23 Sentyabr 2016 13:03
5 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov cavablandırıb:

-Tağı müəllim, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı apardığı təbliğat-təşviqat kampaniyasını necə qiymətləndirirsiniz?

-Kampaniyamız çox yüksək səviyyədə keçir. Qrafik əsasında Yeni Azərbaycan Partiyasının seçiciləri, 18 yaşına çatmış gənclər, vətəndaş cəmiyyətinin üzvləri ilə görüşlərimiz olur. YAP Qadınlar Şurasının təşkilatçılığı ilə qadın seçicilərlə də görüşlər keçirmişik. Çox möhtəşəm kampaniya aparırıq. Görüş keçirdiyimiz məkanlarda hətta stullar çatışmırdı, əlavə stullar qoyurduq ki, camaat ayaq üstə qalmasın.

Yəni seçicilərdə referenduma böyük həvəs var. Hamı bu prosesi gözəl başa düşür, anlayırlar ki, Konstitusiyamıza ediləcək əlavə və dəyişikliklər Azərbaycan xalqının xeyrinədir. Nəzərdə tutulan dəyişikliklərin hamısı labüddür, zamanın tələbinə cavab verir. Görüşlərdə seçicilər onları maraqlandıran məqamlar barədə suallar ünvanlayır, biz də izahat veririk.

-Seçici sualları daha çox hansı müddəalar ətrafında olur?

- Gəncləri maraqlandıran deputatlığa namizədliklə bağlı yaş senzinin aradan götürülməsi məsələsidir. Yadınızdadırsa, 1991-92-ci illərdə acınacaqlı vəziyyətlə qarşılaşmışdıq. İqtidarda olanlar məhdudiyyəti qoymuşdular, yaşı 65-dən yuxarı olan şəxslərin prezidentliyə namizədliyini irəli sürmək hüququ yox idi. Bu isə o vaxt Heydər Əliyevin prezidentliyə gəlişini əngəlləyən düşünülməmiş tədbir idi. O vaxtkı müxalifət və Heydər Əliyev tərəfdarları Milli Məclisin qarşısında böyük çaxnaşma ilə yaş senzinin götürülməsini tələb etdi və nəticədə bu məhdudiyyət aradan qalxdı.

1993-cü ildə isə xalqın tələb və təkidi ilə Heydər Əliyev vəzifəyə gəldi, 10 il müddətində çalışdı, onun prezidentliyi dövründə gördüyü işlər 50 ilin işinə bərabərdir. O, həmişə gecə-gündüz demədən, gərgin işləyirdi. 1995-ci il noyabrın 12-də məhz Heydər Əliyevin hər bir sətrinə, hərfinə diqqət elədiyi müstəqil dövlətin ilk Konstitusiya qəbul olundu. Gənc Azərbaycan dövlətinin Konstitusiyasını yaratmaq Heydər Əliyevə nəsib oldu.

1978-ci ildə Konstitusiya tərtib olunanda Heydər Əliyev SSRİ-nin “mənəm-mənəm” deyən vaxtında dövlət dilinin Azərbaycan dili olması məsələsini ortaya qoydu. O vaxt Ukraynanın birinci katibi deyəndə ki, bizim bir dilimiz var, o da rus dilidir, Heydər Əliyev çox kəskin danışmışdı. Demişdi ki, əgər millətiniz rus dilini arzulayırsa, dövlət kimi qəbul edin, ancaq bizim millət öz dilini istəyir. Beləliklə, Azərbaycan ana dilini dövlət dili kimi tətbiq elədi.

1995-ci il Konstitusiyasına 2002 və 2009-cu illərdə edilmiş əlavə və dəyişiklər də zamanın tələbi idi. Belə bir təsadüf diqqətə çıxır ki, 7 ildən bir Konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirilir, halbuki məsələyə bunun heç bir aidiyyəti yoxdur. Ümumxalq səsverməsi 3 ildən bir də baş tuta bilər. Zərurət yaranırsa, referendum keçirilir...

-Vurğuladınız ki, gənclər deputatlığa namizədlə bağlı yaş məhdudiyyətinin aradan götürülməsi ilə maraqlanır. “18 yaşlı gənc necə deputat olacaq” sualı ətrafında müzakirələr aparılır. Sizin yanaşmanız necədir?

-İntellektual səviyyəli gənclərimiz çoxdur. Gənclər bilik və bacarıqları ilə çox irəli gediblər. 700 balla universitetə qəbul olan abituriyent 18-21 yaşında niyə deputat seçilməsin ki? Ona bu hüquq niyə verilməsin? Eyni zamandan 30 yaşdan yuxarı şəxslərin hakimliyə seçilməsi məsələsi gənclər arasında müzakirə mövzusu idi, yaş senzinin aradan qaldırılması onlarda böyük ümid yaratdı. Universiteti bitirən gənc gözləməli idi ki, 30 yaşı tamam olsun, sonra hakimlik üçün imtahandan keçsin. 5 illik əmək təcrübəsinin tələb kimi qoyulması da onlar üçün ən yaxşı nümunədir.

-Referendum Aktında nəzərdə tutulan məsələlərdən biri də prezident seçilmək üçün 35 yaş məhdudiyyətinin aradan qaldırılması və prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılmasıdır. Bu müddəa ilə bağlı fikirləriniz maraqlıdır...

-Deyirlər, ağıl yaşda deyil, başdadır. Prezident olmaq istəyən şəxsin yaşının 30, yaxud 40 olması vacib deyil. Əgər bu gün hər hansı lider ortaya çıxarsa və prezidentliyə namizədliyini verib xalqın etimadını qazanarsa, ölkəyə rəhbərlik edə bilər. Buna görə də yaş həddinin aradan götürülməsi hamı tərəfindən yüksək səviyyədə qəbul edilir. Kənd zəhmətkeşlərini maraqlandıran məsələ torpaq islahatlarıdır. Düşünün, Rusiya kimi dövlətdə torpaq islahatı hələ başa çatmayıb, ancaq hələ Ulu Öndər bu islahat vaxtında və uğurla aparıldı.

Torpaqların əhaliyə paylanması və ya iş adamlarına verilməsi indi bir növ onların dincə qoyulması anlamına gəlir. Bu gün biznesmenlər, fermerlər var ki, vaxtilə pulları olub, torpaqları alıblar, deyirlər, istifadə eləmirik... Halbuki torpaq birmənalı olaraq dövlət mülkiyyətidir, heç kəs onu dövlətdən ala bilməz. Adi misal çəkim, sabah sizə verilən torpaqda neft çıxsa, bu o demək deyil ki, torpaq sizindirsə, neft də sizin olmalıdır.

İndi ölkədə min hektarlarla əkilməyən torpaqlar var, həmin torpaqlardan istifadə olunması naminə Konstitusiyaya maddə əlavə olunub. Konstitusiyaya 23 əlavə, 6 dəyişiklik hər bir seçicinin ürəyincədir. Bundan başqa, uzunmüddətli layihə və proqramlarımız var, onların həyata keçirilməsi üçün vaxt lazımdır. Özünüz də görürsünüz, prezidentimiz bəzən hər gün azı 2-3 dəfə regionlarda olur, kənd təsərrüfatının artımı, zavod, fabrikin yaranması məsələsinə ilə maraqlanır. Neft bir sərvət olaraq bizə verilmişdi, prezidentimiz dediyi kimi, neftin gəlirindən tam səmərəli istifadə etdik. Əlbəttə, müxalifətə bunu izah edəndə başa düşmək istəmirlər.

Neftin verdiyi faydalar hansılardır? Yollarımız düzəldi, İpək Yolu tam bərpa edildi, 1965-70-ci illərdə tikilən məktəblər tam təmir olundu və yenidən quruldu, sənaye binaları düzəldildi, səhiyyə binaları tikildi, avandanlıqlarla təmin olundu, idman kompleksləri tikildi və idmançıların sərəncamına verildi. Bütün bunların hamısı elə-belə, asan başa gələn məsələlər deyildi. 1991-92-ci illərdə ölkədə işıq fasilərlə verilirdi. Bu gün ən böyük xoşbəxtliyimiz odur ki, idxaldan ixraca keçmişik. Nəinki evlərimizə işıq verilir, küçələrimizi işıqlandırırıq, eyni zamanda binaların fasadını işıqlandırırıq ki, şəhərimiz gözəl olsun. Görün, neftin bizə verdiyi imkanlar nə idi!.. Bunu dərk etmək üçün cüzi ağıl lazımdır. Çox təəssüf ki, müxalifət yalnız boş-boş danışmaqla məşğuldur, bunları görmür. Ancaq xalqın gözü tərəzidir. Azərbaycanının bugünkü seçicisi dünənki seçici deyil. Seçicilər öz səlahiyyətlərini bilir və seçki məntəqələrinə gəlib səsini verir.

-Eyni zamanda ölkədə yeni idarəetmə formalaşacaq. Vitse-prezidentlik institutu yaranacaq...

-Ayda yüzlərlə mühüm müqavilələr bağlanır. Əlbəttə, imzalanma mərasiminin hamısına qatılmaq üçün prezidentin vaxtı çatmaz. Ona görə də I vitse-prezident, vitse-prezidentlər, Nazirlər Kabineti müqavilələrin imzalanması mərasimində iştirak edəcək. Vəzifələr prezidentin xəbəri olmaq şərtilə bölüşdürüləcək, dövlət başçısının yükü azalacaq.

Türkiyədə bunun bariz nümunəsini gördük. Hər şey bir şəxsin əlində toplanmamalıdır. İndi səlahiyyətlər bölünür, idarəçilik prezident məzuniyyətdə, ezamiyyətdə olduğu dövrdə I vitse-prezidentə, I vitse-prezident prezidentlə birgə ezamiyyətdə olarsa, vitse-prezidentlərdən birinə, onlar olmadığı halda baş nazirə, baş nazir olmadığı halda spikerə tapşırılacaq. Prezident üsuli-idarəsi belə olmalıdır. I vitse-prezident toxunulmazdır, sorğu-sual oluna bilməz. Lakin bir maddə yazılıb ki, əgər cinayət başında yaxalanarsa, bununla bağlı onu tutan orqan baş prokurora məlumat verilməlidir. Həmin şəxsin fəaliyyətinə xitam verilib-verilməməsi yenə prezidentin səlahiyyətində olacaq.

Tam səmimiyyətlə deyim ki, seçicilər kampaniyada çox yüksək səviyyədə iştirak edirlər. Ümidvaram ki, referendum çox yüksək səviyyədə başa çatacaq.

-Müxalifətin referenduma əleyhinə keçirdiyi mitinqlərə münasibətiniz necədir?

-Boş-boş danışırlar, guya müxalifət olduqlarını göstərirlər. Çıxışlar oldu, kənardan müşahidəçilər də vardı. Mən tövsiyə edirdim ki, bizim adamlardan mitinqi müşahidə etməyə heç kəs getməsin. İqtidardan nəzarət və ya müşahidə üçün adamlar gedir, onlar da hamının şəklini çəkib göstərirlər ki, görürsünüz, nə qədər adam toplamışıq. İki cüt, bir tək müxalifətdir. Müxalifət sözü bu gün Azərbaycana yaraşmır. Çünki ölkəmizdəki bütün gedişat göstərir ki, hamı birləşməlidir, Azərbaycanda müxalifət-iqtidar söhbəti olmamalıdır. O mənada ki, bu gün cənab prezidentin apardığı işlərin hamısı xalqın rifahının yüksəldilməsi naminədir.

İlham Əliyev hər bir azərbaycanlının prezidentidir və istəyir ki, Heydər Əliyevin vaxtilə dediyi kimi, çiçəklənən Azərbaycanda yaşasın. Buna da Allah qoysa nail olacağıq. Müəyyən çətinliyimiz ancaq 2017-ci ildə olacaq. 2018-ci ildə qazımız bütün Avropanı əhatə edəndən sonra Azərbaycan neft zamanında olduğu kimi zəngin bir ölkə olacaq. Azərbaycanın zənginliyi isə xalqın maddi rifah halının yaxşılaşması deməkdir.

1993-cü ilin başlanğıcında çörəyə möhtac idik, büdcədə pul yox idi ki, taxıl alınsın. Amma indi Neft Fondunda da pullarımız var, ölkəmiz zəngindir. Hər bir azərbaycanlı bilməlidir ki, heç vaxt ac qalmayacaq, Azərbaycanda çörək boldur, taxıl istehsalı hər bir azərbaycanlıya çatacaq miqdardadır. SSRİ-nin dövründə hər şey idxal olunurdu, indi isə ixrac edən dövlətik.

-Bakı Metropoliteninin rəisi vəzifəsindən ayrılandan sonra partiyada fəallığınız artıb...

-Metropolitendə işləyəndə YAP Yasamal rayon təşkilatında birinci müavin idim. Partiya işi mənim üçün yeni deyil, əksinə çox doğmadır. Metropolitenin işi çox və əhatəli idi, ezamiyyətlər çox olurdu, indi isə sırf YAP-ın işləri ilə məşğulam. Əvvəllər olduğu kimi Memarlıq və İnşaat Universitetində dərs deyirəm. Bu, elmi işlər üzrə irəliləmək üçün nümunədir. Partiyanın bütün işlərini yüksək səviyyədə və aktiv görürəm. Üzvlərimiz YAP-ı sevərək partiyamıza üz tutur. Mən sədr olandan sonra rayon təşkilatına 2500 nəfərdən çox üzv yazılıb. Tələbələrimiz, əməkdaşlarımız çoxdur, təqaüdə gedənlərimiz də var, onlar hamısı partiya üzvü kimi böyük işlər görürlər. Gəlib xahiş edirlər ki, tapşırıqlar verilsin. Bu, partiyaya olan önəm və sədaqətdir.

-Ara-sıra şeirləriniz mətbuatda üzə çıxır. Bu yaxınlarda gənc xanəndə Ayşən Mehdiyeva “Ana” şeirinizə yazılmış mahnı ifa elədi. Yəqin yaradıcılığa indi daha çox vaxt ayıra bilirsiniz...

-O, hobbidir, şeir yazmışam, bəstəkarın xoşuna gəlib, musiqi bəstələyib xanəndəyə təqdim edib. Qulaq asdım...

-Xoşunuza gəldi?

-Öz məhsulu adamın xoşuna gəlir. Özünün əkdiyi ağac bar verəndə bağban, əlbəttə, sevinir. Şeir yeni deyildi, Tahir Əkbərin xoşuna gəlib, mahnı yazıb, Ayşən kimi gözəl xanəndəyə veribsə, buna ancaq şad olmaq olar.

- Bəs indi də yazırsınız?

- İndi sizinlə oturub söhbət edirik, ola bilsin, siz gedəndən 5-10 dəqiqə sonra ilham gəldi, yazdım. Oturub xüsusi olaraq nəyinsə üzərində işləyib şeir yazmıram. Mən şair deyiləm. Xətrini ən çox istədiyim şair dostum Nəriman Həsənzadə ilə söhbət edəndə deyirəm ki, sənin 10 cildliyini görəndə özümə şair deməyə xəcalət çəkirəm. Cızma-qara eləməklə şair olmaq mümkündüsə, onda Azərbaycanda başdan-ayağa hamı şairdir ki... Çünki bizdə şeir yazmayan yoxdur.

-Bir çox şeirlərinizə mahnı bəstələnib. Olubmu ki, hansısa müğənninin mahnısı üçün şeir yazasınız?

-Bəstəkar məsləhətləşirsə, fikrimi deyirəm. Seçimimiz üst-üstə düşəndə razılaşırıq. Allah rəhmət eləsin, Ramiz Mirişli ilə bir çox mahnılarım var. Rauf Məmmədov, Zamiq Əliyevlə də çox işbirliyimiz olur, Səyyad Əlizadə ilə mahnımız var. Bunlar müzakirədən keçir. Məsələn, Tahir Əkbəri heç yaxından tanımıram, Ayşənin üzünü görməmişəm, mənə deyəndə baxdım şeir mənimkidir, oxuyub. Vaxtilə “Ana” şeiridir, yazmışam. Orada belə bənd var:

Ana əvəzedilməz,

Ana qəlbdən silinməz.

Övlad üzü gülməzsə,

Ananın üzü gülməz.

Bu bir aforizmdir, xalq bayatısına da gedib çıxır. Çox sağ olsun, bəstəkarlar şeirlərimə müraciət edirlər. Yeni Azərbaycan Partiyasında bu gün mən işləyirəm, sabah başqası işləyə bilər, universitetdə bu gün mən dərs deyirəm, necə ki mənə dərs demişdilər, sabah başqası tədris işi aparacaq. Ancaq yaradıcılıq belədir ki, əbədi olaraq qalır. Kimlərinsə yaddaşında yaşayacaq, nəsildən-nəslə ötürüləcək. Mənim nəvələrim gələcəkdə mənimlə fəxr edəcək ki, babamız Heydər Əliyevlə, İlham Əliyevlə bir yerdə işləyib, dövlət quruculuğuna öz bilik və bacarığı ilə töhfə verib.

-Deyilənlərə görə, öz kəndiniz üçün səxavətli davranmışınız..

-Əlbəttə, bəzi şeylər eləmişəm. O kənddən çıxmışam və heç nə eləmirəmsə, camaatın məni kəndə buraxmamağa ixtiyarları var.

-Nələr eləmisiniz?

-Hər şey eləmişəm. Bizim kəndçilərdən soruşun, niyə özüm deməliyəm?! Nəyə ehtiyac olubsa, eləmişəm. Allah prezidentimizə can sağlığı versin, kəndimiz ucqardadır, amma o kəndə birbaşa asfalt çəkilib. Əvvəl Naxçıvandan kəndimizə getmək üçün saatlar lazımıdı, indi ən uzağı 40 dəqiqə kənddəsən. Bunu dövlət edib. Körpü saldırmaq, məscid tikdirmək və abadlaşdırmaq məsələsinə kömək etmişəm. Eyni zamanda kəndlilərimə köməyim dəyib. Bütün Naxçıvan, Azərbaycan deyə bilər ki, hər bir kəsə imkan daxilində əl tutmuşam. Heç bir vaxt seçməmişəm ki, bu şəxs haralıdır. Amma əlbəttə, kəndililərimə üstünlük vermişəm.

-Uzun illər metropolitendə müxtəlif vəzifələrdə çalışmışınız. Dünyada bir çox nazir və məmurların metropolitendən istifadə etməsi adi hal hesab edilir. Azərbaycanda isə kiçik məmur səviyyəsində kimsə metro ilə işə gedirsə, bu, ajiotajla qarşılanır. Səbəb nədədir?

-Yox, elə deyil. Metrodan istifadə edən məmurlarımız var. Deputatlardan Aydın Mirzəzadə metrodan istifadə edir. O cür deputatlarımız çoxdur. Xalqın firavan yaşayışının göstəricisidir, hər bir deputatın maşını var, metrodan istifadə etmir, burada pis heç nə yoxdur. Lazım gəlsə, metrodan da istifadə edəcək. Metro gözəl nəqliyyat növüdür, ondan həmişə istifadə etmək lazımdır. İnsanı mənzil başına tez çatdırır. Maşınla yolda bəzən 1 saat tıxacda qalırsansa, metrodan istifadə edən şəxs bu problemlə qarşılaşmır. Mənim maşınım varsa, o demək deyil ki, hökmən hər yerə maşınla getməliyəm.

I Avropa Oyunları zamanı metrodan istifadə edirdim, bilirdim ki, maşınla getsəm tıxaca düşəcəyəm, yarışa vaxtında çata bilməyəcəm. Dövlət Filarmoniyasında hər hansı konsertə gedəndə “Sahil” metrosundan “İçərişəhər”ə metro ilə gedirəm.

-Azərbaycanda jurnalistlərlə açıq olan məmurlardan olmusunuz. Sizi ən çox əsəbiləşdirən sual isə metronda qiymətin qalxıb-qalxmayacağı ilə bağlı olub...

-Bəyənmədiyimiz SSRİ dövründə jurnalistlər ixtisaslaşırdı. Təəssüf ki, jurnalist qələm-mikrofonu götürüb adamın üstünə gəlir ki, intervü ver. Amma baxırsan ki, qeyri-peşəkar suallar verir. Mənim heç vaxt jurnalistləri təhqir etmək niyyətim olmayıb. Jurnalist ilk növbədə sual verməyi bacarmalıdır. O vaxt da demişdim, Tarif Şurası varsa, niyə mənə sual verilirdi ki, metropolitendə gediş haqqı qalxacaq? Metropolitenin rəisi qiymət qaldırmır, o, icraçıdır. Tarif Şurası lazım biləndə qiyməti qaldırar da, endirər də. Bunu dəfələrlə demişdim, amma xeyri yox idi.

Qəzetlərdən biri yazmışdı ki, metropolitenin rəisi Tağı Əhmədov öldü. İkinci səhifədə böyük nekroloq verilmişdi, barəmdə hətta indi xatırlamadığım nələrsə yazılmışdı. Məşədi İbad deyir, atamın adını haradan bilir, mənim keçdiyim yolları hardansa qazıyıb çıxarmışdı. Zəng edib deyirəm ki, ay Filankəs, belə şey yazmısan. Soruşur ki, Tağı müəllim, sizsiz? Deyirəm, sənin o dünyanla rabitən var? Axı, mən ölmüşəm! Həmin şəxsi heç məhkəməyə də vermədim. İstəmədim, axı bu, jurnalistin səviyyəsizliyi idi. Gərək qəzeti xəcalətdən bağlayaydılar. Özünə dedim ki, 5 manat qazanmaq istəyirdinsə, gətirib qəzetlərindən verərdin, deyərdin, xahiş edirəm camaata payla, qəzet çıxarmağa imkanım yoxdur. Sensasiya xətrinə öldüyüm xəbərini yazmaq doğru deyil.

“Vışka” qəzetində çalışan Əhməd Əhmədoviç dəmir yolunu gözəl bilirdi. Onun tənqidi yazıları birbaşa Mərkəzi Komitədə müzakirə olunurdu.

İndi senzura yoxdur deyə boşboğazlıq edirlər. Yalan məlumatlara görə məhkəməyə müraciət etmək olar. Onda gərək partiyanın işini qoyub məhkəmə qapılarında qalım...

-İndi də haqqınızda bu yazılar davam edir? Saytların manşetində son günlər məhkəməsi gedən bir cinayət işində adınız çəkilir...

-Saytlar məni gündəmdən salmırlar. Çox sağ olsunlar, həmişə gündəmdəyəm. Hətta toya gedirəm, şəkil çəkib sayta yerləşdirirlər. 2 il yarımdır metropolitenin rəisi deyiləm. YAP-ın Yasamal rayon təşkilatının sədrliyi metropoliten rəisliyindən dəfələrlə yüksək vəzifədir, fəxr edirəm. Xəbəri belə təqdim edirlər: “Metropolitenin sabiq rəisi filankəsin toyunda olub”. Heç bunun dəxli var? Toya gedənlərin hamısı jurnalistlərdən icazə alıb sonra toya getməlidirlər?

Digər məsələ ilə bağlı haqqımda yazılanları boş və mənasız hesab edirəm. Məhkəmə istintaqı gedir, proses başa çatanda kimin haqlı, kimin günahsız olduğunu bütün cəmiyyət biləcək. Harada lazım gəlsə, orada da suallara cavab verəcəyəm. Tağının dilindən heç vaxt çıxmayıb ki, 40 illik əmək haqqımı yığmışam. Bu cür söz deməmişəm. Bu, mənə uyğun olmayan sözdür, bu gün maaşımı alıram, səhər heç bilmirəm cibimdə 5 manat qalır, ya yox. 40 illik əmək haqqını yığmağım qeyri-mümkündür.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər