30 İyul 2016 12:48
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda vəziyyət getdikcə gərginləşir. Polislə müxtəlif şəhərlərdə nümayişlərə çıxanlar arasında toqquşmaların sayı artır. Ermənistan prezidenti Serj Sərkisyan çətin seçim qarşısındadır. O, bir tərəfdən polis məntəqəsini ələ keçirən silahlı qrupu neytrallaşdırmaq məcburiyyətindədir, digər tərəfdən qan töküləcəyini də bildiyindən hakimiyyətin cəmiyyətin bir hissəsi ilə qarşıdurmasının qaçılmaz olduğunu anlayır.

Ermənistanda hazırki hadisələr ona görə baş verir ki, birincisi, cəmiyyət indiki hakimiyyəti seçki yolu ilə uzaqlaşdırmanın çətin olduğunu anlayır. Ona görə də cəmiyyətin bir hissəsi nümayişlərə və küçə yürüşlərinə üstünlük verir. Sərkisyan əlindən gələn hər şeyi edəcək ki, gələcək hakimiyyət onun və ya varisinin nəzarətində qalsın, ikincisi, Ermənistan cəmiyyəti Dağlıq Qarabağdakı aprel uğursuzluğununun səbəbini məhz korrupsiya ilə əlaqələndirir. Yəni ordu o qədər korrupsiyalaşıb ki, hakimiyyət cəbhə bölgəsindəki hərbçilərini qorumaq iqtidarında deyil. Səfalət fonunda erməni generalların İrəvan ətrafındakı bahalı villaları cəmiyyəti narazı salır. Ona görə də belə vəziyyətdə cəmiyyətin radikal hissəsi silaha əl atır.

Sərkisyan silahlı müxalifətin iyulun 17-də ələ keçirdiyi polis məntəqəsini azad etsə belə, bu, Ermənistan hakimiyyətinin silahlı müxalifətlə növbəti qarşıdurmasını əngəlləməyəcək. Ermənistan yeganə ölkədir ki, 1999-cu ildə silahlılar rahat şəkildə parlamentə daxil olaraq ölkə rəhbərliyindəki əsas simaları qətlə yetirdilər.
Ermənistan tarixində terror təcrübəsi olan təşkilatlar az deyil. Əvvəllər bu terrorçu təşkilatlar türkləri hədəf alırdılar, Qarabağda qətllər törədirdilər. İndi isə həmin terrorçu təşkilatlar silahları bir-birlərinə qarşı istifadə edirlər və bu da Ermənistanda qətllərin sayının artmasına gətirib çıxaracaq. Bu proses hələ uzun müddət davam edəcək.

Azərbaycan Ermənistandakı proseslərinə gedişatına mane olmamalıdır. Əksinə, Ermənistandaxili qüvvələrin bir-birlərini zəiflətməsi Azərbaycanın xeyrinədir. Çünki zəifləmiş Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştə məcbur qala bilər.

Buna baxmayaraq, Serj Sərkisyanın diqqəti yayındırmaq üçün növbəti dəfə cəbhə bölgəsində təxribat yaradacağı da istisna deyil. Onun bu təxribatda məqsədi Ermənistandakı bütün siyasi qüvvələrin diqqətini Azərbaycana qarşı yönəltmək ola bilər. Ancaq Azərbaycan ordusu apreldə olduğu kimi Ermənistana cavab atəşi ilə daha böyük zərər verəcək. Bu isə Sərkisyanın hakimiyyətini daha da zəiflədəcək. Vaxtilə Azərbaycanda da eyni proseslər baş verib. İndi növbə Ermənistanındır.

Rusiya Sərkisyanı müdafiə edir. Çünki erməni cəmiyyətində belə fikirlər var ki, Rusiya Ermənistanın maraqlarını satıb. Moskvaya elə gəlir ki, Sərkisyanı əvəzləyəcək qüvvə Rusiyadan uzaqlaşacaq, hətta indinin özündə də rusiyalı siyasətçilərin bəziləri İrəvanda polis məntəqəsinin ələ keçirilməsində Amerikanın izini axtarırlar. İrəvan ətrafındakı polis bölməsinin sistemdən kənar müxalifət tərəfindən ələ keçirilməsində və polislə toqquşmaların təşəbbüskarı Amerika olmasa belə, Vaşinqton Ermənistanın Rusiyanın nəzarətindən çıxmasında maraqlıdır.

1993-cü ildə Azərbaycanda qiyam baş verdi. Surət Hüseynov qoşun birliklərini Qarabağdan çıxararaq hakimiyyətə qarşı qiyam planını həyata keçirmək istədi. Surət Hüseynov prezident Əbülfəz Elçibəyi devirmək üçün Rusiya ilə razılaşmışdı. Ermənistan hakimiyyəti Azərbaycandakı bu qiyamdan öz məqsədləri üçün istifadə etdi. Bakıda hakimiyyət uğrunda mübarizə gedərkən Ermənistan ordusu Azərbaycan torpaqlarının işğalını genişləndirdi. İndi eyni situasiya Ermənistanda yaranıb.

Serj Sərkisyan keçmiş prezident Levon Ter-Petrosyandan fərqli olaraq hakimiyyətdən asanlıqla ayrılmayacaq. Levon Ter-Petrosyan faktiki modern çevrilişə məruz qaldı. Çevrilişi həyata keçirən iki əsas fiqur var idi, biri o zamankı baş nazir Robert Köçəryan, digəri isə indiki prezident, keçmiş daxili işlər və milli təhlükəsizlik naziri Serj Sərkisyan idi. Hər ikisi Levon Ter-Petrosyanın hakimiyyəti tərk etməsi əvəzinə ona toxunulmazlıq status vəd etdilər. Levon Ter-Petrosyandan fərqli olaraq Serj Sərkisyana heç kim hakimiyyətdən gedəcəyi qarşılığında ona toxunulmazlıq statusu verməyəcək. Sərkisyan bunu bildiyindən hakimiyyətdə ya sona qədər dirənməyə çalışacaq, ya da vəziyyətin çıxılmaz olduğunu anladıqda üçüncü ölkələrdən birinə qaçacaq.

Serj Sərkisyanın yerinə hakimiyyətə iki qüvvə gələ bilər. Birinci qüvvə bu gün polis bölməsini nəzarət altında saxlayan sistemdənkənar silahlı müxalifətdir. Bunlar Sərkisyan qədər qəddardırlar və torpaqlarımızın işğalında və qətliamlarda Sərkisyan qədər günahkardırlar. Ona görə də belələrinin hakimiyyətə gəlişi halında onlardan Qarabağ danışıqlarında geri addım atacağını gözləmək yersizdir. İkinci qüvvə Qarabağ klanına aid olmayan Ermənistanın parlament müxalifətindən formalaşanlar ola bilər. Bu qüvvələrlə təmas qurmaq mümkündür. Onlar hər halda münaqişənin davamının Ermənistan üçün necə böyük yük olduğunu anlamamış deyillər.

Hələliksə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti Paris görüşündən real nəticə gözləmək problematikdir. Çünki birincisi, Ermənistan hakimiyyəti əvvəlkitək Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına razı deyil, ikincisi, böyük dövlətlər bu məqsədlə İrəvana təsir və təzyiq etmirlər.

Serj Sərkisyanın Ermənistanda mövqeləri getdikcə zəifləyəcək. Ermənistan faktiki vətəndaş müharibəsi astanasındadır. Belə vəziyyətdə o ancaq hakimiyyətini və ailəsini qorumaq haqqında düşünür, Dağlıq Qarabağ onun üçün arxa plana keçib. Ona görə də Sərkisyanın danışıqlarda geri addım atacağını gözləmək mümkün deyil.

“Atlas” Araşdırmalar Mərkəzi


Müəllif:

Oxşar xəbərlər