19 Sentyabr 2016 17:07
381

“Bir-biri ilə mitinq yarışına çıxan və bununla da yalnız öz aralarında rəqabət apardıqlarını növbəti dəfə sərgiləyən qrupların aksiyalarını uzaqdan, texniki vasitələrlə də olsa izləməyə çalışdım. Çıxışları dinlədim... Və növbəti dəfə son 20 il ərzində bu gerilikçi düşərgə və “iflas liderləri” haqqında yazdıqlarıma haqq qazandırdım”.

Teleqraf.com xəbər verir ki, bunu müxalifətin son mitinqlərinə qiymət verən politoloq Elçin Mirzəbəyli dilə gətirib.

E.Mirzəbəyli xatırladıb ki, gələn ay dövlət müstəqilliyimizin bərpa olunmasının 25 illiyini qeyd edəcəyik: “25 il az müddət deyil. Bu müddət ərzində ölkədə və dünyada proqnozlaşdırılması mümkün olmayan qlobal dəyişikliklər baş verib. Hər şey dəyişib. Amma siyasi təcrübələrinin yaşı Azərbaycanın dövlət müstəqilliyindən 3-4 il çox olan bu insanlar zərrə qədər də dəyişməyiblər. Eyni ritorika, eyni pafos, qəzəb və kin püskürən gözlər, eyni düşüncə tərzi və eyni, çeynənmiş siyasi texnologiyalar.

Bu adamlar dəyişmirlər. Çünki ətraflarında yalnız özləri kimi düşünən məhdud saylı insanları saxlayıblar. Bu adamların radikal dini qruplarla işbirliyində olması da onların vaxtilə elan etdikləri dəyərlərdən nə qədər uzaq düşmələrini, yaxud gerçək mahiyyətlərinin üzə çıxdığını nümayiş etdirir”.

E.Mirzəbəylinin fikrincə, son 25 il ərzində bu adamlar nəinki ölkənin siyasi həyatındakı mövqelərini, hətta ideoloji söykəncəklərini də təhvil veriblər: “ Bir zaman milli ideologiyadan dəm vuran bu adamlar sonralar Qərb liberalizmindən rus avtoritarizminə, İran teokratizminə qədər yuvarlanıblar. Sekulyar dövlətçilikdən damışdıqları halda qarşılarına şəriət dövləti qurmaq məqsədi qoyan radikal qruplarla eyni cərgədə yer alıblar. Bir zamanlar Bütöv Azərbaycançılığı hədəf seçdiklərini bəyan etdikləri halda İranın Azərbaycançılıq məfkurəsini məhv etməyə hazır olan dairələrinin sifarişlərinin icraçısına çevriliblər, Azərbaycanın istiqlalının əbədiliyi uğrunda mücadilə apardıqlarını bildirdikləri halda bu istiqlala qənim kəsilən imperiyanın layihəsinin iştirakçısı olublar. Bu adamların əllərində siyasi mübarizəyə başladıqları andan sahiblənmək istədikləri ideoloji-siyasi mirasdan heç nə qalmayıb. Amma yenə də siyasi səhnəni tərk etmək, gec də olsa seçdikləri yanlış yoldan çəkinmək niyyətləri yoxdur. Bu adamlar siyasi və ideoloji baxımdan çoxdan ölüblər. İndi meydanda olanlar isə zombilərdir”.

Cavad


Müəllif: