Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 22-də “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” Sərəncam imzalayıb.
Teleqraf.com-un məlumatına görə, Sərəncama əsasən, ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və sosial rifahının daha da yaxşılaşdırılması məqsədi ilə emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiya nəzərdə tutulub.
Subsidiya 2016-cı ildə istehsal olunan və emal müəssisələrinə satılmış xam pambığa da şamil edilir.
Nazirlər Kabinetinə emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına subsidiyanın verilmə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla 15 gün müddətində müəyyən etmək, Maliyyə Nazirliyinə isə maliyyələşməni təmin etmək tapşırılıb.