“Azərbaycan dövlətinin yürütdüyü siyasətin əsasında Qarabağ probleminin yaxın vaxtlarda sülh və danışıqlar yolu ilə ədalətli həlli olunması dayanır”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Eldar İbrahimov deyib.
Eladr İbrahimov bildirib ki, işğala, təcavüzə, haqsızlığa məruz qalan ölkə olsaq da, hər zaman sülhpərvərlik mövqeyindən çıxış etmişik. Lakin Azərbaycanın bu xoşməramlı, sülpərvər mövqeyi təcavüzkar Ermənistan dövləti və rəhbərliyi tərəfindən düzgün qiymətləndirilməyib, münaqişənin həllində daim qeyri-konstruktivlik nümayiş etdirilib, stastus-kvo dəyişilməyib:
“Münaqişənin həllində vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu və onun həmsədrlər institutu da ötən 24 il ərzində istənilən fəaliyyəti ortaya qoymayıb, yaxud, qoymaq istəməyib. Əksər hallarda isə hətta,vasitəçilik missiyasına daban-dabana zidd mövqedən çıxış edilib, təcavüzkara, işğalçıya təzyiq-təsir göstərmək, onu yerində oturtmaq əvəzinə, Azərbaycanı güzəştə getməyə məcbur etməyə cəhd göstərilib, işğalçı ilə işğala məruz qalan arasında fərq qoyulmayıb. Onların bu mövqeyi də haqlı olaraq zaman-zaman Azərbaycan Prezidenti, ölkə rəhbərliyi, bütövlükdə ictimaiyyət tərəfindən kəskin etirazla qarşılanıb.
Artıq hadisələrin gedişatı onu deməyə əsas verir ki, ATƏT-in Minsk qrupu həmsədrləri, xüsusilə də, Rusiya münaqişənin tezliklə həllinə dair ciddi iradə nümayiş etdirirlər. Sevindirici bir məqam da odur ki, artıq münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı əsas prinsip kimi götürülüb. Ermənistan da bunu qəbul etmək, anlamaq, hesaba almaq məcburiyyətindədir. Çünki Ermənistanın bunu qəbul etməkdən, konstruktiv mövqeyə gəlməkdən başqa yolu qalmır.
Aprel əməliyyatları və ondan sonra yaşananlar Ermənistana acı ibrət dərsi oldu və olmalıdır. Onlar nəhayət, anlamaq məcburiyyətindədirlər ki, artıq nə beynəlxalq birliyin, nə də Azərbaycan xalqının səbri qalıb. Odur ki, Ermənistan ya yenidən müharibə variantına getməli, bu isə onlar üçün bütövlükdə və birdəfəlik məhv deməkdir, ya da, münaqişənin həllində konstriktivlik nümayiş etdirməlidir. Onların başqa yolu yoxdur, gec-tez konstruktiv mövqeyə gəlmək, münaqişənin ədalətli həlinə razılıq vermək məcburiyyətindədirlər”.
Səxavət