Bu gün Yeni Azərbaycan Partiyasının qərargahında 22 iyul Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Azərbaycanda mətbuatın rolundan danışıb.
O qeyd edib ki, Azərbaycan mətbuatının digər ölkələrin mətbuatından fərqi ondan ibarətdir ki, ölkənin Dağlıq Qarabağ problemi, bir milyondan artıq qaçqın və məcburi köçkünü var və Azərbaycan mətbuatı bütün bu məsələlərin işıqlandırılmasında, dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynatır.
S.Novruzov bildirib ki, hər il mətbuatın bayramı ümumxalq bayramıdır. O bildirib ki, hər kəs ilk olaraq məlumatı mətbuat vasitəsi ilə alır.
S.Novruzov vurğulayıb ki, Azərbaycanda dövlət mətbuata kifayət qədər dəstək göstərir: "Ümumilli lider Heydər Əliyev yenidən Azərbaycanda hakimiyyətə gəldikdən sonra mətbuatın dünya miqyasında bir nümunəsini göstərdi və bu gün də bu ənənə davam edir. Bu yaxınlarda Türkiyə hərbi çevrilişə cəhd ilə əlaqədar mətbuatın rolunu gördük. Polisin, xalqın nə qədər gücü varsa, mətbuatın ikiqat gücü var".
S.Novruzov bildirib ki, 90-cı illərdə Azərbaycanda dövlət çevrilişinə cəhd olunanda ümumilli lider Heydər Əliyev mətbuat vasitəsilə xalqa müraciət etdi və beləliklə çevrilişə cəhdin qarşısı alındı: "Bu gün Türkiyədə də bu metoddan istifadə. Belə məsələlərdə mətbuatın rolu əvəzolunmazdır".
S.Novruzov əlavə edib ki, dövür inkişaf edir və mətbuat da zaman keçdikcə təkmilləşir: "Azərbaycanda keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyası mətbuata kifayət qədər arxalanıb. Bu il də ölkəmizdə referendum müəyyənləşib və ona görə də bu il Azərbaycan mətbuatı üçün çox aktual olacaq".
Sonda YAP adından bir sıra jurnalistlər mükafatlandırılıb. (“Trend”)