17 Avqust 2016 17:05
1 449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Suriyada antiterror əməliyyatları aparmaq üçün İncirlik aviabazasını Rusiyanın sərəncamına verə bilər.

TASS xəbər verir ki, bu barədə Rusiyadakı mənbələr məlumat verib. Qeyd olunur ki, məsələ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya səfəri zamanı da müzakirə edilib.

Bəs, Türkiyənin belə bir səlahiyyəti varmı? Bu amil Türkiyə-ABŞ münasibətlərinin daha da gərginləşməsinə səbəb olmayacaqmı?

Bu suallarla müraciət etdiyimiz politoloq Qabil Hüseynli İncirlik bazası ilə bağlı məsələyə ciddi yanaşmaq lazım olduğunu bildirib. O qeyd edib ki, Rusiya Suriya ilə bağlı yeni bir avantüra hazırlayır və bu avantüraya bir neçə dövləti qoşmaq istəyir: “Rusiya faktiki olaraq bu avantüranın mərkəzinə Qərbə göz dağı vermək məqsədilə Türkiyəni cəlb etmək niyyətindədir. Fikir verin, Həmədanda Rusiyanın bir neçə qırıcı-bombardmançı təyyarəsi yerləşdirilib. Hədəf kimi seçilən yer Suriyanın Hələb şəhəri və onun ətrafındakı ərazilərdir. Hələb şəhəri və onun ətrafında yaşayan insanlar isə türkmanlardır.

Böyük şairlərimiz Füzulinin və Nəsiminin qəbirləri Hələb şəhərindədir. Onun ətrafında yaşayanlar türkmanlar deyil, azərbaycanlılardır. Azərbaycan elindən vaxtilə köç etmiş Boyat türkləridir. İndi Bəşər Əsədin razılaşması ilə Rusiya İran və guya İraqdan da razılıq almaqla Suriyanın bu ərazilərini bombalamaq istəyir”.

Bəs, Rusiya Qərbə necə göz dağı vermək istəyir?

Q.Hüseynli deyir ki, Həmədandan və Xmeymim hərbi hava bazasından qırıcı təyyarələr qalxır, Xəzərdən Rusiyanın raket kreyserləri Hələb şəhəri və onun ətrafına – əsasən Hələb şəhərinə yeni istehsal olunmuş və həm də sınaq məqsədi güdən raketlər buraxır: “İndi Rusiya hətta Türkiyəni də yoldan çıxarıb İncirlik hava bazasından da rus qırıcılarının qalxmasını təmin etmək istəyir. Guya buna az qala razılıq əldə edilib. Bu çox təhlükəli bir oyundur. Əvvəla, İncirlik hərbi bazası icarədir.

Bu, NATO-nun, ilk növbədə ABŞ-ın sərəncamında olan hərbi bazadır. Daim kosmosdan müşahidə edilir. Çox güclü qorunur. O ərazi üzərində Türkiyənin suverenliyi olsa da, Amerika ora hər il külli miqdarda pul xərcləyir. Yəni, ABŞ Türkiyə büdəcəsinə pul köçürür. Zənnimcə, ABŞ İncirlik hərbi hava bazasına Rusiya təyyarələrini buraxmayacaq. Bu isə, hərbi toqquşmalara da gətirib çıxara bilər. Bu məsələdə, yəni İncirlik hərbi hava bazasından Hələbin bombardman edilməsini təmin etmək üçün mütləq Amerikanın razılığı olmalıdır. Rusiyanın bunu əldə edib-etmədiyini bilmirəm. Amma Türkiyə ilə bu barədə danışıqlar aparıb. Bu danışıqlar Rusiyaya həmin bazadan istifadə üçün tam hüquq vermir. Nəticədə vəziyyət o qədər kəskinləşə bilər ki, bu, Amerikanı İncirliyə enən təyyyarələrə atəş açmaq məcburiyyətində qoya bilər. Bu da “yeni dünya müharibəsinə bir addım qalıbdır” anlamına gəlir”.

Q.Hüseynli qeyd edib ki, bu, məsələnin bir tərəfidir: “Əsas məsələ isə ondan ibarətdir ki, indiyədək türkmanlara nə İraqda, nə Suriyada yardım edən Türkiyə hökuməti indi ruslara imkan verir ki, türkmanların-azərbaycanlıların yaşadığı Hələb şəhərini yer üzündən silsinlər. Onun ətrafında və Hələbin özündə yaşayan azərbaycanlıları, eləcə də Susiya Azadlıq Ordusunun, yəni Bəşər Əsədin əleyhdarları olan qüvvələrin hamısını qırıb sıradan çıxarsınlar. Onsuz da dağılmış ölkənin 4-5 nöqtədən bombardman edilməsi onun tamamilə yerlə bir edilməsinə gətirib çıxaracaq ki, mən bu işə “hə” deyən siyasi xadimlərin müasir sivilizasiyaya aid olmasına çətinliklə inanıram. Məsələ gərginləşmək üzrədir”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər