Tanınmış hüquqşünas Aslan İsmayılovla AXCP üzvü Sahib Kərimli arasında qarşıdurma yaşanır.
Teleqraf.com xəbər verir ki, ötən gün Aslan İsmayılov Sahib Kərimli ilə aralarında olmuş söhbəti ictimailəşdirib.
Hüquqşünas qeyd edib ki, Sahib Kərimli onunla əlaqə saxlayıb, davamlı olaraq görüşmək istədiyini söyləyib: “Məcbur qalıb "Gənclik" metrosundakı evimin həyətində görüşdüm. Birinci sualı belə oldu: “Aslan bəy, bu qədər böyük nüfuzunuz var, niyə bir partiya yaradıb siyasətə gəlrmirsiniz? Qısaca dedim ki, belə fikirim yoxdur. Sonra uzun-uzadı danışdı ki, Əli Kərimlinin yolunda varidatını, böyük biznesini itirib. Partiyada onun nüfuzu Əli Kərimlidən çoxdur, o, diktatura yaradıb və partiya üzvlərinin əksəriyyəti onun tərəfindədir.
Söhbət əhəmiyyətsiz olduğundan soruşdum ki, mənimlə hansı məsələ üzrə görüşmək istəmişdiniz? Cavab verdi ki, biz partiyanı ələ alacağıq, bizə dəstək olmanızı istəyirəm. Bir də xüsusi qeyd etdi ki, Əli Kərimli sizə nifrət edir. Facebookda məni söyənləri Əli Kərimli öyrədib.
Dediklərinin bəzilərinə inansam da bildirdim ki, onsuz da Əli Kərimli əzilir, sizə də bu prosesə qoşulmağı məsləhət bilmirəm. Sonradan dəfələrlə mənimlə görüşmək istəsə də, təklifini rədd etdim”.
Sahib Kərimli hüquqşünasın dedilərinə sosial şəbəkədə cavab verib: “Aslan müəllim məsələyə münasibət bildirməyə məni aşağılamaqla başlayıb, çevik hüquqçuluğuna, "layk"larına arxayın olub, məni məcbur etdi ki, faktlarla danışım. Ən əsası da saxtakarlıq edir. Aramızda olan söhbəti dəyişdirib, ictimailəşdirir.
Aslan müəllim, mənimlə əlaqəni ilk siz yaratmısız. Görüşdə də siz danışmısız, mən qulaq asmışam və ya danışa bilməmişəm. Özünüzü tərifləməkdən, hamını aşağılamaqdan vaxt olmayıb.
Mənim Ağaşirin adlı AXCP üzvü ilə hamıya məlum olan insidentim zamanı ilkin olaraq mənimlə siz əlaqə saxlamısız. Burda yazılanlardan və sizin də necə çoxdanışan adam olduğunuzdan aydın olmur ki, kim nə danışıb. Sonralar da mənə yazı göndərmisiz.
Sizin ictimai fəal və ya siyasətçi kimi bacarıqlı ola biləcəyinizə inanmadığımdan, reaksiya verməmişəm.
Təqribən 6 ay qabaq mən sizinlə telefon əlaqəsi yaradıb, bir hüquqi bilgi almaq istədim, vəssalam. Nə sualınız var, buyurun, Aslan müəllim. Normal, mədəni, dürüst... . Dünənki yazımda çalışmışam ki, sizin kimi populyar ictimai fəal şəxs normala dönsün. Siz isə daha dərinə gedirsiz”.
Cavad