Azərbaycan baş nazirinin müavini, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mardı partiyanın mənzil qərargahında qəbul edib.
YAP-dan Teleqraf.com-a verilən məlumata görə, görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Əli Əhmədov Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlığın mövcud durumundan bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.
Malena Mard Avropa İttifaqının Azərbaycanla kənd təsərrüfatı, təhsil, energetika və digər sahələrdə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib. Görüşdə sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referenduma hazırlıqla əlaqədar həyata keçirilən tədbirlərdən danışılıb.
Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov da iştirak edib.