25 İyun 2014 12:53
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) rəsmi saytı bərpa olunsa da, şəkil arxivi silinib”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında VHP İcra Aparatının rəhbəri Samir Əsədli partiyaya olan haker hücumlarından sonrakı vəziyyəti dəyərləndirərəkən deyib.

Onun sözlərinə görə, “Vətəndaş həmrəyliyi” qəzetinin elektron versiyası texniklər tərəfindən düzəldilsə də, hələ aktivləşməyib: “Yəqin ki, gələn həftədən etibarən sayt tam fəaliyyətə başlayacaq. Sayta virus yerləşdirmişdilər, kimsə sayta daxil olanda loqin və parol istənilirdi, bununla da həmin adamın Facebook sosial şəbəkəsindəki profilinin ələ keçirilməsinə cəhd göstərilirdi. Hücumun haradan və kim tərəfindən gəldiyini tam müəyyənləşdirə bilmədik. Ancaq bunlar böyük virus idi”.

S.Əsədli əlavə etdi ki, hazırda texniklər partiyanın rəsmi saytının şəkil bazasının geri qaytarılması üzərində çalışır: “Vhp.az saytının fəaliyyətini təmin etmişik, sadəcə bazanın bərpasına çalışırıq. İndi şəkillər əlavə edirik ki, boşluq doldurulsun”.

Partiya rəsmisi söyləyib ki, hüquq-mühafizə orqanlarına müraciət etməyi düşünmürlər: “Heç kimə müraciət etmədik. Çünki bir çox xəbər saytlarına haker hücumu olanda bununla bağlı hüquq-mühafizə orqanlarına edilən müraciətlərin heç bir nəticə olmayıb. Elə biz də nəticəsi olmayacağına görə müraciət etmədik”.

Qeyd edək ki, iyunun 16-da Vhpress.az və vhp.az saytlarına olan haker hücumu nəticəsində hər iki saytın fəaliyyəti iflic vəziyyətinə düşmüşdü.

Nərgiz


Müəllif: