“Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında mühüm rola malik bir qüvvədir. Gənclərə verilən dəstək həm də ölkənin güclü və firavan gələcəyinə edilən yatırımdır. Təsadüfi deyil ki, bu gün həyata keçirilən dövlət siyasətinin önəmli tərkib hissəsini məhz gənclər siyasəti təşkil edir. Ümumiyyətlə, Azərbaycanda gənclər dövlətin diqqət və qayğısını hər zaman öz üzərlərində hiss ediblər”.
Teleqraf.com-un məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.
S.Orucov bildirib ki, gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Onun sözlərinə görə, bu gün də Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir.
S.Orucov qeyd edib ki, Yeni Azərbaycan Partiyası da gəncliyin inkişafına xüsusi diqqət yetirir: “Həyata keçirilən bir çox layihələr, gənclərin tədbirlərinə dəstək verilməsi, onlar üçün geniş imkanların yaradılması buna əyani sübutdur. Biz, ölkə gənclərinin mütləq intellektual potensialını ətrafına toplayan YAP Gənclər Birliyi olaraq, hər zaman ölkə Prezidentinin daxili və xarici siyasətini birmənalı olaraq dəstəkləyirik. Gənclərimiz bu partiyanın üzvü olmaqdan qürur duyurlar. Partiyada gənclərimizin sayı 40 faiz civarındadır. Bu, böyük potensiala malik olan gənclər ordusudur”.
YAP Gənclər Birliyinin sədri hesab edir ki, bütövlükdə gəncliyimiz Azərbaycanı beynəlxalq müstəvidə də layiqincə təmsil edir. Onun sözlərinə görə, gənclərin beynəlxalq miqyasda qazandığı uğurlar ölkəmizin adını ucaldır: “Bütün bunların fonunda Azərbaycan gəncliyi hər il 12 avqust Beynəlxalq Gənclər Gününü böyük ruh yüksəkliyi ilə qeyd edir”.
Səxavət