14 Sentyabr 2016 18:00
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özünü “Demokratik Qüvvələrin Milli Şurası” adlandıran, yaxud sadəcə “MŞ” adlı qurum yenə öz ampluasındadır. Bu təşkilat ölkədə istər pozitiv, istərsə də neqativ hadisə baş verirsə, ona etiraz etməyi sanki öz fəaliyyətinin kredosuna çevirib. Əslində isə bu etirazların məqsədi aydındır; suyu bulandırmaq və bulanıq suda balıq tutmaq! Bəli, Milli Şura məhz belə bir qurumdur. Hadisələrin böyüklüyündən asılı olaraq MŞ da ona uyğun fəaliyyət trayektoriyası qurur. Məlumdur ki, ölkə ümumxalq səsverməsi – referenduma hazırlaşır. Sentyabrın 26-da xalq seçki məntəsinə gedərək əsas qanunumuza irəli sürülən dəyişikliklər layihəsinə münasibət bildirəcək. Milli Şura da bu tədbirə kölgə salmaq məqsədilə sentyabrın 11-də “Məhsul” stadionunda mitinq keçirib. Uzun müddətli təbliğat aparılmasına baxmayaraq mitinqə gözlənildiyi kimi 2500 nəfərə yaxın iştirakçı qatılıb. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun dediyi kimi onlar da yalnız mitinq təşkilatçılarının qohum-əqrəbası olub.

Eyni zamanda S.Novruzov haqlı olaraq qeyd edir ki, bu adamlar mitinq keçirməklə dövlətə və xalqa kəskin münasibətlərini bildirirlər. Başqa təşkilatlara göstərmək istəyirlər ki, Azərbaycanda etiraz var və buna görə o təşkilatlardan pul alırlar. Xarici təşkilatlara məlumat ötürməklə məşğuldurlar. Bəli, vəziyyət həqiqətən də bu cürdür. Yoxsa, Milli Şura durub-durub niyə mitinq keçirsin ki?!

Milli Şuranın mitinqi eyni zamanda qeyri-qanuni bir aksiyadır. Bu qurum Seçki Məcəlləsinin əleyhinə olaraq mitinq keçirib. Məsələ ondadır ki, Milli Şura referendumla bağlı təşviqat qrupu kimi Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməyib. Ona görə də onlar bu məsələ ilə bağlı mitinq keçirməməlidir. Buna baxmayaraq Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq istəyinə müsbət cavab verib. Əslində, Milli Şura mitinq keçirməklə özü-özünü bir daha ifşa edib. Mitinqə 10 minlərlə insan çıxaracağı anonsunu verib stadiona 3 min adam çıxara bilməyən bir təşkilata imkan yaratmaq lazımdır ki, xalq ona qiymət versin.

“MŞ”nın xarici anti-Azərbaycan dairələrin təhriki ilə ölkədə siyasi vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq cəhdləri ölkənin gələcəyinə biganə olmayan siyasətçilərin kəskin etirazı ilə qarşılanıb. Ölkənin ilk prezidenti Ayaz Mütəllibov AXC-AXCP-nin 1990-cı illərdəki səviyyələrində qaldığını bildirib. O qeyd edib ki, necə ədəbsiz idilərsə, elə də qalıblar: “Nə qədər deyirdim ki, onların taktikaları Azərbaycanı faciəyə aparır, lakin dinləmədilər və heç nə də anlamadılar. Görürəm ki, psixologiyaları qətiyyən dəyişməyib. Erməni lobbisi AXC-ni Bakıda aksiyalara təhrik edirdi ki, sərt cavab tədbirləri görüləndə rəsmi Bakı insan hüquqlarının pozulmasında günahlandırılsın”.

Aha… Belə-belə işlər.. Sabiq prezident maraqlı detala toxunur. Hansı ki, bu detal gələcəkdə bir çox araşdırmaların və başımıza gələn faciələrin səbəblərini bilməkdə açar rolu oynaya bilər. Demək, hələ 26-27 il bundan əvvəl Qərb Azərbaycan hakimiyyətinə təsir və təzyiq göstərmək istədikdə insan hüquqları amilindən istifadə edirmiş… Elə AXC-AXCP-nin bu cür avantüraları nəticəsində AXC-dən əvvəlki və sonrakı hakimiyyətlər Qərbin insan hüquqları ilə bağlı əsasız tənqidinin hədəfinə tuş gəlib.

Ayaz Mütəllibov bildirib ki, hakmiyyətin həbslərə başlayacağı təqdirdə cəbhəçilərin Bakıda nələr törədəcəyi haqda onlarda dəqiq məlumatlar olub: “Hətta cəbhə xəttindən könüllü batalyonları Bakıya gətirmişdilər. Siz təsəvvür etmirsiniz ki, onlar Bakıda necə qırğın planlaşdırmışdılar”.

Maraqlıdır ki, özlərini demokrat adlandıran AXCP fəalları sosial şəbəkələrdəki statuslarında “hakimiyyətə gələcəkləri” təqdirdə ilk olaraq onları tənqid edən media nümayəndələrinin və solçuların axırına çıxacaqlarını və əllərində müvafiq siyahılar olduğunu bildiriblər. Buyursunlar, istədikləri şəxslərdən başlasınlar. Kiçik bir tənqid demokrat maskası geyənlərin əsl simalarının üzə çıxmasına şərait yaratdı. Cəbhəçilərin gerçək simasını isə şəxsən mən çoxdan tanıyırdım. Masaüstü kitabım olan yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyinin "Ömrün Naxçıvan aşırımları. 1990-93” adlanan V cildi sayəsində. Bu barədə daha ətraflı növbəti yazımızda.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər