Baş Prokurorluq bəzi mətbuat orqanlarında bir qrup şikayətçinin aclıq aksiyası keçirməsi barədə yayılan məlumata münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Teleqraf.com-a bildirib ki, bəzi kütləvi informasiya vasitələrində sentyabrın 14-də bir qrup vətəndaşın, o cümlədən Alya Təmrazova, Sevda Süleymanova, Mətanət Mahmarzayeva və başqalarının prokurorluq orqanları əməkdaşları tərəfindən guya onların müraciətlərinə obyektiv baxılmaması, şikayətlərində qaldırılan problemlərin həll edilməməsinə etiraz əlaməti olaraq Baş Prokurorluğun inzibati binası qarşısında aclıq aksiyası keçirmələri barədə informasiyalar yayılıb.
Eldar Sultanov qeyd edib ki, həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən təkzib olunur: “Qeyd edilən vətəndaşlar Baş prokuror tərəfindən şəxsən qəbul edilərək şikayətləri dinlənilib və müraciətlərində qaldırılan məsələlərin həlli üçün Baş Prokurorluğun aidiyyəti vəzifəli şəxslərinə konkret tapşırıqlar verilib”.
Hacı Zeynalov