Bu gün Bakının Səbail rayonunda Referendum üzrə "Vətəndaş Cəmiyyəti " təşviqat qrupunun səlahiyyətli nümayəndələri Səbail rayon seçiciləri ilə növbəti görüş keçiriblər.
Teleqraf.com-un məlumatına görə, görüşdə bu ayın 26 sentyabrında ölkəmizdə keçiriləcək referendum və onun əhəmiyyəti barədə çıxışlar edilib, suallar cavablandırılıb.
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri, Referendum üzrə "Vətəndaş Cəmiyyəti " təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Rufiz Qonaqov çıxışında Konstitusiyaya ediləcək dəyişiklikləri zəruri edən amillər, onun vacibliyi və əhəmiyyəti barədə çıxış edib.
Rufiz Qonaqov çıxışında bildirib ki, dünyanın qabaqcıl ölkələrində zamanın tələbinə uyğun olaraq konstitusiya islahatları aparılır: “Dövlətin təhlükəsizliyinin gücləndirilməsi, iqtisadi inkişafın dayanıqlığının təmin edilməsi və insan haqlarının müdafiəsinin gücləndirilməsi üçün hüquqi ishalatların aparılmasına ehtiyac var. Dünyada və regionda cərəyan edən proseslər, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, bunun fonunda Azərbaycana olan diqqətin artması Konstitusiya islahatlarının aparılmasını zəruri edir. İnanıram ki, sentyabrıb 26-da keçiriləcək referendum Azərbaycanda yeni bir siyasi düzənin başlanğıcı olacaq və yeni iqtisadi tərəqqinin əsasını qoyacaq”.
Rufiz Qonaqov əminliklə qeyd edib ki, Referendum Azərbaycan xalqının iradəsini bir daha ortaya qoyacaq və ölkəmizin daha da güclü olması üçün xalq 26 sentyabrda səsvermədə aktib iştirak edəcək.
“İrəli” İctimai Birliyinin sədri, Referendum üzrə "Vətəndaş Cəmiyyəti " təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Mirhəsən Seyidov çıxışında Azərbaycanda Konstitusiya islahatlarının tarixi və aparılan dəyişikliklərin məzmunu barədə iştirakçılara geniş məlumat verib. O, çıxışında qeyd edib ki, Konstitusiyaya ediləcək dəyişikliklərin böyük əksəriyyəti vətəndaşların hüquq və azadlıqlarının gücləndirilməsilə bağlıdır. Həmçinin dövlətin təhlükəsizliyinin daha etibarlı şəkildə qorunması, iqtisadi inkişafın sabitliyinin saxlanılması, çevik idarəetmə aparatının yaradılması, struktur islahatlarının sürətləndirilməsi baxımından 26 sentyabrda keçiriləcək Referendum ölkəmiz üçün olduqca əhəmiyyətlidir. Odur ki, hər bir vətəndaş səsvermədə aktiv iştirak etməli, mövqeyini nümayiş etdirməlidir”.
Görüş çıxış və müzakirələrlə davam etdirilib.