22 İyul 2016 12:09
1 522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, qurumun Azərbaycan-Yaponiya Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Yaponiyanın bir sıra qadın təşkilatları, tanınmış QHT və KİV rəhbərləri ilə görüşdə Azərbaycanla bağlı geniş məlumatlar verib, ölkəmizin tarixi, keçdiyi yol, əldə etdiyi uğurlar, iqtisadi və turizm potensialı barədə danşıb.

Teleqraf.com-un məlumatına görə, millət vəkili bildirib ki, Azərbaycanla Yaponiya arasında kifayət qədər uzunmüddətli diplomatik münasibətlər mövcuddur və toplumlarımızın qarşılıqlı olaraq bir-birilərini daha da yaxşı tanıması, əməkdaşlığın daha da genişlənməsi çox vacibdir və bu istiqamətdə QHT və KİV-lərin, qadın təşkilatlarının da üzərinə böyük bir missiya düşür.

Q.Paşayeva görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün, Xocalı soyqırımı ilə də bağlı geniş məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq dünyada beynəlxalq hüquq və ədalətin yanında olan ölkə və xalqlar Ermənistanın işğalçılıq siyasətinə öz etiraz səslərini daha da yüksəltməlidir.

Yaponiyanın tanınmış qadın təşkilatları, QHT və KİV rəhbərləri Azərbaycana gəlmək istədiklərini bildiriblər və ölkənizi yaxından tanımaqdan məmnun olacaqlarını və Azərbaycan QHT və KİV-ləri, qadın təşkilatları ilə əlaqələrin və əməkdaşlığın genişlənməsindən məmnuniyyət duyacaqlarını deyiblər.

Millət vəkili Yaponiyanın KİV nümayəndələrinə Azərbaycan-Yaponiya münasibətləri, Azərbaycanın iqtisadi, turizm potensialı, Qarabağ problemi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı geniş müsahibələr də verib. 2017-ci ildə Ümumdünya Qadın Sammitinin Yaponiyada keçiriləcəyini deyən sammit təşkilat komitəsinin sədri millət vəkili Q.Paşayevanı sammitə dəvət edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər