“Mən Daşqın Ağalarlının bəhs etdiyi məktub və özünün Gülən camaatı ilə bağlı müzakirələrdə iştirakı haqqında bir söz deyə bilmərəm. Ancaq mən 1992-ci ilin iyul ayından Əbülfəz Elçibəyin köməkçisi təyin olunmuşam. O, zamandan həyatının son gününə qədər Elçibəyin yanında olmuşam. Bu müddətdə Əbülfəz Elçibəyin Fətullah Gülənlə telefon danışığı, rəsmi məktublaşma hadisəsi olmayıb. Kimlərinsə vasitəsilə xəbər, salam çatdırmaq, bəlkə də, mümkündür. Amma 1992-ci ilin iyulundan sonra sənədlər və məktublarla bağlı məsələlər mənim nəzarətimdə olub. Bu müddətdə Gülənlə Elçibəy arasında telefon danışığı və məktublaşma olmayıb”.
Bu fikirləri Teleqraf.com-a mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov deyib.
Xatırladaq ki, bir neçə gün əvvəl vaxtilə AXC-də şöbə müdiri işləyən Daşqın Ağalarlı bəyan edib ki, Fətullah Gülənin məktubunu özü şəxsən prezident Elçibəyə gətirib.
Oqtay Qasımov isə xatırladır ki, 1992-ci ildə Fətullah Gülən Türkiyədə indiki imicə malik olmayıb: “Əksinə, ona son dövrlərə qədər fərqli münasibət var idi. İyulda Gülən tərəfdarları Türkiyədə çevriliş cəhdi etdi və bundan sonra Gülənlə bağlı radikal dəyişiklik oldu. O dövrdə Gülən Azərbaycana gələ, rəsmilərlə görüşə, maraqlarının təmin edilməsi ilə bağlı kimlərəsə müraciət edə bilərdi. Lakin onun prezident Elçibəylə birbaşa təması - məktub, telefon danışığı və digər vasitələrlə olmayıb”.
Prezident köməkçisi deyir ki, Daşqın Ağalarlı AXC-də şöbə müdiri olub: “Ola bilsin ki, o, 1991-ci ilə qədər olan dövrlə bağlı danışır. Mən bu barədə bir söz deyə bilmərəm, çünki həmin dövrlə bağlı məlumatım yoxdur”.
Oqtay Qasımov deyir ki, Əbülfəz Elçibəyin 8 il müddətdə çox köməkçisi olub: “Bir daha qeyd edirəm ki, həmin dövrdə Gülən camaatı Türkiyədə indiki qədər gücə, nüfuza sahib olmayıb. 1992-2000-ci illərdə Gülən tərəfdarları indiki qədər dövlət qurumlarına yerləşmiş deyildilər. Onlar bu gün ciddi qüvvə hesab olunurlar. 1990-2000-ci illərdə təhlükəsizlik və ordu sistemində Gülən tərəfdarı sayılacaq, camaata yaxın şəxslər və digər təriqətlərə bağlı şəxslər təmizlənirdi. Ancaq 2003-cü ildən sonra Gülən camaatına münasibət dəyişdi, loyallaşdı və bu şəbəkənin imkanları genişləndi. Beləcə, onlar gücə çevrildi. Elçibəyin 1992-2000-ci illərdə Gülən camaatı ilə heç bir əlaqəsi və təması olmayıb. Gülənə bağlı şirkətlər və məktəblər isə Azərbaycanda 1993-cü ildən sonra yerləşib”.
NEMƏT