29 Avqust 2016 15:29
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq dostluq, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsipləri əsasında yüksələn xətt üzrə inkişaf edir".


Bunu Gürcüstanda səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Mixeil Canelidze ilə birgə mətbuat konfransı deyib.

E. Məmmədyarov iki ölkə arasında əməkdaşlığın inkişafında xalqlarımız arasında olan tarixi dostluq əlaqələrinin danılmaz rolu olduğunu bildirib: “Azərbaycan və Gürcüstan beynəlxalq hüquq norma və prinsiplərinə və BMT Nizamnaməsinə uyğun olaraq, bir-birilərinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəkləyir”.

O, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar barədə həmkarına məlumat verdiyini deyib: “Mən həmkarımı Ermənistan-Azərbaycan münaqişələrinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumatlandırdım. Azərbaycan münaqişənin həlli və bütün beynəlxalq ictimaiyyət, o cümlədən dövlət başçıları səviyyəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən qəbul edilməyən, qeyri-davamlı sayılan mövcud status-kvonun dəyişdirilməsi üzrə substantiv danışıqların tərəfdarıdır. Münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı, hərbi işğal faktına son qoyulmalıdır.

Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olunmasını təmin edir. Azərbaycana qarşı yürütdüyü destruktiv işğalçı siyasətin nəticəsidir ki, Ermənistan bu gün bütün regional layihələrdən kənarda qalıb. Münaqişənin həlli Ermənistanın da regional əməkdaşlıq proseslərinə inteqrasiyasına töhfə verə bilər”. (“APA”)

***

Tbilisidə rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun 29-da gürcü həmkarı Mixeil Canalidze ilə görüşüb.

M.Canalidze ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin, strateji tərəfdaşlığın daha da inkişaf etdiyini bildirib. O, bu cür görüşlərin münasibətlərin möhkəmlənməsinə xidmət etdiyini deyib.

E.Məmmədyarov yenidən Tbilisidə olmaqdan məmnun qaldığını vurğulayıb. O diqqətə çatdırıb ki, qonşu və dost ölkələr olan Azərbaycan ilə Gürcüstan arasında əlaqələr genişlənir. Qarşılıqlı səfərlər, müzakirə olunan məsələlər ölkələrimizin dostluğunun daha da möhkəmlənməsinə töhfə verir.

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, həyata keçirilən enerji layihələri, xüsusilə Baki-Tbilisi-Qars dəmir yolu layihəsi və digər məsələlər müzakirə olunub.

***

Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Gürcüstana rəsmi səfərə yola düşüb.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun gürcüstanlı həmkarı Mixeil Canelidze, Parlametin sədri David Usupaşvili və baş nazir Giorgi Kvirikaşvili ilə görüşü nəzərdə tutulur.

Nazir Heydər Əliyevin abidəsi və Qəhrəmanlar Memorialını da ziyarət edəcək.

Bəkir


Müəllif:

Oxşar xəbərlər