23 Sentyabr 2016 23:13
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Azərbaycanın Rusiya ilə mehriban qonşuluq münasibətlərinə xələl gətirən növbəti hadisə baş verdi. Söhbət Rusiyanın növbəti dəfə Ermənistana əvəzsiz olaraq qiyməti milyardlarla dollar ölçülən ən müasir operativ-taktiki silahlar bağışlamasının məlum olmasından gedir. Artıq bir neçə dəfədir təkrarlanan bu fakt Rusiyanın obyektiv və ədalətli vasitəçi imicinə ləkə salır, Rusiyanın özünün də daxil olduğu postsovet məkanında, xüsusən Qafqazda regional təhlükəsizliyi təhdid edir. Sonuncu dəfə Ermənistana ötürülən silahların dəyəri Ermənistanın dövlət büdcəsindən dəfələrlə böyükdür.

Halbuki, Azərbaycan iki ölkə arasında münasibətlərin həmişə strateji xarakter daşıdığını bəyan edir, ticari-iqtisadi, siyasi əlaqələrin daha da sıxlaşmasında maraqlı tərəf kimi çıxış edir. Rusiyaya qarşı Qərb tərəfindən sərt sanksiyalar tətbiq edildiyi dövrdə belə Azərbaycan xoş qonşuluq, ənənəvi tərəfdaşlıq münasibətlərini pozmayıb və sanksiyaları pisləyib. Rusiya eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədridir. Minsk qrupunun həmsədri kimi Rusiya münaqişənin nizamlanmasında həlledici söz sahibi olmağa çalışır.

Heç kimə sirr deyil ki, Azərbaycan Rusiyanın hərbi ixracatında ən mühüm tərəfdaş ölkələrdən biridir. Burdan belə bir məntiq hasil olur ki, Rusiya Azərbaycana silah satışından əldə etdiyi qazancı eyni silahları Ermənistana ötürməklə ianə edir.

Buna baxmayaraq Ermənistanın nə qədər silahlandırılır, silahlandırılsın Azərbaycanda ordu quruculuğu uğurla davam etdirilir. Ölkəmiz ən müasir silahlar, hərbi texnika alır, Ermənistan tərəfdən gələn istənilən təhdidi dəf etmək iqtidarındadır və bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Heç bir qüvvə Azərbaycanın ərazi bütövlüyünün bərpasına mane ola bilməz, Azərbaycan ordusu ölkəmizin maraqlarını təmin etmək qüdrətindədir. Azərbaycan artıq sadəcə müasir texnikalar almır, eyni zamanda özü də ən müasir silahlar istehsal və ixrac edən ölkəyə çevrilib. Elə İrəvanda keçirilən hərbi paradda “İsgəndər” raketlərinin nümayiş etdirildiyi Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin “AZAD Sistemlər” müəssisəsində hazırlanan müasir kəşfiyyat element bazasına və taktiki məhvedici hücum sisteminə malik “Zərbə” pilotsuz uçuş aparatlarının təqdimatının keçirilməsi və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı qarşı tərəfə verilən ən tutarlı cavab sayıla bilər. Bu onu göstərir ki, ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi gələcəkdə də bir nömrəli vəzifə olacaq.

Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov Teleqraf.com-a açıqlamasında bildirib ki, Azərbaycanın Rusiya ilə münasibətlərimi bu gün həqiqətən də normal vəziyyətdədir. Onun sözlərinə görə, Rusiya ilə hərtərəfli əməkdaşlıq edirik, tərəfdaşıq, mehriban qonşuluq münasibətlərinə malikik: “Məsələn, MDB, başqa təşkilatlar çərçivəsində əməkdaşlıq edirik. Müəyyən beynəlxalq tədbirlərdə müəyyən məsələlərdə Azərbaycan Rusiyanın mövqeyini dəstəkləyir. Biz bu gün Rusiyanın silah bazarına daxilik. Rusiyaya külli miqdarda, milyardlarla dollar xeyir veririk. Rusiya da bizi bir müştəri kimi bütün sahələrdə əldən buraxmaq istəmir. Münasibətlərimiz də qeyd etdiyim kimi normal qonşuluq münasibətidir”.

“Erməniləri bu bölgəyə köçürən, onlara dövlət quran Rusiya deyilmi?!”

Ancaq E.Məmmədov deyib ki, burda bir başqa məqam var: “Biz tarixə nəzər salmalıyıq. Erməni xalqı, erməni milləti deyilən bu etnosu, bu tör-töküntünü, bu zir-zibili 200-250 il bundan qabaq İrandan, Osmanlı imperiyası ərazisindən kim köçürüb gətirib Azərbaycanın tarixi torpaqlarında yerləşdirib? Çar Rusiyası. Kim onlara dövlət qurdu? Lenin babaları. Sovet hökuməti quruldu, Azərbaycan torpaqlarında Sovet Ermənistanı, Ermənistan dövləti yaratdılar. Bütün tarix boyu erməniləri məskunlaşdıran Rusiya olub. Qoruyan, müdafiə edən, saxlayan, havadarlıq edən Rusiyadır. Yəni, bu tarixi həqiqətlərdir. İkincisi, Rusiya bu gün Ermənistanı Cənubi Qafqazda özünə bir quberniya, əyalətlərindən biri kimi saxlayır. Ermənistanın iqtisadiyyatının 80 faizindən çoxu bu gün Rusiyanın əlindədir. Rusiyanın ən müasir silahlarla silahlanmış bütöv bir ordusu Ermənistanda dislokasiya olunub. Yəni, müstəqillik qazandıqdan sonra Rusiyanın nəzarətindən Gürcüstan da, Azərbaycan da çıxıb. Yeganə qalan ölkə Ermənistandır. Buna görə Azərbaycanla Rusiyanın münasibətləri ən yüksək, əla, əladan əla vəziyyətə qalxsa da, Rusiya adlanan dövlət heç vaxt Ermənistanın mənafeyindən geri çəkilməyəcək. Ermənistanı silah-sursatsız, müdafiəsiz qoymayacaq. O Ermənistanı özünə dayaq nöqtəsi edib, bununla Cənubi Qafqaza və bütün Şərqə nəzərət edə bilir. Bu səbəbdən də Rusiya aclığın, səfalətin hökm sürdüyü, iqtisadiyyatı dağılmış, özü pis gündə olan, dövlətçiliyi dağılmaq üzrə olan Ermənistana kredit, borc adı ilə ən bahalı silah-sursat verir. Təsəvvür edin ki, artıq Rusiyanın istehsalı olan “İsgəndər” raketləri Ermənistandadır. Ermənistan silahlı qüvvələrinin ixtiyarındadır”.

“Rusiya heç vaxt Ermənistanın arxasından geri durmayacaq”

Müsahibimiz bildirib ki, bunun özü ondan xəbər verir ki, Rusiya Qarabağ danışıqlarında müxtəlif hiylələr, fırıldaqlar, avanturalar, bicliklər, gedişlər etsə də o heç vaxt Ermənistanın arxasından geri çəkilməyib və çəkilməyəcək. Onun sözlərinə görə, bəzən azərbaycanlı ekspertlər, siyasətçilər, politoloqlar elə şirin-şirin danışırlar ki, sanki Rusiya bizimlə əmioğludur: “Elə deyil, Rusiya özünün dövləti maraqları, milli mənafeləri naminə, bəli, bizimlə əməkdaşlıq, qonşuluq edir. Bizə silah satır, pul qazanır. Çünki bilir ki, silahı o satmasa biz onun silahından da yüksək səviyyəli silahı başqa silah satan dövlətlərdən alacağıq. Çünki bizim dövlətin pulu var. Ancaq Ermənistanın o silaharı almaq üçün pulu yoxdur. Ermənini qorumaq, müdafiə qüdrətini möhkəmləndirmək üçün o silahları ya gizli, ya da açıq şəkildə pulsuz Ermənistana verir”.

“İşimizi ehtiyatlı tutmalıyıq”

E.Məmmədov qeyd edib ki, buna görə biz işimizi ehtiyatlı tutmalı, çox sərvaxt olmalıyıq: “Şirin vədlərə, şirin sözlərə inanmamalıyıq və torpaqlarımızı azad etmək üçün özümüz öz gücümüzə arxayın olmalıyıq. Biz nə qonşuya, nə qeyri qonşuya, nə həmsədr dövlətlərə, nə beynəlxalq təşkilatlara, bir sözlə heç kimə ümid edib, arxayın olmamalıyıq. Əgər ümid edib arxayın olsaq torpaqlarımız 25 yox, 225 il də işğal altında qalacaq. Mənim fikrim bundan ibarətdir”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər