28 İyun 2014 20:30
4 486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ münaqişəsinin əsas tərəfləri olan Ermənistan və Azərbaycan bir çox sahələr üzrə kəskin fərqlənir. Azərbaycanın üstünlük təşkil etdiyi bu müqayisədə hər iki ölkənin ordu potensialı arasında da uçurum fərqi görünür. Ortada münaqişə var və hər an başlaya biləcək II Qarabağ müharibəsi baxımından orduların müqayisəsi maraqlıdır.

Azərbaycan: Beynəlxalq hərbi mərkəzlərinin yaydıqları hesabata görə, Azərbaycan silah arsenalını xüsusən 2002-ci ildən etibarən gücləndirməyə başlayıb. Azərbaycanın silah aldığı ölkələrə İsrail, Türkiyə, Ukrayna, Rusiya, Belarus, CAR, Bosniya və Herseqovina və digərləri daxildir.

Məlumatlara görə, Azərbaycan Türkiyədən 2010-cu ildə 70 ədəd, 2011-ci ildə isə açıqlanmayan sayda "Cobra" tipli ZTR, 80 ədəd müxtəlif zirehli texnika alıb. 2011-ci ildə tərəflər arasında 36 ədəd 155 mm-lik T-155 "Fırtına" özüyeriyən haubitsaların alğı-satqısına dair müqavilə bağlanıb. Həmçinin Türkiyə tərəfindən 2010-cu ildə Azərbaycana 107 mm-lik T-107 reaktiv atəş sisteminin, 2011-ci ildə isə 120 mm-lik HY1-12 tipli minaatanların istehsalına lisenziya verilib.

İsraildən alınan silah arsenalı isə bunlardır:
2010-2011-ci illərdə İsrail şirkətləri tərəfindən Azərbaycan Ordusunun inventarındakı T-72 tankları və BMP-2 tipli piyadaların döyüş maşınları modernləşdirilib. Tanklarda Elbit Systems şirkətinin TİSAS adlı atış kontrol sistemləri qurulub. Bundan başqa, Azərbaycan İsraildən 9 ədəd "Links" reaktiv yaylım atəş sistemləri, 120 mm-lik "Cardom" minaatanları (say açıqlanmır), "Spike-SR/LR" tipli tank əleyhinə raket kompleksi (say açıqlanmır), 16 ədəd "Aerostar", 2 ədəd "Hermes-450", 16 ədəd "Heron-1", 16 ədəd "Orbiter-2M" tipli pilotsuz uçuş aparatı, 9 "Barak-8" kompleksi (75 raket), 2 ədəd EL/M-2080 "Gren Pine" hava hücumundan müdafiə sistemi alıb. Həmçinin İsrail lisenziyası əsasında Azərbaycanda 30 "Aerostar" və 30 "Orbiter-2M" pilotsuz uçuş aparatı kompleksinin istehsalına dair sifariş alınıb.
Təxminən iki il öncə açıqlanan daha bir məlumata görə, Azərbaycan İsraildən 1,6 milyard dollarlıq silah alıb.

Ötən dövrdə Azərbaycanın silah və hərbi texnika alğı-satqısında əsas tərəfdaşı Ukrayna olub. Belə ki, 2003-2006-cı illərdə Azərbaycan Ukraynadan 48 ədəd T-72M1 tankı, 2005-ci ildə 2 ədəd BMP-1 tipli piyadaların döyüş maşını, 2006-cı ildə 3 ədəd BTR-3U "Qardian", 2007-ci ildə 61 ədəd, 2009-cu ildə 71 ədəd BTR-70 tipli ZTR, 2007-2010-cu illərdə 54 ədəd 122 mm-lik 2S1 "Qvozdika", 2009-2010-cu illərdə 16 ədəd 152 mm-lik 2S3 "Akasiya" tipli özüyeriyən haubitsa, 2006-2007-ci illərdə 55 ədəd 122 mm-lik D-30A haubitsası, 2004-2007-ci illərdə 144 ədəd 120 mm-lik PM-38 minaatanı, 2004- 2005-ci illərdə 12 ədəd BM-30 "Smerç" reaktiv atəş sistemi, 2006-2011-ci illərdə 16 ədəd Miq-29 tipli döyüş təyyarəsi, 2006-cı ildə 12 ədəd L-39 "Albatros" tipli təlim təyyarəsi, 2009-2010-cu illərdə 12 ədəd Mi-24G tipli zərbə helikopteri, 2007- 2008-ci illərdə 10 kompleks "Strela-3" zenit-raket kompleksi satın alıb.

Rusiya da Azərbaycanın ən çox silah idxal etdiyi ölkələrdəndir. 2000-ci illərin əvvəllərindən bu günə qədər Azərbaycan Rusiyadan müxtəlif tipli hərbi və aviasiya texnikaları alıb. 2010-cu ildə Rusiya tərəfindən Azərbaycan Müdafiə Sənayesi Nazirliyinə 2021-ci ilədək Bakıda 120 min ədəd AK-74M tipli avtomatın istehsalına lisenziya da verilib.

Məlumatlara görə, Rusiyadan 2006-cı ildə 62 ədəd T-72 tankı, 2011-ci ildə açıqlanmayan sayda T-90S tankı, 2007-ci ildə 24 ədəd BTR-80A, 2012-ci ildə 2 ədəd "Skorpion LŞA", 2 ədəd "Skorpion LŞA-B" tipli zirehli transportyor, 2009-cu ildə açıqlanmayan miqdarda "Kornet" tipli tank əleyhinə idarə olunan raket kompleksinin satın alındığı qeyd olunub. Bundan başqa, 2008-ci ildə Azərbaycanla Rusiya arasında 6 ədəd Mi-17V1, 2009-cu ildə 2 ədəd Ka-32A, 40 ədəd Mi-17V1, 2010-cu ildə 4 ədəd Ka-32PS, 24 ədəd Mi-35M, 20 ədəd Mi-17V-1 tipli helikopterin, 1 ədəd Mi-24 tipli helikopter simulyatorunun, 2007-ci ildə 16 ədəd S-300pmu-2 "Favorit" zenit-raket kompleksinin, 2010-cu ildə 60 ədəd X-95E "Uran" gəmi əleyhinə raketin satın alınmasına dair müqavilələr bağlanıb. Ümumilikdə Rusiya ilə bağlanmış hərbi alğı-satqı müqavilələrinin dəyəri 1 milyard 647 milyon dollardan çox olub.

Azərbaycan 2005-2006-cı illərdə Belarusdan da 60 ədəd T-72 tankı, 2008-2009-cu illərdə 12 ədəd 203 mm-lik 2S7 "Pion", 2009-2010-cu illərdə 30 ədəd 122 mm-lik D-30 haubitsası, 2009-2010-cu illərdə 6 ədəd Su-25 "Qraç" tipli hücum təyyarəsi satın alıb. Bundan başqa, Belarus şirkətlərinin iştirakı ilə 2007-2009-cu illərdə 36 kompleks "Osa", 2009-2011-ci illərdə 27 kompleks S-125 "Peçora" zenit-raket sistemi modernləşdirilib. Modernləşmədən sonra S-125 TM "Peçora-2T" səviyyəsinə yüksəldilib. 2012- 2014-cü illərdə daha 27 S-125 "Peçora" kompleksinin modernləşdirilməsi nəzərdə tutulur.

Azərbaycanın əsas hərbi texniki tərəfdaşlarından biri də CAR-dır. 2009-2011-ci illərdə CAR-ın "Paramount Group" şirkətindən 45 ədəd "Marauder" və 45 ədəd "Matador" tipli minaya qarşı qorumalı nəqliyyat vasitəsinin Bakıda istehsalına lisenziya alınıb. Sifarişin böyük hissəsi icra edilib. Bundan başqa, CAR firmaları tərəfindən 12 ədəd Mi-24 tipli zərbə helikopteri modernləşdirilərək Mi-24 Super Hind Mk.IV səviyyəsinə çatdırılıb.

Son dövrlər ABŞ da Azərbaycana silah baxımından yardım edib. Belə ki, ABŞ Almaniyadan 2 ədəd TRML-3D tipli dəniz radarı alaraq Azərbaycana verib. Bundan başqa, Gürcüstandan 7 ədəd Su-25/UB "Qraç" tipli döyüş təyyarəsi, Bosniya və Herseqovinadan 10 ədəd 128 mm-lik RAK-12 "Plamen" reaktiv atəş sistemi satın alınıb. Buna paralel olaraq, Azərbaycanın hərbi sənayeni inkişaf etdirmək istiqamətində addımları da diqqətdən yayınmır.

Qeyd edək ki, bu məlumatlar beynəlxalq mərkəzlərin araşdırmalarından götürülüb. Rəsmi məlumatlar deyil. Amma hesab etmək olar ki, bu, aysberqin yalnız görünən hissəsidir. Həmçinin son iki ildə Azərbaycan silah idxalını xeyli artırıb. Bu ilin dövlət büdcəsindən orduya 3,8 milyard dollar vəsaitin ayrılması da Azərbaycanın hərbi potesialının göstəricisidir.

Ermənistan: Bu ölkənin dövlət büdcəsinin Azərbaycanın hərbi büdcəsindən aşağı olması ortadakı fərqin əsas göstəricisi hesab olunmalıdır. Ölkənin silah arsenalına gəldikdə isə, erməni rəsmilərinin yaratdığı mifin əksinə olaraq beynəlxalq hərbi mərkəzlərin hesabatları reallığı göstərir.

Məlumatlara görə, Ermənistan Hərbi Hava Qüvvələri (HHQ) Cənubi Qafqazın ən zəif aviasiyası hesab olunur. Belə ki, HHQ-nin inventarına 15 ədəd Su-25 hücum təyyarəsi, bir ədəd MiQ-25PD və 2 ədəd İl-76 hərbi yük təyyarəsinin daxil olduğu bildirilir. Ermənistan hava məkanının qorunmasında bununla yanaşı, 12 ədəd Mi-24 helikopteri və Gümrüdəki 102-ci hərbi bazadakı Rusiyanın 18 ədəd MiQ-29-a bel bağlayır. BMT-yə təqdim olunmuş məlumata görə, Ermənistan 2005-ci ilin sentyabr ayında Slovakiyadan 10 ədəd Su-25 hücum təyyarəsi əldə edib. Bəzi məlumatlara görə isə bunun 3 və ya 4-ü Su-27 olub. Amma maraqlısı odur ki, heç sovetlər birliyi dönəmində də SSRİ havaya qalxması və manevrləri üçün şəraitin olmaması səbəbindən Cənubi Qafqazda Su-27 saxlamayıb. Azərbaycan və Gürcüstandan fərqli olaraq, Ermənistanda relyef Su-27-lərin havalanması üçün ümumiyyətlə əlverişli deyil. Lakin başqa məlumatlara görə, Bakı və Abşeron yarımadası SSRİ-nin möhkəmləndirilmiş hava hücumundan müdafiə rayonlarından olub. Belə ki, havadan müdafiəyə görə Bakı Moskva, Leninqrad və Kiyevdən sonra dördüncü şəhər hesab olunurdu.

Erməni silahlı qüvvələri 3 ədəd T-54, 5 ədəd T-55 və 160 ədəd T-72 tankı, 10 ədəd BMD-1, 80 ədəd BRDM-2, 869 ədəd BMP-1, 98 ədəd BMP-2, 25 ədəd BTR-60, 228 ədəd BTR-70, 50 ədəd BTR-80, 145 ədəd zirehli rabitə maşını, 50 ədəd BM-21 "Qrad" və Ural maşınlarının bazasında 9A51 "Prima" reaktiv yaylım atəş sistemi, "Akatsiya" 2S3, "Qvozdika" 2S1, 90 ədəd D-30, habelə Çin istehsalı olan açıqlanmayan sayda WM-80 artilleriya sistemlərinə, 152 mm çaplı M1955 və 2A36, 29 ədəd T-12 tank əleyhinə topa malikdir. Qeyd edək ki, Qarabağ separatçıları Avropada Adi Silahlar Haqqında Cinah Sazişini tanımır və onlar bu sazişə məcbur edilmirlər. Dağlıq Qarabağdakı hərbi birləşmələr (bunlar Qarabağ separatçılarının balansında olduğundan tərkibi açıqlanmır) isə 316 tank, 324 zirehli personal daşıyıcı, 44 ədəd reaktiv yaylım atəş sistemi, 322 ədəd 122 və daha böyük çaplı artilleriya qurğularına malikdir.

Erməni ordusunda şəxsi heyət "Vahan" avtomatı, K-3 hücum tüfəngi (xüsusi təyinatlı qüvvələrin arsenalındadır), AK-47, AK-74, AKS-74U, PK pulemyotu, NSV (avtomat), SVD və "Zastava M93" snayperi, RPG-7 əl qumbaraatanı kimi yüngül silahlarla silahlanıb.

Bundan başqa, Rusiya tərəfindən Ermənistana silah yardımı edildiyi məlum məsələdir. Lakin iki ölkə ordusunun müqayisəsi açıq şəkildə Azərbaycanın üstünlüyünü göstərir.

Bu baxımdan, müdafiə naziri Zakir Həsənovun "Azərtac"a müsahibəsində "Ermənistanda hərbi obyekti və yaşayış məntəqəsini darmadağın edə bilərik" açıqlaması təsadüfi hesab edilməməlidir.

Asif Nərimanlı


Müəllif: