“Konstitusiyada dəyişikliklər edilməsi haqqında Referendum Aktının layihəsi ilə bağlı Meydan TV internet səhifəsində təklif edilən dəyişikliklərin hissə-hissə izahının verilməsi ilə bağlı təşəbbüsü gördüm. Təəssüf ki, izahı verilən 4 maddənin (24, 25, 29, 32) hər biri üzrə şərhlər birtərəfli təqdim edilir və yeniliklərin mahiyyəti təhrif edilir. Həmin 4 maddə üzrə fikirləri paylaşıram. Ümid edirəm bununla oxucular həmin maddələrin alternativ şərhi ilə tanış olacaqlar”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov bildirib.
Həmin maddələr üzrə millət vəkilinin şərhini təqdim edirik.
24-cü maddə
İnsan ləyaqəti ilə bağlı 24-cü maddəyə aşağıdakı dəyişikliklər təklif edilir.
I və II hissələr, müvafiq olaraq, II və III hissələr hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda I hissə əlavə edilsin:
“I. İnsan ləyaqəti qorunur və ona hörmət edilir.”;
III hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Hüquqlardan sui-istifadəyə yol verilmir.”.
Bununla bağlı qeyd edilməlidir ki,
İnsan ləyaqəti ikinci dünya müharibəsindən sonra, BMT Nizamnaməsi və Ümumdünya İnsan Hüquqları Bəyannaməsində əks olunduqdan sonra əksər dövlətlərin konstitusiyalarında təsbit olunmağa başlanılmışdır.
Ümumiyyətlə, dünya konstitusiya hüququ praktikasında qəbul olunmuşdur ki, insan ləyaqətinin qorunması fundamental prinsip kimi təsbit olunduqda ümumi konstitusion dəyər, ayrı- ayrı maddələrdə əks olunduqda isə daha çox operativ funksiya daşıyır.
Doğrudur, Konstitusiyamızda şərəf və ləyaqətin müdafiəsi hüququ 46-cı maddədə təsbit olunmuşdur. Ancaq, 24-cü maddəyə insan ləyaqəti ilə bağlı yeni müddəaların daxil edilməsi çox əhəmiyyətlidir.
Məsələ ondadır ki, 46-cı maddədən başqa insan ləyaqətinin qorunması ilə bağlı müddəalar konstitusiyada 3 fərqli maddədə 13-cü maddə (Mülkiyyət), 18-ci maddə (Din və dövlət) və 106-cı maddə də (Azərbaycan Respublilkası Prezidentinin toxunulmazlığı) öz əksini tapır. 24-cü maddə də isə İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi müəyyən edilir. Bu baxımdan insan ləyaqətinin qorunmasının maddəyə əlavə olunması onun rəhbər prinsip kimi qəbul edilməsi deməkdir.
İnsan ləyaqətinin qorunmasının və ona hörmət edilməsinin prinsip kimi təsbit olunmasının mahiyyəti ondan ibarətdir ki, bu müddəa bütün əsas insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması zamanı fərdlər və dövlət hakimiyyəti arasında yaranan bütün münasibətlərdə rəhbər başlanğıc kimi müəyyən edilir. Beləliklə, o yalnız 46-cı maddədə əks olunan ayrıca bir hüquq kimi deyil, bütün hüquq və azadlıqların təmin edilməsinə nüfuz edən prinsip kimi müəyyən olunur.
BMT-yə daxil olan dövlətlər sırasından, 50-si insan ləyaqətinin qorunmasını prinsip kimi konstitusiyasına daxil etmişdir.
Hüquqlardan sui-istifadəyə yol verilməməsi prinsipi Avropa hüquq sistemində geniş tətbiqini tapmışdır. Müasir Avropada hüquq sistemlərində bu prinsiplə bağlı istinad edilən ən mötəbər mənbə Avropa İnsan Hüquqları Konvensiyasının 17-ci maddəsi (Hüquqlardan sui-istifadənin qadağan olunması) hesab olunur.
Konvensiyanın 17-ci maddəsi demokratiyanın və hüququn aliliyinin möhkəmlənməsinə xidmət edən əsas maddələrindən biridir.
Bu maddə, Konvensiyanın ruhuna zidd olaraq, burada təsbit olunmuş hər-hansı hüquqdan sui-istifadə edilməsini istisna edir. Beləliklə, hüquqlardan sui-istifadəni istisna edən bu müddəa hüquqların həyata keçirilməsinin məhdudlaşdırımasına yox, tam əksinə, təsbit edilmiş hüquqların tam təmin olunmasına xidmət edir.
25-ci maddə
Bərabərlik hüquqi ilə bağlı 25-cü maddəyə aşağıdakı dəyişikliklər təklif edilir.
III hissənin birinci cümləsində “milliyyətindən” sözü “etnik mənsubiyyətindən” sözləri ilə, ikinci cümləsində “milli” sözü “etnik” sözü ilə əvəz edilsin;
aşağıdakı məzmunda VI hissə əlavə edilsin:
“VI. Fiziki və əqli qüsurları olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.”.
Bununla bağlı qeyd edilməlidir ki,
Təqdim edilmiş izahın birinci hissəsi ilə əsasən razılaşmaq olar, çünki milli mənsubiyyət hər hansı millətə mənsubiyyəti nəzərdə tutur. Millət anlayışına isə müxtəlif etnik qruplar aid ola bilər, yəni milli mənsubiyyət kateqoriyası onun daxilində olan etnik mənsubiyyəti ehtiva etmir. Milli sözü müasir dövrdə və beynəlxalq hüquqda daha çox dövləti ehtiva edir. Bu dəyişiklikdə əsas məqsəd Konstitusiyanın dilində dəqiqliyi və beynəlxalq hüquqla təsbit edilmiş terminlərə uyğunluğu təmin etməkdir.
İkinci hissə ilə bağlı nəzərə alınmalıdır ki, sosial dövlət/rifah dövləti ideyasının fundamental prinsiplərindən biri əlillərin bütün insan hüquqlarından maksimum yararlanmısının təmin edilməsidir. Maddəyə edilən dəyişikliklə bağlı olaraq, əsas diqqət edilməli olan məqam ondan ibarətdir ki, insan hüquqları ümumilikdə dövlətin vətəndaşlara münasibətdə öhdəliklərini ifadə edir. Dəyişikliyin də mahiyyəti məhz ondan ibarətdir ki, “Bərabərlik hüququ”nu təsbit edən maddəyə bu əlavələr edilməklə, dövlət insan hüquqlarını qorunması öhdəliyini bərabər əsaslarla əlil şəxslərə də şamil etmiş olur.
Digər tərəfdən, diqqətə almaq lazımdır ki, burada “məhdud imkanlara görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələr” ifadəsi altında əlil şəxslərin hansısa hüquqlarını həyata keçirmələrinə məhdudiyyət nəzərdə tutulmur. Burada yanaşma yenə də, dövlətin bu hüquqları təmin etməsi ilə bağlı öhdəliklərindən gedir. Yəni, dövlət həyata keçirilməsi çətinləşən hüquq və vəzifələr istisna olmaqla, bütün digər hallarda fiziki və əqli qüsuru olan şəxslərin bərabər hüquqlarını təmin edir.
Bununla yanaşı, bu müddəa yalnız hüquqları əhatə etmir. Eyni qaydada, insanların fiziki və əqli çatışmazlıqları onların müəyyən vəzifələrini də həyata keçirmələrini istisna edə bilir. Bu baxımdan, əlil şəxslərin rifahı naminə onlar həyata keçirilməsi çətin olan vəzifələrdən də azad olunurlar. Beləliklə, maddəyə edilən bu dəyişikliyin mahiyyəti, fiziki və əqli çatışmazlığı olan şəxslərin sosial rifahını və hüquqlarının qorunmasını bütün vətəndaşlarla bərabər əsaslarla təmin edilməsi prinsipinin təsbit edilməsidir.
29-cu maddə
Mülkiyyət hüquqi ilə bağlı 29-cu maddəyə aşağıdakı dəyişikliklər təklif edilir.
V hissə VII hissə hesab edilsin;
aşağıdakı məzmunda V və VI hissələr əlavə edilsin:
“V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.
VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.”.
Bununla bağlı qeyd edilməlidir ki,
Mülkiyyətin öhdəlik yaratması prinsipi qərb hüquq sisteminə aiddir, bu yanaşma Avropada uzun illərdir tətbiq edilir. Almaniyanın hazırda qüvvədə olan Konstitusiyasının 14-cü maddəsində
“Mülkiyyət öhdəliklərə səbəb olur. Ondan istifadə həmçinin ictimai rifaha xidmət etməlidir” müddəaları yer alır. Bu prinsipin tətbiqində əsas məqsəd xüsusi mülkiyyət və sosial rifahı əlaqələndirmək və sosial məsuliyyəti inkişaf etdirməkdir.
Yanaşma ondan ibarətdir ki, sosial öhdəliklərdən azad olan mülkiyyət vətəndaşlıq, cəmiyyətdə üzvlük və birgəyaşayış kimi dəyərləri zədələyir. İnsan hüquqlarının müdafiəsini təmin edən ən əhəmiyyətli beynəlxalq sənədlərdən biri hesab edilən Avropa İnsan Hüquqları Konvensiyasıda bu məsələyə yanaşmada eyni mövqedən çıxış edir. Belə ki, bu Konvensiyaya 1 saylı protokolun Mülkiyyətin müdafiəsi ilə bağlı 1-c maddəsində qeyd edilir.
"Heç kəs, ictimaiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz".
Yəni konvensiya ictimaiyyətin maraqları naminə nəinki mülkiyyət hüququnun məhdudlaşdırılması, hətta mülkiyyətdən məhrum etməni istisna etmir. Bu müddəalar həmçinin dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
29-cu maddəyə əlavə edilməsi təklif olunan VI hissənin mətnindən də aydın olur ki, əlavələr bilavasitə öhdəliklərin müəyyən edilməsi və mülkiyyət hüquququn məhdudlaşdırılması yox, mülkiyyətin sosial ədalətin möhkəmləndirilməsi və ictimai rifahın yaxşılaşdırılmasına xidmət etməsinə istiqamətlənib.
Qanunlar təmin etməlidir ki, xüsusi mülkiyyətdən cəmiyyət ziyan vurulması üçün istifadə edilməsin. Sosial ədalət məqsəd kimi müəyyən edilir torpaqların təyinatı kimi deyil və izahda yer alan nümunələr (kimsə 1 hektardan 1 ton taxıl götürürsə, ona hektardan 5 ton məhsul götürən kəndlini nümunə gətirib, torpaqdan səmərəsiz istifadə etdiyini əsas gətirəcəklər və mülkiyyət hüququndan məhrum edəcəklər) baş verə bilməz.
Sosial öhdəlik nümunə üçün torpaq sahəsindən ətraf şərait nəzərə alınmadan və ya insanların sağlamlığına ziyan vura biləcək formada istifadə edilməsi kimi hallar ola bilər. Kəndlərdə geniş otlaq sahələri xüsusi mülkiyyətdədirsə və bu yerli kəndlilərin heyvanlarının otlaq sahələrindən istifadəsini mümkünsüz edirsə bu halda bu ərazilərdən müvafiq şərtlər/ödəniş və s. daxilində istifadənin təmin edilməsi üçün müdaxilə edilə bilər ki, buda sosial ədalət məqsədləri üçün məhdudlaşdırma hesab edilə bilər.
Bu maddə ilə müəyyən edilmiş mülkiyyət hüququnun məhdudlaşdırılması mülkiyyətdən məhrum edilməsi kimi şərh edilməməlidir. Bu maddənin digər hissələrinə kompleks baxdıqda görsənir ki, Konstitusiyada mülkiyyət hüququnun müdafiəsi və toxunulmazlığı üçün bir sıra təminatlar mövcuddur.
32-ci maddə
Şəxsi toxunulmazlıq hüquqi ilə bağlı 32-ci maddəyə aşağıdakı dəyişikliklər təklif edilir.
32-ci maddəyə aşağıdakı məzmunda VI, VII və VIII hissələr əlavə edilsin:
“VI. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır.
VII. Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz.
VIII. Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir.”.
Bununla bağlı qeyd edilməlidir ki,
Bu dəyişkliyi şərtləndirən ən əhəmiyyətli amil texnoloji inkişafdır. Mövcud dünyada texnoloji yeniliklər insanların həyatına, sosial münasibətlərə və dolayısı ilə insan hüquqlarına olduqca böyük təsir göstərir. Məsələn, texnoloji yeniliklər insanların şəxsi həyatlarının toxunulmazlığı hüququndan yan keçmir. Bu səbəbdən, hüquqları təsbit edən mənbələr, normativ hüquqi aktlar bu cür inkişaf amillərini dövlət və vətəndaş arasındakı münasibətlərdə nəzərə almalıdır. Bu maddəyə dəyişikliklərlə bağlı ilkin təəsürat yarana bilər ki, məlumat azadlığı məhdudlaşdırılır. Lakin maddənin ümumi quruluşuna nəzər saldıqda məlum olur ki, burada ümumilikdə şəxsi toxunulmazlığa dair müxtəlif aspektlər əhatə edilib:
- şəxsi və ailə sirrinin qorunması,
- şəxsin razılığı olmadan məlumatın toplanması, istifadəsi və yayılmasına məhdudiyyət,
- müxtəlif vasitələrlə ötürülən məlumatların qorunması.
Əlavə edilən hissələr də, məhz özündə bir neçə yeni təminatı ehtiva edir. Belə ki, VI hissə - qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır. Bu hissə, ilkin təəsürat yarandığı kimi məlumat azadlığının məhdudlaşdırılmasına deyil, məhz şəxsi toxunulmazlıq hüququnun möhkəmləndirilməsinə yönəlmişdir. Belə ki, təklif edilən əlavə şəxsi məlumatların əldə edilməsi ilə bağlı yeni təminat – elektron və kağız daşıyıcılarda əks olunan məlumatların qorunmasını ehtiva etmiş olur.
Bundan əlavə, təbii ki, qanunla müəyyən edilmiş hallar altında şəxsin razılığını ifadə etdiyi hallar da nəzərdə tutulur. Yəni, şəxsin razılığı olduğu halda, həmin informasiya ehtiyatlarına daxil olmaq qadağan deyildir, buna görə də məlumat azadlığının məhdudlaşdırılması müzakirə predmeti deyil.
Təklif edilən VII hissə - Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz. Bu hissədən isə aydın olur ki, maddəyə təklif olunan bu dəyişiklik yuxarıda qeyd olunan texnoloji inkişafın təzahürlarini insan hüquqlarının qorunmasında əks etdirmək üçündür.
Təbiidir ki, hal-hazırda fərdlər haqqında məlumatların informasiya texnologiyaları vasitəsilə bu cür əlçatan olduğu, xüsusilə sosial medianın imkanlarının bu cür genişləndiyi bir zamanda, onlayn şəxsi məlumatların da qorunması konstitusion səviyyədə təmin edilməlidir.
Həmçinin bu maddə ilə bağlı izahda Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması ilə bağlı Konstitusiyanın 155-ci maddəsinə istinad edilərək fikirlər səslənir ki, bu maddədə mülkiyyət hüququ ilə bağlı müəyyən edilən məhdudiyyətlər insan və vətəndaş hüquqları və azadlıqlarının məhdudlaşdırır və Konstitusiyanın 155-ci maddəsi ilə ziddiyyət təşkil edir.
Lakin elə 155-ci maddə qeyd edilən və diqqətdən kənar qalan əhəmiyyətli istisnaya diqqət yetirsək bununla bağlı ziddiyyətin olmamasını görmək olar. Belə ki, bu maddə həmçinin qeyd edilir ki, insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz.
Yəni Konstitusiyanın özüdə hüquqların məhdudlaşdırılmasını istisna etmir, burada tələb yalnız həddlərin gözlənilməsi və beynəlxalq müqavilələrin tələblərinə uyğunluğun saxlanılmasıdır.
Yuxarıda mülkiyyət hüququ ilə bağlı qeyd edilmiş Avropa Konvensiyasına istinad beynəlxalq müqavilələrdə də oxşar məhdudiyyətlərin olmasına nümunədir.
Referendum aktının layihəsinin əsas yanaşması hüquqların genişlənməsi və yeni hüquqların yaradılmasıdır və məhdudlaşdırmanı özündə ehtiva edən müddəalar ictimaiyyətin maraqlarına uyğundur.
Səxavət HƏMİD