“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində bu ilin aprel döyüşlərindən sonra keyfiyyətcə yeni mərhələ başlayıb. Bu yeni mərhələ hələ ki, ilk növbədə, özünü diplomatik səylərdə göstərməkdədir”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, Azərbaycan son danışıqlardan sonra çox inamlıdır və ümid edir ki, bu diplomatik səylər, xüsusilə də, münaqişənin həllində böyük potensiala malik Rusiyanın dövlət başçısının Azərbaycana səfəri, üçtərəfli format çərçivəsində aparılan danışıqlar, İran və Rusiya dövlət başçılarının münaqişənin həllinin beynəlxalq hüquq prinsipləri çərçivəsində tənzimlənməsi ilə bağlı fikirlər səsləndirmələri çox önəmlidir: “Əslində, bunlar diplomatik yanaşmalardır.
Ancaq Bakıda Rusiya və İran prezidentləri açıq şəkildə qeyd edirlər ki, bu münaqişə beynəlxalq hüquq prinsipləri çərçivəsində həllini tapmalıdır. Beynəlxalq hüquq deyəndə, təbii ki, BMT-nin Nizamnaməsi, ATƏT-in yekun sənədləri və digər mühüm sənədlər nəzərdə tutulur. Yəni, söhbət münaqişələrin dövlətlərin ərazi bütövlüyü prinsipləri çərçivəsində həllindən gedir. Aprel döyüşlərinin ən mühüm nəticələrindən biri də ondan ibarətdir ki, bizim təkcə hərbi vətənpərvərlik ruhumuz artmayıb, biz təkcə 2 min hektar ərazini geri qaytarmamışıq, eyni zamanda, işğal altında olan ərazilərimizin tamamilə geri alınması üçün çox gözəl platforma əldə etmişik. Artıq Azərbaycanın haqlı mövqeyi daha çox müdafiə olunmağa başlanıb.
Qeyd etdiyim kimi, Rusiya prezidentinin Azərbaycana səfərinin ardınca Türkiyə prezidentinin Sankt-Peterburqa, Ermənistan prezidentinin Moskvaya səfərləri zamanı aparılan danışıqlarda da münaqişənin həlli ilə bağlı məsələnin diqqət mərkəzində saxlanılması belə bir qənaətə gəlməyə əsas verir ki, münaqişənin nizamlanmasında müsbət nəticələrin şahidi olacağıq”.
Səxavət