15 Sentyabr 2016 14:39
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi Akademiyasında yeni dərs ilinin başlaması ilə əlaqədar mərasim keçirilib.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, mərasim Azərbaycanın Dövlət himninin səslənməsi və Dövlət bayrağının ucaldılması ilə başlayıb.

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov yeni dərs ilinin başlaması münasibətilə akademiyanın müəllim və tələbə heyətini təbrik edərək bildirib ki, Prezident İlham Əliyev ölkəmizin davamlı inkişaf strategiyasında təhsili ən vacib amillərdən biri kimi müəyyənləşdirib və bu sahənin inkişafına xüsusi olaraq diqqət göstərir.

3 il əvvəl fəaliyyətə başlayan Dövlət Gömrük Komitəsinin Akademiyasında tədris prosesinin ən müasir tələblər səviyyəsində qurulduğunu vurğulayan Şahin Bağırov ölkəmiz üçün vətənpərvər, savadlı, öz peşəsinin bütün incəliklərinə dərindən bələd olan kadrlar yetişdirilməsi istiqamətində bütün zəruri addımların atıldığını bildirib.

Şahin Bağırov yeni yaradılmasına baxmayaraq Dövlət Gömrük Komitəsinin Akademiyasında keyfiyyətli dərs prosesinin təşkili üçün bütün zəruri şəraitin yaradıldığını və tədris ocağının qısa vaxt ərzində özünə layiqli yer tutduğunu vurğulayıb.

DGK sədrinin müavini akademiyada təhsil alan tələbələrin tezliklə cəmiyyətdə özlərinə layiqli yer tutacaqlarına, dövlətimizin, ölkəmizin inkişafına öz töhfələrini verəcəklərinə əminliyini ifadə edib.

Daha sonra Akademiyaya bu il qəbul olunan tələbələrin valideynlərilə görüş keçirilib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyasında tədris hüquq və iqtisadiyyat ixtisasları üzrə aparılır. Bu il 43 abituriyent bu təhsil ocağının müdavimi adını qazanıb.

İlhamə ƏBÜLFƏT


Müəllif: