Xəbər verildiyi kimi, Milli Şura bu gün Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) mitinq keçirir. Sabah isə Müsavat Partiyası mitinqini eyni məkanda baş tutacaq.
Publika.az-ın əməkdaşı ilə söhbətindən millət vəkilləri Fəzail Ağamalı və Aydın Mirzəzadə mitinqlərin gözlənilən nəticələri ilə bağlı fikirlərini bildirib.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Azərbaycan Xalq Cəbhəsi Partiyasının sentyabrın 11-də Milli Şura adı altında keçirdiyi mitinqin çox sönük keçdiyini xatırladıb:
“Mitinqdə çıxış edənlərin söylədikləri heç bir arqumentə söykənmirdi. Aksiya cəmiyyətə və ictimai rəyə də hər hansı təsir göstərə bilmədi. Çox da böyük olmayan stadionu dolduracaq qədər insanları cəlb edə bilmədilər. Gələnlərin də əksəriyyəti, məlumatlara görə, hansısa həvəsə görə oraya toplanmışdılar. Əgər mitinqdə 1500-2000 nəfər var idisə, onlar da Milli Şuranın bazası deyildilər ”.
Onun sözlərinə görə, Milli Şura bugünkü, Müsavat Partiyası isə sabah keçirəcəyi mitinqdə də eyni aqibətlə üzləşəcək: “Müsavat Partiyası Azərbaycan cəmiyyətində artıq ən zəif partiyalardan biri kimi diqqəti cəlb edir, sosial bazası yoxdur, partiya Bakıda ofis partiyasına çevrilib. Onun çağırışları cəmiyyət tərəfindən müsbət qarşılanmayacaq və buna qətiyyən şübhəm yoxdur. İctimai rəyə hər hansı təsir göstərə bilməyəcəklər. Müsavat Partiyasının mitinqi də Milli Şuranın mitinqi qədər zəif və sönük olacaq. Sadəcə olaraq Azərbaycanda aparıcı partiya statusunu qazanmaq və bunu təsdiq etmək istəyi ilə mitinqlər keçirirlər.
Eyni zamanda xaricdə anti-Azərbaycan qüvvələrin diqqətini cəlb etmək, onların vasitəsilə maliyyə cəlb etmək istəyirlər. Bunlara nail ola bilməyəcəklər. Çünki, Azərbaycanda müxalifət bütövlükdə çox zəifdir”.
Millət vəkili Aydın Mirzəzadə hesab edir ki, mitinqlərin referendumla bağlılığı böyük şübhə doğurur: “Birincisi, müxalifət referendumla əlaqədar təşviqat qrupu yaratmadı. İkincisi, müxalifət Konstitusiyaya dəyişikliklərlə bağlı bu gün hər hansı fikrini ortaya qoymur. Belə bir təəssürat yaranır ki, onlar ya hansısa bir tapşırıq yerinə yetirirlər, ya da hansısa vəsaitin xərclənməsi üçün mütləq tədbir keçirməlidirlər.
Onlar bilirlər ki, sosial bazaları çox zəifdir. Buna görə də biri-biri ilə rəqabətə girərək dalbadal mitinq təşkil edirlər ki, bir-birinin sosial bazasını oğurlasın. Amma belə görünür ki, az sayda sosial bazanın özü də onların əlində alətə çevrilməyə razı olmayacaq. Əlbəttə ki, yaxşı bucaq altında çəkilmiş şəkillər, video kadrlar kimlərə hesabatda müəyyən rol oynayacaq”.
Millət vəkili Milli Şuranın ötən həftə keçirilən mitinqində iştirak edən insanlarının sayını da xatırladıb: “Rəsmi məlumatlara görə, mitinqdə 2500 nəfər iştirak edib. Amma şəkil görüntüləri isə rəqəmin bundan qat-qat az olduğunu göstərir. Lap 2500 olsa da, bu, Yeni Azərbaycan Partiyasının ən balaca rayon təşkilatından azı üç dəfə kiçikdir. Yəni, müxalifətin ümumrespublika mitinqlərinin bu qədər zəif keçirilməsi radikal müxalifətin cəmiyyətdə nüfuza malik olmadığını, onların ideyalarının dəstəklənmədiyini göstərir. Üzvlük haqqı toplamadan, maliyyə hesabatı vermədən radikal müxalifətin fəaliyyət göstərməsi, böyük qərargahlar və cangüdənlərin saxlanılması və xarici səfərlərin təşkil göstərir ki, rəhbərliyin sosial vəziyyəti heç də pis deyil. Bunun kökünün isə haradan olması isə böyük sual doğurur”.