May görüşündə Azərbaycan tərəfindən hər hansı bir sənəd, yaxud da ki, bəyanat nə imzalanıb, nə də qəbul edilib. Həmsədr ölkələr bəyanat qəbul ediblər, amma o bəyanat onların daxili işidir. İyun ayında Rusiya tərəfinin təşəbbüsü, Prezident Putinin dəvəti ilə Sankt-Peterburqda görüş keçirilmişdir. O görüş də çox müsbət keçmişdir və müəyyən ümidlər yaratmışdır. Məhz buna görə görüşün nəticəsində birgə bəyanat qəbul edilmişdir. Bu bəyanat mətbuatda dərc edilib. Hesab edirəm ki, Azərbaycan dövlətinin mövqeyi o bəyanatda kifayət qədər geniş yer alıbdır.

Dünən Fransa Prezidenti cənab Ollandla görüşüm olubdur. Fransa da həmsədr ölkə kimi münaqişənin həlli üçün çalışır. Biz əslində Minsk qrupunun fəallığını müşahidə edirik. Həm Amerika, həm Rusiya, indi də Fransa Prezidenti bu məsələ ilə çox ciddi məşğuldurlar. Danışıqlar indi fəal mərhələyə keçməlidir və Ermənistan konstruktiv mövqe nümayiş etdirməlidir. Yəni, artıq məsələnin mərhələli yollarla həlli bütün həmsədr dövlətlər tərəfindən, ATƏT tərəfindən qəbul edilir. Biz həmişə demişik və deyirik, bunun başqa yolu yoxdur. Məsələ mərhələli yolla həll edilməlidir. Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. İkinci erməni dövləti yaradıla bilməz. Dağlıq Qarabağa heç vaxt müstəqillik verilə bilməz. Bunu artıq beynəlxalq ictimaiyyət qəbul edir. Əvvəlki dövrlərdə biz başqa fikirlər eşidirdik. Əfsuslar olsun ki, əvvəlki dövrlərdə bəzi hallarda beynəlxalq hüquq, BMT-nin qətnamələri kənarda qalırdı və Dağlıq Qarabağın gələcəyi ilə bağlı həqiqətə, o cümlədən tarixi həqiqətə uyğun olmayan müxtəlif təkliflər irəli sürülürdü. Bütün bunlar artıq keçmişdə qaldı. Məsələnin mərhələli yollarla həlli yeganə mümkün variantdır. Əgər bu variant reallaşarsa, onda həm torpaqlarımız işğalçılardan azad ediləcək, eyni zamanda, Dağlıq Qarabağın erməni əhalisi və mütləq oraya qayıdacaq azərbaycanlılar sülh, təhlükəsizlik şəraitində yaşayacaqlar. Bunun başqa həlli yolu yoxdur.

Qeyd etməliyəm ki, son 3-4 ay ərzində danışıqlarda çox böyük fəallıq müşahidə edilir. Təbiidir, Ermənistan indi hər vəchlə çalışacaq ki, danışıqlar prosesinə yenə də zərbə vursun. Yenə də çalışacaq ki, vaxtı uzatsın. İstisna edilmir ki, təmas xəttində növbəti təxribata əl atmaqla danışıqları pozsun. Necə ki, 2014-cü ildə Parisdə Prezident Ollandın təşəbbüsü ilə keçirilmiş çox müsbət danışıqlardan sonra bir həftə keçməmiş Ağdam rayonunda onlar genişmiqyaslı hərbi təlimlər keçirmişdilər. Bu, sırf təxribat idi və bunu indi hamı bilir, beynəlxalq ictimaiyyət də bilir. Bunu bəyan etməsələr də bilirlər. Həmin təxribat zamanı mövqelərimizə qəsdən hücum çəkmişlər ki, biz o helikopteri vuraq və ondan sonra bizi təcavüzkarlıqda ittiham etsinlər, danışıqlar pozulsun və pozuldu da. 2015-ci il danışıqlar prosesi üçün itirilmiş il olmuşdur. Sadəcə olaraq, Minsk qrupu dekabr ayında görüntü naminə İsveçrədə formal görüş keçirmişdir. O görüşdən sonra görünür Ermənistan tərəfi görüb ki, bu proses fəallaşa bilər və aprel ayında növbəti təxribat törətmişdir. Ona görə məsələ ilə məşğul olan böyük dövlətlər bütün bu reallıqları bilməlidirlər. Əslində, bilirlər. Mən ikitərəfli formatda Azərbaycanın mövqeyini, real məsələnin bu tarixini və münaqişənin səbəblərini açıqlamışam. Ona görə hesab edirəm ki, indiki dövrdə yaxşı imkanlar yaranıb. Ümid edirəm ki, bu proses müsbət nəticələrə gətirib çıxaracaq”.


Müəllif: