“Rusiyada parlament seçkisində gözlənildiyi kimi sürpriz baş vermədi, Dövlət Dumasının tərkibinə yenə həmişəki 4 partiya daxil oldu. İlkin hesablamalara görə hakim partiya parlamentdə konstitusiyalı çoxluğa malik olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu deyib.
E.Şahinoğlu bildirib ki, seçkinin nəticələri hakim partiya üçün sevindirici xəbər olduğu qədər də düşündürücü nəticədir: “Çünki yaxın illərdə Rusiya iqtisadiyyatında müsbətə doğru dönüş baş verməyəcək və Dövlət Duması qeyri-populyar qanunlar qəbul etmək və yerində sayan hökuməti dəstəkləmək məcburiyyətində qalacaq”.
Ekspertin fikrincə, bu seçkilərin digər nəticəsi ondan ibarətdir ki, Rusiyada liberal ideya tam iflasa uğrayıb: “Liberal ideyaların daşıyıcısı olan sağ təmayüllü partiyalar 1 və ya 2 faiz həndəvərində nəticə topladılar, heç biri parlamentə düşmək üçün 5 faizlik baryeri aşa bilmədi. Bu nəticədə özlərinin də günah var; rusiyalı liberallar bizimkilər kimi vahid ideya ətrafında birləşə bilmir, hərə yorğanı öz üzərinə çəkir, nəticədə hamısı qapının arxasında qalır”.
Səxavət