Avqustun 14-də Müsavat Partiyasının Yasamal rayon təşkilatının sədri Mahir İsmayılov istefa verib. Müsavatçı istefasının konkret səbəbləri haqda informasiya verməyib.
Teleqraf.com xəbər verir ki, istefanın səbəbləri haqda ADR Hərəkatının üzvü İsmayıl Kəsəmənli sosial şəbəkələrdə status yazıb.
Keçmiş partiya üzvü olan Kəsəmənlinin statusunu təqdim edirik: “Müsavatın rayon təşkilatının sədr müavini partiyadan istefa verib. O, istefasını Müsavat Partiyasının hazırki başqanı Arif Hacılının yürütdüyü siyasətlə əlaqələndirib. Bildirib ki, Müsavat Partiyasının 8-ci qurultayına qədər aktiv siyasi fəaliyyətlə məşğul olub, partiyanın bütün tapşırıqlarını yerinə yetirib.
Partiyanın yeni seçilmiş başqanı Arif Hacılının ətrafına bir qrup siyasətdən bixəbər adamları cəmləməsi, kifayət qədər tanınmış və siyasi çəkisi olan insanları partiyadan uzaqlaşdıraraq dərnək səviyyəli bir təşkilat formalaşdırması partiyanın gələcəyi ilə bağlı bütün ümidləri alt-üst edib. Artıq bu cür siyasi oyunbazların yanında qalmaq onların dəyirmanına su tökmək anlamına gəldiyi üçün partiya sıralarından istefa verib. Bundan sonrakı siyasətimi isə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sıralarında davam etdirəcək”.
Cavidan