Milli Məclisin deputatı Qənirə Paşayeva Sudanın sərmayələr naziri Üsamə Feysəl Əl-Sayed, Uqandanın nazirləri Musumba İsaak, Namuganza Persis və millət vəkili Anita Amonq Annetlə görüş zamanı Azərbaycanın Sudan və Uqanda ilə dostluğun inkişafına önəm verdiyini deyib.
Teleqraf.com-un məlumatına görə, müzakirələr zamanı millət vəkili onlara Azərbaycanla, onun iqtisadi inkişafı və Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verib. Q.Paşayeva Sudan və Uqanda nazirləri və millət vəkillərinə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi barədə ətraflı məlumatlar verib.
Məcburi köçkünlərin fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə söhbət açan Q.Paşayeva “Dünyanın harasında yaşamasından asılı olmayaraq ədalətin yanında olan hər kəs Ermənistanın törətdiyi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdır” deyib.
Millət vəkili həmsöhbətlərinə Azərbaycan həqiqətlərinə, tarix və mədəniyyətinə, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən materialları, “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da təqdim edib.
Onlar da öz növbələrində ölkələrinin Azərbaycanla dostluğun inkişafında maraqlı olduğunu və buna böyük önəm verdiklərini deyərək əməkdaşlığın daha da genişlənməsinin önəmini vurğulayıblar, bu istiqamətdə geniş fikir mübadiləsi aparıblar.
Millət vəkili Q.Paşayeva Sudan və Uqandanın bir sıra mətbuat və media qurumlarına geniş müsahibələr verib.
Səxavət