"Əvvəlki illərdə üzümçülüklə bağlı görülmüş tədbirlər öz bəhrəsini verir. Ancaq hesab edirəm ki, bu, lazımi səviyyədə deyil və daha da böyük investisiyalar qoyulmalıdır".
Teleqraf.com-un məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsindəki giriş nitqində deyib.
Prezidentin sözlərinə görə, ixrac qabiliyyətli məhsulların istehsalını artırmaq üçün müxtəlif bölgələrdə böyük fındıq bağları salınacaq: "Demək olar ki, mövcud fındıq bağlarından iki dəfə çox yeni bağlar salınacaq. Artıq yerlər də müəyyən edildi və işlər görülür. Səmərəsiz istifadə olunan torpaqlarda planlı şəkildə növbəli əkin təmin ediləcək".
Dövlət başçısı deyib ki, böyük torpaq sahələri daha səmərəli şəkildə dövriyyəyə buraxılacaq: "Ona görə, bu il çox ciddi təftiş aparılır. Bəzi torpaqlar müxtəlif adamlar tərəfindən qanunsuz olaraq zəbt edilib və o torpaqlarda heç bir fəaliyyət göstərilmir. O torpaqların icarə müqavilələri ləğv edilməlidir. Artıq bir çox müqavilələrin icarəsi ləğv olunub, bu proses davam etdirilir".
İxracyönümlü məhsul istehsalının bu gün ölkə qarşısında prioritet vəzifə olaraq dayandığını vurğulayan dövlət başçısı bu vəzifənin icra edilməsini vacib hesab edib: "İlk növbədə, biz bunu ona görə etməliyik ki, ölkəmizin mövcud olan bütün kənd təsərrüfatı potensialını 100 faiz səviyyəsində həyata keçirək. Bir qarış torpaq boş qalmamalıdır".
Przedent dünyada neftin qiymətinin düşməsi ilə bağlı gəlirlərin azaldığına da diqqət çəkib: "Əgər qiymət üç-dörd dəfə düşürsə, gəlirlər də üç-dörd dəfə azalır. Biz Azərbaycana valyuta axınını təmin etməliyik. Ona görə, ixracyönümlü məhsulların istehsalı xüsusi əhəmiyyət daşıyır. Pambıq da ixracyönümlü məhsuldur".
Prezident pambıqçılıqla bağlı gələn il üçün daha böyük planlar hazırlandığını deyib: "Gələn ilə hazırlıq işləri artıq başlayıb. Bu il buna böyük vəsait sərf olunub, operativ olaraq bütün lazımi tədbirlər görülüb. Suvarma ilə, elektrik enerjisi ilə bağlı tədbirlər görülüb, yeni pambıqyığan kombaynlar, minlərlə adda kənd təsərrüfatı texnikası gətirilib və bəzi texnikalar hələ ki, yoldadır. Gələn ay onlar da gəlib çatacaq və 2017-ci ildə də gətiriləcək".
Dövlət başçısı pambığın alış qiymətinin artırılacağını bildirib: "Bu gün buraya gələrkən görkəmli pambıqçı, Sosialist Əməyi Qəhrəmanı Fatma xanım Hüseynovanın briqadasında olmuşam. Sağ olsun, mənim üçün çay süfrəsi də açmışdı. Biz yaxşı xatirələri bölüşdük, gəlin Fatma xanımı salamlayaq. Orada da söhbət əsnasında deyildi ki, bəli, alış qiymətləri artıb, ancaq yaxşı olar bir az da artsın. Əlbəttə, yaxşı olar, biz də bunu istəyirik, fəhlələr üçün daha yaxşı olacaq. Ona görə, mən indi müvafiq orqanlara tapşırıq verirəm ki, - Prezident Administrasiyası, Kəndə Təsərrüfatı, İqtisadiyyat nazirlikləri, pambıqla məşğul olan firmalar da baxsınlar, - biz nə qədər mümkünsə, əlbəttə, alış qiymətini qaldırmalıyıq. İlk növbədə ona görə ki, insanlar daha da çox pul əldə etsinlər. Eyni zamanda, biz pambıqçılığın inkişafının stimullaşdırılması üçün əlavə tədbirlər görməliyik".
İlham Əliyev pambıqçılıq üçün həlledici il adlandırıb: "Bir daha demək istəyirəm ki, 2016-cı il pambıqçılığın inkişafı üçün həlledici il olacaq. Bu, bir başlanğıcdır və əminəm ki, bundan sonra pambıqçılıq Azərbaycanda sürətlə inkişaf edəcək, geniş vüsət alacaq".