16 Avqust 2016 12:25
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın, İranın və Rusiyanın iştirakı ilə yaranan yeni əməkdaşlıq formatı qonşu və tərəfdaş ölkələr arasında iqtisadi, siyasi münasibətlərin daha yüksək səviyyəyə qalxması üçün geniş perspektivlər açır”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, qarşılıqlı əlaqələri inkişaf etdirməklə qonşu coğrafiyalarda gedən mənfi proseslərin təsirini önləmək, bölgədə dayanıqlı sabitliyi təmin etmək mümkündür. Onun sözlərinə görə, lakin Ermənistanın təcavüzkarlıq siyasətini davam etdirməsi regionda təhlükəsizliyə, sabitliyə ciddi təhdiddir: “Regiondakı həll olunmamış münaqişələrin regional əməkdaşlığa əsas maneə olduğu Azərbaycan, İran və Rusiya prezidentlərinin bəyannaməsində də xüsusi vurğulanıb.

Sənəddə həll olunmamış münaqişələrin tezliklə beynəlxalq hüququn prinsip və normaları və bu çərçivələrdə qəbul edilmiş qərar və sənədlər əsasında danışıqlar vasitəsilə sülh yolu ilə həll olunmasının vacibliyi nəzərə çatdırılıb. Münaqişənin həlli ilə bağlı Azərbaycanın prinsipial mövqedən çıxış etməsi bir sıra obyektiv amillərlə şərtlənir. Təbii ki, burada Azərbaycanın güclü dövlətə çevrilməsi amili mühüm rol oynayır. Eyni zamanda, qonşu dövlətlər də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə hörmətlə yanaşır.

Bakıda keçirilən görüşlərdə də həm İran İslam Respublikasının, həm də Rusiya Federasiyasının prezidentləri Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyən fikirlər ifadə ediblər. Elə yuxarıda bəhs olunan birgə bəyannamədə vurğulanan “Həll olunmamış münaqişələr regional əməkdaşlığa əsas maneədir” fikri də qonşu dövlətlərin işğalçı Ermənistana ciddi mesajıdır. Bundan başqa, bəyannamədə tərəflərin terrorçuluğu bütün forma və təzahürlərində qəti şəkildə pislədikləri də ifadə olunub”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər