19 Avqust 2016 14:39
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 19-da Qırğız Respublikasının Baş nazirinin müavini Gulmirə Kudayberdiyeva Azərbaycan Respublikasının bu ölkədəki səfiri Hidayət Orucovla görüşüb.

Baş nazirin müavini tarixi dostluq münasibətlərinə malik Azərbaycan və Qırğız xalqlarının əlaqələrinin dərinləşməsinin əhəmiyyətindən danışıb. O, ölkələrimiz arasında sürətlə inkişaf edən əməkdaşlığın daha da genişlənməsi istiqamətində bütün səylərin göstəriləcəyini bildirib.

Səfir Hidayət Orucov ölkələrimiz arasında son vaxtlar bütün sahələrdə, xüsusilə humanitar sahədə münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, son illər ərzində həm Bişkekdə, həm Bakıda çoxlu mühüm tədbirlər keçirilib, Azərbaycanın Qırğızıstanda və bu ölkənin isə Azərbaycanda daha yaxından tanıdılması üçün müvafiq işlər aparılıb. Səfir vurğulayıb ki, Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq münasibətləri bütün sahələri əhatə etməkdədir və bu, dövlət başçılarının siyasətinin prioritet istiqamətlərindəndir.

Diplomat deyib ki, bu ilin oktyabrında Azərbaycanda qırğız şairi Jusub Balasaqının 1000 illik yubileyi keçiriləcək. O, 2013-cü ildə Bakıda dahi yazıçı Çingiz Aytmatovun 85 illiyinə, 2014-cü ilin dekabrında isə Qırğız şairi Toktoqul Satılqanovun 150 illiyinə həsr olunan tədbirlərin təşkil olunduğunu xatırladıb.

Görüşdə 2017-ci ilin yazında Azərbaycanın Qırğızıstanda, payızında isə Qırğızıstanın Azərbaycanda mədəniyyət günlərinin keçirilməsi məsələləri müzakirə edilib.

Hidayət Orucov ölkələrimizdə ilk dəfə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin qardaş xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracağına əminliyini vurğulayıb. Gulmirə Kudayberdiyeva mədəniyyət günlərinin keçirilməsinin təqdirəlayiq hal olduğunu və bunun üçün lazımi hazırlıq görüləcəyini diqqətə çatdırıb.

Baş nazirin müavini V Bakı Beynəlxalq Humanitar Forumuna dəvət edildiyi üçün təşəkkürünü bildirib və bu mötəbər tədbirdə böyük məmnuniyyətlə iştirak edəcəyini deyib. G.Kudayberdiyeva vurğulayıb ki, indiyədək Azərbaycanda olmasa da, orada gedən böyük inkişafla yaxından maraqlanır.

Səfir məlumat verib ki, sentyabrın 3-dən 8-dək İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində keçiriləcək “II Ümumdünya Köçərilər Oyunları”nda Azərbaycan geniş nümayəndə heyəti ilə təmsil olunacaq.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.


Müəllif:

Oxşar xəbərlər