8 Sentyabr 2016 17:25
1 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Rusiya Xarici İşlər Nazirliyində ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşik də iştirak edib. Media üçün qapalı olan görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aktual məsələlər, prezidentlərin mayın 16-da Vyana və iyunun 20-də Sankt-Peterburq görüşündə əldə olunmuş razılaşmaların reallaşdırılması vəziyyəti, habelə Ermənistan-Azərbaycan sərhədində və təmas xəttindəki hazırkı vəziyyət müzakirə olunub.

Rusiya XİN-dən verilən məlumata görə, həmsədrlərin bu görüşü hər il mütəmadi olaraq Vaşinqton, Paris və Moskvada keçirilən məsləhətləşmələrdən biridir. Görüşün əsas məqsədi üç həmsədr ölkənin Qarabağ nizamlanması ilə bağlı səylərinin koordinasiyasıdır.

Qeyd edək ki, bu gün həm də Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desir arasında görüş keçirilib. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan substantiv danışıqlar prosesinin mövcud vəziyyəti barədə ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər münaqişənin həlli üzrə aparılan substantiv danışıqlar prosesinin daha da sürətləndirilməsinin vacibliyini qeyd ediblər. E.Məmmədyarov münaqişənin tezliklə həllinə nail olmaq üçün Azərbaycanın daim substantiv və nəticə yönümlü danışıqların tərəfdarı olduğunu vurğulayıb. Bu baxımdan həm Moskvada, həm də Parisdə keçirilən görüşlər maraq kəsb edir.

Politoloq Fikrət Sadıqov Teleqraf.com-a bildirib ki, Minsk qrupunun həmsədr ölkələri tərəfindən münaqişənin həlli yolları istiqamətində, bütövlükdə danışıqlar prosesində aktivlik hiss olunur. Onun sözlərinə görə, xüsusilə, Rusiyanı təmsil edən həmsədr daha aktivdir: “Bu da bir reallıqdır ki, Lavrov regiona gələndə müxtəlif ideyaların, təkliflərin olduğunu, bu təkliflərin tərəflərə təqdim olunacağını bildirmişdi. Ola bilsin ki, bu təkliflər artıq təqdim olunub və Moskvada ciddi şəkildə müzakirə edilib”.

F.Sadıqov bildirib ki, həmsədrlərin Rusiya xarici işlər naziri ilə birgə müzakirə aparmaları yeni bir formatdır: “Amma aydın məsələdir ki, biz bu cür görüşləri çox görmüşük. 20 ildən artıqdır bu cür görüşlər keçirilir, amma heç bir nəticəsi olmur. Ona görə də bizə nəticəyönümlü görüş lazımdır. Mənə elə gəlir ki, Moskva görüşündə Rusiyanın təklifləri müzakirə olunub. Əlbəttə, bu heç də o demək deyil ki, bu təkliflər ancaq Azərbaycanın maraqlarına cavab verən təkliflərdir. Çünki biz bilirik ki, həmsədrlər, o cümlədən Rusiya Ermənistanın da maraqlarını nəzərə almaq istəyir. Amma bunun bizim maraqlarımıza nə dərəcədə cavab verdiyindən söhbət gedəndə sual işarəsi qoymaq lazım gəlir. Çünki biz Ermənistanla eyni vəziyyətdə deyilik. Bizə torpaqların azad olunması lazımdır, bu proses başlanmalıdır. Əgər bu təkliflər işğalçı qoşunların torpaqlarımızdan çıxarılması ilə bağlıdırsa, təbii ki, belə bir görüşü alqışlamaq olar. Yox, əgər bu görüş yenidən çeynənmiş məsələlərə həsr olunacaqsa və Moskvada heç bir nəticə baş verməyəcəksə, o zaman bu görüşün heç bir mənası olmayacaq. Biz özümüz artıq bu məsələni necə həll etmək lazım olduğunu bilirik. Biz diplomatik səylərimizi gücləndirməli, daha hücumçu addımlar atmalıyıq. Eyni zamanda torpaqlarımızı azad etməyə hazır olmalıyıq”.

Ekspert qeyd edib ki, S.Lavrovun bu görüşdə iştirak etməsi Rusiyanın münaqişənin həlli istiqamətində daha fəal olmasının göstəricisidir: “Belə bir təəssürat yaranır ki, digər iki həmsədr dövlət – ABŞ və Fransa Rusiyanın fəallaşmasına razılıq veriblər. Çünki bu regionda aparıcı, açar rolunu oynayan dövlət Rusiyadır. Reallıq bundan ibarətdir. Ona görə də Lavrovun görüşdə iştirak etməsi, onun təkliflərinin müzakirə olunması Rusiyanın bu məsələdə daha fəal olmasının onun göstəricidir. Rusiyanın bu münaqişəni həll etmək istiqamətində addımları daha aktiv, daha dinamikdir. Çünki Rusiya başa düşür ki, Ermənistan onların müttəfiqi olsa da, Azərbaycan regionda mühüm bir oyunçudur və Rusiyanın strateji tərəfdaşıdır. İki ölkə regionda bir sıra layihələrə qoşulublar, Azərbaycanda rus şirkətləri fəaliyyət göstərirlər. Bu, özü-özlüyündə əməkdaşlığın inkişaf etməsinin göstəricisidir. Ona görə də mənə elə gəlir ki, elə bu təkliflərin ciddi müzakirəsi gedəcək. Lavrovun həmsədrlərin görüşündə iştirak etməsi bunun əsas göstəricisidir”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər