25 Avqust 2016 17:43
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün biz açıq dünyada yaşayırıq. Siyasi, iqtisadi çəkisinə görə dünyanın böyük dövlətlərindən biri olan Türkiyədə bir gün ərzində xəyanət baş verdi və bu xəyanət türk xalqına, dövlətinə qarşı idi. Söhbət hansısa qüvvədən getmir. Bu qüvvənin adı gülənçi olmasın, ağlayançı olsun. Fərq etməz. Bu hərəkat dövlətə, xalqın seçdiyi hakimiyyətə, başqa sözlə xalqın seçiminə qarşı idi. Ən əsası isə bu hərəkatın arxasında nə dayandığını bu gün də sonadək dərk etmək çətindir”.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, burada digər məqam da var idi: “Ola bilsin ki, Türkiyə üçün qurulmuş tələdə bunun adı hərbi çevriliş qoyulmuşdu. Amma bəlkə, bunun arxasında bir vətəndaş müharibəsi dururdu. Bəlkə də, bu planın mayasında Suriyadakı münasibətləri Türkiyəyə gətirmək, Yəməndəki hadisələri təkrar etmək, digər ərəb ölkələrindəki vətəndaş müharibəsini tətbiq etmək dayanırdı. Mənə elə gəlir ki, bu, vətəndaş müharibəsinə gətirib çıxara biləcək bir hadisənin layihəsi idi. Nə yaxşı ki, Türkiyə xalqı vaxtında bunun qarşısını aldı”.
Azərbaycanın münasibəti, o cümlədən ölkəmizdə Fətullahçı Terror Təşkilatı – FETÖ ilə aparılan mübarizəyə dair öz fikirlərini bölüşən deputat ölkəmizin sözügedən terror təşkilatı ilə mübarizə çərçivəsində mühüm addımlar atdığını vurğulayıb: “Azərbaycanın güvənc yeri ta qədimdən Türkiyə olub. Bakını bolşevik-erməni işğalından türk qoşunları Qafqaz-İslam Ordusu ilə birgə azad edib.

Azərbaycanı ilk tanıyan dövlət olub. Qarabağ və digər rayonlar işğal olunarkən Türkiyə buna qarşı çıxıb. Bu günədək də Ermənistanla sərhədləri bağlıdır. Bunun da əvəzində Azərbaycan hər zaman Türkiyənin arxasında olub. Yəni, bu bir qardaşlıqdır. Çanaqqala döyüşünün 100-cü ildönümü mərasimində cənab İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla çiyin-çiyinə dayandı. Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının 2014-cü ilin aprelin 24-də Praqada keçirilən sammitində Azərbaycan Prezidenti “Türkiyə burda deyil, amma mən burdayam və cavabınızı da verəcəyəm” deyərək qətiyyət nümayiş etdirdi. Bunlar hamısı dostluğun-qardaşlığın bir nümunəsidir və bizim birlikdə, çiyin-çiyinə söykənib atdığımız addımların nəticəsidir. Dövlət çevrilişinə cəhd hadisəsi zamanı da Azərbaycan Türkiyənin yanında oldu”.

F.İbrahimli qeyd edib ki, Azərbaycanda da hardasa şübhəli bilinən, reallığa söykənən addımlar atıldı: “Söhbət artıq Türkiyəni müdafiə etməkdən getmir. Azərbaycan dövlətçiliyi üçün təhlükə törədə, müstəqilliyimizə ziyan gətirə bilən, xarici agenturanın, kəşfiyyatların nökərlərinə çevrilən hər bir kəs cəzalanmalıdır. İstər, gülənçi, istərsə də digərləri olsun, fərqi yoxdur. Mənim düşüncəm belədir. Azərbaycan dövləti bu istiqamətdə düzgün addım atır. Dövlətçiliyə xidmət edən bütün addımlar mənim tərəfimdən həmişə dəstəklənib. Dövlət və millət məsələlərində heç bir güzəşt ola bilməz”.

Müxalifət partiyalarında, xüsusən AXCP-də FETÖ uzantılarının olmasına dair sualımızı cavablandıran F.İbrahimli bu təşkilat tərəfdarlarının hər yerdə olduğunu vurğulayıb: “Bunlar təkcə müxalifətdə deyil, hər yerdə var. Sadəcə, üzə çıxarılmalı, ifşa olunmalı və neytrallaşdırılmalıdırlar. Bu hərəkatın tərəfdarları ilə bağlı ciddi şəkildə araşdırma aparılmalıdır. Çünki vaxtilə Rəcəb Tayyib Ərdoğan belə bir təhlükənin Azərbaycan üçün də olduğunu bildirmişdi. Bu təhlükənin qarşısını almaq üçün biz profilaktik tədbirlər görməliyik. Bu hərəkatla bağlı olan hər bir kəs üzə çıxarılmalı və qanunlar qarşısında cavab verməlidir. Dövlətimiz kifayət qədər güclü, qüdrətli, hüquq-mühafizə orqanları ayıq-sayıqdır. Amma Türkiyədəki hadisələr bizi daha çox ayıq-sayıq olmağa sövq edir”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər