13 Avqust 2016 12:17
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhərində Azərbaycan, Rusiya və İranın dövlət başçılarının görüşü böyük əhəmiyyət kəsb edir. Bu hadisə ilk növbədə Azərbaycanın və onun dövlət başçısının nüfuzunun göstəricisidir”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri AMEA-nın Tarix İnstitutunun direktoru, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, regionun üç dövləti arasında yeni formatda əlaqələr qurulması çox önəmlidir. Onun sözlərinə görə, Azərbaycan, Rusiya və İran arasında münasibətlərin gücləndirilməsi bütövlükdə regionun inkişafına böyük töhfələr verəcək.

Deputat qeyd edib ki, dövlətlər arasında reallaşdırılan layihələr, o cümlədən “Şimal-Cənub dəhlizi” layihəsi qlobal önəm kəsb edir: “Təbii ki, bu layihələr iqtisadi baxımdan Azərbaycana böyük dividendlər gətirəcək. Artıq “Şərq-Qərb” dəhlizi ölkəmizdən keçir. “Şimal-Cənub” dəhlizi layihəsi reallaşandan sonra isə inkişafımız daha da sürətlənəcək. Bilirsiniz ki, Rusiya böyük dövlət olaraq tarixən Hindistana çıxış yolları axtarıb. Əgər Dərbənddən Hörmüzə gedən dəmiryolu açılarsa, bu baxımdan Rusiya üçün geniş imkanlar açılacaq. Çünki bu, Hind okeanı sahillərinə ən qısa və sərfəli yoldur. Bu dəhlizdən Şərqi Avropa və Mərkəzi Asiya ölkələri də istifadə edəcək ki, bu dövlətlərarası münasibətlərə müsbət təsir göstərəcək”.

Y.Mahmudovun fikrincə, Türkiyənin bu formata qoşulması da bu birliyə əlavə güc qatacaq: “Belə bir əməkdaşlıq formatı regionumuzdan uzaq nöqtələrdə oturub dünyanı qarışdıran qüvvələrə də tutarlı cavabdır. Regional birliklər belə qüvvələrə qarşı öz sözlərini deməlidirlər. Bu regionda baş verən proseslərlə bağlı isə Azərbaycan, Türkiyə, Rusiya və İran həlledici rol oynaya bilər. Bu formatın başlanğıcını Azərbaycan qoydu. Formata gələcəkdə Türkiyənin də qoşulması yaxşı olardı. İnanıram ki, belə də olacaq. Çünki Azərbaycan dövlətinin müdrik siyasi xətti olan yerdə Türkiyə həmişə var. Türkiyə də birliyə qoşulandan sonra həmin dövlətlər bilavasitə bu regionda sabitləşdirici rol oynaya bilərlər. Şübhə etmirəm ki, Türkiyə də həmin formata qoşulandan sonra bu regionun böyük gələcəyi var. Bu amil bölgədə siyasi münasibətlərə və münaqişələrin həllinə müsbət təsir göstərəcək. Azərbaycan bu prosesdə öncül olduğunu göstərdi və Bakıda üç dövlətin əli birləşdi”.

CAVAD


Müəllif:

Oxşar xəbərlər