“Ermənistanda siyasi və sosial-iqtisadi böhran daha da dərinləşməkdədir. İşğalçı ölkənin hakimiyyəti isə heç bir halda böhrandan çıxış yolu tapa bilmir”.
Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, Ermənistanda iqtisadiyyatın sürətli tənəzzülü, dövlət qurumlarının öz funksiyasını icra edə bilməməsi, xüsusilə də, hakimiyyətlə xalq arasındakı problemlər böhranı daha da dərinləşdirir. Onun fikrincə, bu ölkənin məhz belə bir acınacaqlı duruma düşməsi ilk növbədə onun işğalçılıq siyasəti ilə bağlıdır.
Millət vəkili qeyd edib ki, Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlaması nəinki Ermənistan hakimiyyətinə ciddi dividend gətirmir, əksinə vəziyyətini daha da ağırlaşdırıb: “Çünki məhz təcavüzkar mövqe bu dövləti dünyada etibarlı tərəfdaş olmadığını təsdiqləyib.
Bu səbəbdən xarici biznes qurumları, şirkətlər, iş adamları Ermənistana investisiya qoymağa maraqlı deyil. Təbii ki, bütün bu proseslər Ermənistanın daxili vəziyyətinin daha da gərginləşdiyini göstərir. Daha doğrusu, Sarkisyan başda olmaqla hazırki prezident komandası proseslərin inkişafını nəzarətdə saxlaya bilmir. Konkret olaraq canişin vəzifəsinə təyinat alaraq xalqının iradəsindən kənar hakimiyyəti qəsb etmiş Sarkisyan komandası bu gün problemlərin qarşısında aciz qalıb. Heç cür normal idarəetmə sistemi qura bilməyən Ermənistan hakimiyyətində xaos açıq şəkildə özünü göstərir”.
Cavad