“Milli Şura”nın mitinqi radikal müxalifət düşərgəsində ciddi ziddiyyətlərin olduğunu bir daha nümayiş etdirdi. “Milli şura”nın mitinqinə dəstək verməklə Müsavat Partiyası qarşı tərəfin də onların aksiyasına dəstək verəcəyinə ümid edirdi. Amma göründüyü kimi, bunun tamamilə əksi baş verdi.
Publika.az xəbər verir ki, bu narazılığı Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqov “Teleqraf.com”-a müsahibəsində də etiraf edib.
Y.Sadıqov Milli Şuranın Müsavat Partiyasının planlaşdırdığı mitinqdən bir gün əvvələ özünün mitinqini təyin etməsinə narazılığını belə bildirib:
“Biz Milli Şuranın mitinqindən öncə onlara dəstək verdik, insanların toplanmasına kömək etdik, müəyyən qədər təbliğat apardıq. Könül istərdi ki, indi də belə olsun. Ancaq AXCP yenə mitinq təyin etdi və nəticədə indiki vəziyyət yarandı. Hesab edirəm ki, bu addım növbəti mitinqdə insan sayına mənfi təsir göstərəcək. Mən şəxsən AXCP-nin bu addımına təəssüf edirəm”.
Müsavatçılar Ə.Kərimlinin bu addımını namərdlik və eqoizm kimi qiymətləndirirlər. Xüsusən sosial şəbəkələrdə AXCP üzvləri ilə müsavatçılar arasında konflikt get-gedə dərinləşir. Kimin “ən radikal”, “barışmaz müxalifət” olması iddiası tərəfləri biri-birini təhqir etmək səviyyəsinə çatdırıb.
Müsavatçıların fikrinə görə, Ə.Kərimli tələm-tələsik yeni mitinq təyin etməklə, əslində Müsavatı siyasi arenadan uzaqlaşdırmaq və bununla da “alternativsiz müxalifət lideri” obrazı formalaşdırmaq istəyir.
Müsavat Partiyasının sədr müavini Yadigar Sadıqovun fikrincə, bu, düşünülmüş addım "yeganə müxalifət bizik, Müsavat satqındır" taktikasından irəli gəlir.
Radikal dindarların bir qismi də Ə.Kərimlinin onların adından qərar qəbul edib Müsavatı sıxışdırmaq cəhdlərini pisləyib. Aksiyasının iştirakçısı olan dindarlar biri - Elxan Zaman Əli Kərimlinin addımını “cığallıq” adlandırıb. O, “Ə.Kərimli centlmen kimi davranmadığından” dindarları AXCP-yə deyil, Müsavata dəstək verməyə çağırıb.
AXCP fəalları müsavatı yalançılıqda, AXCP-nin “uğurlarına” qısqanclıqla yanaşmaqda ittiham edir və Müsavatın mitinqinin boykot edilməsinə dair fikir bildirirlər.
Bəzi müxalifətçilər hesab edirlər ki, AXCP-nin məlum qərarı müxalifət daxilində önə keçmək istəyinin ifadəsidir. Onların fikrincə, müxalifət birincilik uğrunda mübarizə aparır.
Məsələ ilə bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da mövqeyini açıqlayıb. O, Publika.az-a açıqlamasında Müsavat Partiyasının AXCP-yə dəstək vermək cəhdini müsbət qiymətləndirdiyini bildirib:
“Birgə mitinqlərin təşkil edilməsi üçün Müsavat Partiyasının göstərdiyi səylər tamamilə doğrudur. Mitinq üçün ayrı-ayrı partiyaların bir-biri ilə “ana müxalifət mənəm” yarışı keçirməsi lazım deyil. Mitinqlər ümumi xalqın iradəsini ifadə etməlidir. Çox təəssüf ki, Azərbaycan müxalifətinin bu xəstəliyi hələ də qalmaqdadır. Azərbaycan müxalifəti yaranmış situasiyadan öz maraqları naminə bəhrələnməyə çalışır. Təbii ki, bu da çox yanlış addımdır”.
S.Cəlaloğlu qeyd edib ki, mitinqə gələn insanların sayını şişirtməklə siyasi reytinq qazanmağa cəhd etmək yanlışlıqdır: “Mitinq məsələsindən siyasi divident kimi istifadə etmək tamamilə yanlışdır. Əgər kimsə ümumrespublika mitinqi keçirirsə, həmin mitinqə yalnız onun qüvvələri gəlmir. Yəni, rəhbərlik iştirak etməsə də, siyasi qüvvələr iştirak edir. Çünki belə mitinqlərdə xalq kimisə dəstəkləmək üçün toplaşmır”.