18 Sentyabr 2016 17:11
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn pozulması hallarına, insan hüquqları Şurasının 33-cü iclası və Ermənistan XİN-in açıqlamasına dair Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib.

Teleqraf.com-un xəbərinə görə, Hikmət Hacıyev bildirib ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində Azərbaycan əhalisinə qarşı qanlı etnik təmizləmə, o cümlədən Xocalı soyqırımının törədilməsi və Azərbaycan xalqına məxsus maddi-mədəni irsin, dövlət və özəl mülkiyyətinin, təbii sərvətlərin talan edilməsi, qəsdən mülki obyektlərə və şəxslərə qarşı sistematik hücumların təşkil edilməsi, əsir və girov götürülmüş mülki və hərbi azərbaycanlı şəxslərin qeyri-insani fiziki və psixoloji işgəncələrə məruz qoyulması və kütləvi şəkildə öldürülməsi halları beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır:

"Bu xüsusda Ermənistan tərəfindən 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, 1954-cü il Hərbi münaqişələr dövründə mədəni mülkiyyətin qorunmasına dair Haaqa Konvensiyası və onun protokolları, Mülki və siyasi hüquqlara dair beynəlxalq pakt, İqtisadi, sosial və mədəni hüquqlara dair beynəlxalq pakt, İşgəncə və digər zorakılıqların, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və yaxud cəzalara qarşı Konvensiya, Bütün növ ayrı-seçkiliyin aradan qaldırılması haqqında Konvensiya, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulması halları qeyd edilməlidir.

Bu cinayət əməllərinin davamı kimi, 2 aprel 2016-cı il tarixindən Ermənistan silahlı qüvvələri təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriya və iri çaplı silahlardan intensiv atəşə tutub. Ermənistanın hücumları və sonrakı həmlələri nəticəsində qoşunların təmas xətti boyunca 30-dan artıq şəhər və kənd atəşə məruz alıb, uşaqlar da daxil olmaqla xeyli sayda mülki Azərbaycan əhalisi öldürülüb və yaralanıb.

Ermənistan Respublikasının bir dövlət kimi beynəlxalq səviyyədə qanunsuz əməllərinə görə daşıdığı məsuliyyəti ilə yanaşı, Ermənistan tərəfindən münaqişə dövründə beynəlxalq humanitar və insan haqları hüququnun pozulması beynəlxalq cinayət hüququna görə cinayət kimi tövsif olunur.

Ermənistan tərəfindən davamlı şəkildə törədilən bu cinayətlər pərakəndə və ya təsadüfi hallar olmayaraq, Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi məqsədyönlü siyasətinin nəticəsidir. Milli səviyyədə, eləcə də mövcud beynəlxalq hüquqi çərçivədə görülən tədbirlər Ermənistanın Azərbaycana qarşı təcavüzü dövründə törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət mühakiməsinə çıxarılmasına xidmət edəcəkdir.

Təəssüflər olsun ki, BMT-nin İnsan hüquqları üzrə Ali komissarlığının ofisi 20 ildən artıq dövr ərzində azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulması hallarına səssiz qalmışdır. Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi 14 sentyabr 2016-ci il tarixində keçirilmiş İnsan hüquqları Şurasının növbəti iclasında bir daha bu məsələni qaldırmışdır.

BMT-nin İnsan hüquqları üzrə Ali komissarlığının Ofisi və digər beynəlxalq təsisatlar qeyd olunan beynəlxalq sənədlərə, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn, o cümlədən azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının kütləvi və kobud şəkildə pozulması hallarına xüsusi diqqət yetirməlidirlər".


Müəllif:

Oxşar xəbərlər