"Azərbaycanın heç bir ölkədən havayı silah almasına ehtiyacı yoxdur".
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib.
Nazir müavini bildirib ki, Azərbaycanın müasir texnologiyalar alıb ölkədə həmin məhsulları istehsal etməyə gücü var: "Çünki biz ordumuzu mümkün və kifayət qədər silah-sursat, döyüş texnikası ilə təmin etməyə qadirik".
Yəhya Musayev qeyd edib ki, Ermənistanda keçirilən parad sadəcə parodiyadır.
Ermənistandakı "İskəndər M" raketlərinə bərabər kompleksin Pakistandan alınması üçün danışıqlar aparılması ilə bağlı suala cavab verən nazirlik rəsmisi qeyd edib ki, Azərbaycanın MSN-i istehsalçıdır və silahsursat almır: "Bu sualı Müdafiə Nazirliyinə ünvanlasaz daha yaxşı olar".
O, həmçinin qeyd edib ki, Azərbaycanın istehsal etdiyi məmulatlara olan tələbat çoxluğundan bəzi sifarişlərdən imtina edilir: "Vaxtımız və imkanımız yoxdur ki, həmin silahları qısa müddətdə istehsal edək".
Müraciətlərin əsasən Avropa, Afrika və Asiya ölkələrindən olduğunu deyən nazir müavini əlavə edib ki, onlar ən çox döyüş sursatları, silah almaq istəyirlər: "Silahlarımız rəqabətli, keyfiyyətlidir və həmin məmulatlar dünya bazarındakı qiymətlərə uyğun satılır".
İlhamə ƏBÜLFƏT