16 Sentyabr 2016 18:43
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aqşin Şahinoğlu

Məlum olduğu kimi, avqustun 15-dən 30-dək siyasi palitramızın autsayderləri sayılan “Milli şura” təmsilçiləri bir sıra xarici ölkə səfirliklərinin qapısını yağır etmiş, mitinq keçirməklə bağlı tapşırıq və maddi dəstək vədi almış, sentyabrın ilk günlərindən isə mitinq hazırlıqlarına başlamışdı. Elə bu səbəbdən də radikal düşərgə üzvləri ötən həftəni mitinq mövzusunda müzakirələrlə keçirmiş, sosial şəbəkələrdə və AXCP sədri Əli Kərimlinin nəzarətində olan KİV-lərdə, o cümlədən bəzi xarici radiostansiyaların Azərbaycan redaksiyalarının internet saytlarında 11 sentyabrda keçirəcəkləri mitinqin təbliğatını aparmışdılar. Lakin ayın 11-də vaxt yetişəndə məlum oldu ki, “evdəki hesab bazara uymayıb”. On minlərlə adamın mitinq meydanına gələcəyini gözləyənlər, Qərb ölkələrinin səfirləri qarşısında “Məhsul” stadionunu “etirazçı kütlə” ilə doldurmağı vəd edənlər sözlərinə əməl edə bilmədilər. Bu da təbiidir. Çünki 11 sentyabr mitinqi Azərbaycan cəmiyyətinin tələbindən, günümüzün sosial-iqtisadi və siyasi şərtlərindən deyil, xarici maraq qruplarının, Qərb ölkələrinin səfirliklərinin tapşırığından irəli gələrək təşkil olunmuş zəif şou idi. Elə buna görədir ki, mitinq tapşırığı verənlər Əli Kərimlinin bu işin öhdəsindən gələ bilmədiyini söyləyərək onu məzəmmət edirlər. Sən demə, bu binəvalar sadəlövhcəsinə gözləyirmişlər ki, ayırdıqları pullar hədəfinə çatacaq və bir kolxoz sədri qədər də təşkilatçılıq imkanı olmayan, buna heç qabiliyyəti də çatmayan Ə.Kərimli on minlərlə insanı öz arxasınca apara biləcək. Amma bu “diplomatiya pərgarları”nın xəyalları puç oldu...

Bu yazıda biz “Milli şura”nın “11 sentyabr” mitinqinə sosial şəbəkələrdə baxışı, internet istifadəçilərinin bu aksiyaya münasibətini təhlil etməyə çalışacağıq.

11 sentyabr mitinqi zamanı “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının “facebook” səhifəsində təşkil olunan canlı yayımın şərhlər bölməsinə yazılan fikir və rəylər xüsusilə xarakterikdir. Mitinq yayımı başlamazdan əvvəl ta sona qədər bu səhifələrdə yayılan informasiyaları və ora yazılan şərhləri izlədim. 3 saatdan artıq müddəti əhatə edən müşahidələrim bir şeyi dəqiq deməyə imkan verir ki, “Milli şura” və Əli Kərimlinin ətrafındakı azlıq real ictimai münasibətlərdə olduğu kimi, virtual məkanda da məşhur “şər”i təmsil edir. Təsəvvür edin ki, insanın mənəviyyatı, əxlaqı nəyi etməyə imkan vermirsə, bu başıpozuq qrup onu etməyə ikiəlli girişir.

Sevindirici haldır ki, qaragüruhun hədəfinə çevrilsə də, bildiyi həqiqətləri ifadə edən, ölkə reallıqlarını müdafiə edən gənclərin və fəalların sayı qat-qat çoxdur. Bu insanların “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının “facebook” səhifəsində təşkil olunan canlı yayımın şərhlər bölməsində yazdıqları fikirlərdə də həm “Milli şura”nın antimilli fəaliyyətinin tənqid olunması, həm də 11 sentyabr mitinqinin uğursuzluğu ilə bağlı çoxlu maraqlı fikirlər yer alır.

Məsələn, Vüqar Məmmədov adlı şəxs yazır: “Bu, mitinqdir? Ay balam, bu biabırçılığa son qoyun. Müxalifəti niyə bu günə qoydunuz?...”

Ruslan Babayevin münasibəti isə bu şəkildədir: “Bunlar 900 nəfəri idarə edə bilmir, 9 milyon nəfəri idarə etmək niyyətindədirlər”.

İradə Şakirqızı isə “Milli şura”nın cəmiyyətdə heç bir nüfuzu olmadığını yazır: “Vallah, “Milli şura” nüfuzu olmayan, çoxunun tanımadığı qrupdur. Düşüblər küçələrə, anlamırlar ki, 90-cı illər - hərc-mərclik dövrü bitdi, insanlar artıq sizlərə inanmırlar”.

Sevda Əlizadənin də rəyi təxminən oxşardır: “Milli şura”nı tanıyan varmı? Bir qurum tanınmırsa, necə mitinq iddiasına düşür? Mitinq əvəzinə iş görsələr, yaxşıdır. Amma ona bacarıqları çatmır”.
“Seyrəlin, adam çox görünsün”

Sosial şəbəkə istifadəçilərinin yazdıqları rəylərdə ən çox diqqət çəkən mövzulardan biri mitinqə toplaşan insanların sayının azlığı ilə bağlıdır. Doğrudur, “Milli şura” təmsilçiləri rəqəmləri fantastik həddə şişirdərək guya ətraflarında on minlərlə adamın olması görüntüsünü yaratmağa cəhd edirlər. Amma real faktlar başqa mənzərəni ortaya qoyur. Belə ki, Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, mitinqdə 2500 nəfər adam iştirak edib. “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının “facebook” səhifəsindən canlı yayımlanan mitinqin isə 2802 nəfər izləyicisi olub. İkisinin birgə cəmi 5300 nəfər deməkdir ki, bu da Azərbaycan seçicilərinin ümumi sayının heç mində biri də deyil. Belə olan halda, “Milli şura” və AXCP hansı siyasi çəkidən danışır?

Digər tərəfdən, Kərimli və tərəfdarları mitinq uğursuzluqlarını ört-basdır etmək üçün müxtəlif bəhanələrə əl atır, guya mitinqə gəlmək istəyən kimlərəsə təzyiqlərdən danışırlar. İddia edirlər ki, guya təzyiq olmasaydı, gələnlərin sayı on minlərlə ifadə edilərdi. Onda başqa bir sual meydana çıxır ki, məgər internetdə yayımlanan mitinqi izləməmələri üçün də kimlərəsə təzyiq göstərilib? Bəs necə olur ki, bu yayımı cəmi 2800 nəfər izləyib ki, onların da heç də hamısı “Milli şura”ya rəğbət bəslədikləri üçün bu addımı atmayıblar. Boş vaxtını burada göstərilən tamaşanı seyr edib əylənməklə keçirən, bizim kimi işi gərəyi bu teatr səhnəsinə tamaşa edənlər də yetəri qədər idi. Nəzərə alsaq ki, bu gün Azərbaycanda ölkə üzrə internet istifadəçilərinin sayı 2 milyondur və internet tam azaddır, onda 2800 nəfər izləyici gülməli bir göstəricidir. Elə “Azadlıq” radiosunun “facebook”dakı səhifəsinə yazılan şərhlərdə də bununla bağlı maraqlı və ironik yanaşmalar var.

Məsələn, Lamiyə Məcidova adlı sosial şəbəkə istifadəçisi yazır: “Bu mitinqdə əsas iş fotoqraflara düşür. Yazıqlar əllərindən gələni etməlidir ki, şəkildə kütlə göstərə bilsinlər”.

Namiq Murad adlı şəxs isə mitinqdə kütləviliklə bağlı iddialara belə münasibət bildirib: “Nəsə gələnlərin sayı çox azdır. Bəs deyirdilər millət axışır? Daha çox ağsaqqallar yığıncağına oxşayır bu mitinq”.

Baba Əliyev yazır: “Metronun şəklini çəkib deyirlər ki, mitinqə gələn çoxdur. İnşaatçılar metrosunda adi gündə bundan çox adam olur”.

Həsən Əliyev: “Seyrəlin, adam çox görünsün”.

Şərhlər sırasında “Toydadırlar?”, “Bu nədir?”, “Buna mitinq deyirlər?”, “Diskodur, yoxsa mitinq?”, “Özfəaliyyət dərnəyiniz elə bundan ibarətdir?”, “Başqa mahnı yoxdurmu?” və s. bu qəbildən olan kinayələr, amma eyni dərəcədə situasiyaya uyğun suallar kifayət qədər çox səslənib. Amma Kərimlinin muzdlu “söyüş briqadası”nın üzvləri bu suallara cavab vermək əvəzinə ya bütün səhifəni məntiqsiz çağırışlarla doldurur, ya da sual müəlliflərinə təhqirlər yağdırırdılar.

Marağa səbəb olan digər şərhlər isə mitinqin sifarişçiləri ilə bağlı yazılan rəylər idi. Məsələn, Natiq Əzim adlı sosial şəbəkə istifadəçisi yazır ki, bəzi Qərb ölkələrinin səfirlikləri müxalifətin mitinqinə açıq dəstək veriblər, onlara belə bir mitinqi keçirmək üçün böyük məbləğdə yardım sözü veriblər: “Milli şura” üzvlərinin avqustun 15-dən 30-na qədər ABŞ, Almaniya, Fransa və digər Qərb ölkələrinin səfirliklərinin qapısında yatması da deyilənləri təsdiq edir. Hətta mətbuat yazıb ki, bəzi səfirliklər bu mitinqin təşkilati və təbliğati işlərini öz üzərlərinə götürüblər. Belə ki, səfirlik əməkdaşları bəzi siyasətçilərə və QHT rəhbərlərinə gizli-emaillər yazaraq onları mitinqə dəstək verməyə çağırıblar. Ona görə də, müxalifətin həmişə 300-400 nəfər olan mitinq iştirakçılarının sayı bu dəfə 2000 nəfərə çatdı. “Müsavat”ın əvvəlcə mitinqdə iştirak etməyəcəyini açıqlamasından sonra qərarını dəyişərək öz üzvlərini bu mitinqə göndərməsi də bu ianə ilə bağlıdır”.

Xan Bəkirli də bu mitinq təşəbbüsünün başqa mərkəzlərdən gəldiyini vurğulayır: “Səfirlikləri bir-bir gəzdilər, pul yığdılar, indi də milləti küçələrə tökmək istəyirlər. Maraqlıdır ki, bəs Əli Kərimlinin oğlu haradadır? Niyə o iştirak etmir?” O, başqa bir şərhində isə yazır: “Əli Kərimli pulunu alıb qoyub cibinə, bunlar isə ac yalavac gəliblər mitinqə”.

Toğrul Rzayev: “Əli Kərimli bayrağın göy rəngindən yaman yapışıb. Amma əminəm ki, səbəbi türkçülük deyil”.

Jale Tofiqqizi: “Yaşasın Azərbaycan deyirsənsə, başqalarının bayrağı başın üstə niyə dalğalanır? Bu mitinq adı xalq üçün, hesabatı AB üçündür”.

Son olaraq, bu proseslərdə “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının tutduğu mövqeyə də toxunmaq istərdim. Azərbaycan cəmiyyətinin “Azadlıq” radiosunun fəaliyyətinə mənfi münasibət göstərməsi, bununla əlaqədar irad və narazılıqları bir çox səbəblərlə şərtlənir. Bu, ilk növbədə redaksiyanın əksər məsələlərdə Azərbaycan dövlətinə qarşı mövqe ortaya qoyması ilə bağlıdır. Eyni zamanda, bu KİV özünün başlıca fəaliyyət prinsipləri kimi elan etdiyi (radionun rəsmi saytında bununla bağlı məlumat yerləşdirilib - A.Ş.) dəqiqlik, obyektivlik, qərəzsizlik, ictimaiyyətə dolğun informasiyanın ötürülməsi kimi prioritetləri heçə sayır, xüsusilə siyasi proseslərdə tərəf kimi çıxış edir. Bu günə qədər “Azadlıq” radiosunun ölkədaxili proseslərə müdaxilə etmək cəhdini dəfələrlə müşahidə etmişik. Belə bir haqlı ictimai rəy formalaşıb ki, ABŞ Konqresi tərəfindən maliyyələşdirilən “Azadlıq” radiosu Birləşmiş Ştatların vergiverənlərinin ödədiyi vergilər hesabına Azərbaycanda radikal müxalifət dairələrinin fikirlərini, daha dəqiq desək, onların hakimiyyət əleyhinə çağırışlarını yaymaqla məşğuldur. Qondarma “Milli şura”nın 11 sentyabr mitinqində yaşananlar da bu qənaəti yaradır. Radionun Azərbaycan redaksiyası konkret olaraq mitinq təşkilatçılarının ruporu rolunu öz üzərinə götürdü və bu vəzifəni sevə-sevə yerinə yetirməyə çalışdı. Əlbəttə, bu davranış heç bir KİV təmsilçisinə başucalığı gətirmədiyi kimi, onun təmsil etdiyi ölkə ilə bağlı da cəmiyyətimizdə heç də pozitiv fikirlərin yaranmasına səbəb olmur.

Beləliklə, sadalananlar bir daha göstərir ki, “Milli şura”nın mitinqi fiasko ilə nəticələndi. Sadəcə ona görə yox ki, insanlar bu radikal ünsürlərin heç bir tədbirinə maraq göstərmir və bu kimi aksiyalarda iştirak etmirlər. Həm də ona görə ki, artıq informasiya və kommunikasiya texnologiyalarını kifayət qədər mənimsəmiş, internetin yaratdığı imkanlardan geniş bəhrələnən Azərbaycan ictimaiyyəti “Milli şura”nın başbilənlərinin sosial şəbəkə fırıldaqlarına da layiqli cavab verir. Bu səbəbdən də 11 sentyabrda “Milli şura” “Məhsul” stadionunda, onların virtual “trolları” isə sosial şəbəkələrdə məğlub oldu.


Müəllif:

Oxşar xəbərlər