22 Sentyabr 2016 11:49
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Vüsal İsayev və Şəmsi Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Teleqraf.com xəbər verir ki, bu il aprelin 21-də Bakı şəhər sakini, 76 yaşlı Nelli Sultanovanın qulaq nahiyəsində əzilmiş xəsarətləri olan meyiti yaşadığı Suraxanı rayonunun Hövsan qəsəbəsindəki mənzilində tapılıb.


Polis və prokurorluq orqanları əməkdaşlarının əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində onun qonşusu Vüsal İsayev və Bakı şəhər sakini Şəmsi Məhərrəmov tərəfindən tamah məqsədi ilə qətlə yetirildiyi müəyyən edilib.

Qətli törətmiş Vüsal İsayev və Şəmsi Məhərrəmov tutulublar. Onlar evdən götürdükləri 750 manat pulu və qızıl əşyalarını təhvil veriblər.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə prokuror hər iki şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Zərərçəkmişin hüquqi varisi prokrorun təqsirləndirilən şəxslərə məhkəmədən istədiyi cəza ilə razı olduğunu deyib.

Məhkəmə heyəti müşavirəyə yollanıb. Müşavirədən qayıdan hakimlər kollegiyası hökmü elan edib.
Vüsal İsayev 20 il, Şəmsi Məhərrəmov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: