28 İyun 2014 15:12
657

"Xalqın maraq və tələbatı üzərində qurulan sosial-iqtisadi siyasət ölkəmizi müasir dünyada dinamik inkişaf edən dövlətlərdən birinə çevirib".

Trend-in məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının (PA) 23-cü illik sessiyasının açılış mərasimində çıxışı zamanı deyib.

Spiker bildirib ki, Azərbaycanda müasir standartlara uyğun qanunvericilik bazası formalaşdırılıb, vətəndaş cəmiyyətinin qurulması prosesində xeyli uğurlar əldə edilib: "İnsanların öz iradəsini, fikir və mövqelərini sərbəst ifadə etməsi, siyasi plüralizmin bərqərar olması üçün hər cür şərait yaradılıb".
O.Əsədovun sözlərinə görə, bu gün ölkədə hökm sürən möhkəm ictimai-siyasi sabitlik, həyata keçirilən demokratikləşdirmə proseslərinin dönməzliyi ölkə vətəndaşlarının təhlükəsizlik şəraitində yaşamasını təmin edir.

Spiker vurğulayıb ki, ATƏT PA-nın sessiyasının Bakıda təşkil edilməsi Azərbaycanın siyası həyatında əlamətdar hadisədir: "Bu mötəbər toplantının keçirilməsi üçün bizim ölkəmizin seçilməsi, hesab edirəm ki, müasir dövrün cağırışlarına tamamilə uyğundur. Azərbaycan qərblə şərqin, şimalla cənubun qovşağında yerləşən qədim ölkədir. Qərb dəyərləri ilə Şərq dəyərləri birləşdiyinə görə bu ölkədə islam, xristianlıq, yəhudilik mədəniyyətləri və digər qədim ənənələr əlamətdar şəkildə qarşılıqlı olaraq bir-birilərini tamamlayırlar. Tarixin bütün dövrlərində Azərbaycan tolerantlıq nümunəsi göstərib. Bizim ölkəmizdə müxtəlif xalqların, millətlərin nümayəndələri həmişə dostluq, qardaşlıq şəraitində yaşamaq imkanına malik olublar. Bu ölkə müsəlman Şərqində ilk teatrın, ilk operanın, ilk simfonik musiqinin vətəni olduğu kimi, ilk parlamentin də vətəni olub".

O.Əsədov bildirib ki, bu gün ümumbəşəri dəyərlər ölkəmizin siyasi həyatında dərin köklər salıb. Azərbaycan mütərəqqi ideyalara bağlılığını əməli işlə nümayiş etdirib.


Müəllif: