24 Sentyabr 2016 12:12
2 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com "Yeni Müsavat" qəzetinin redaktoru Azər Ayxanla müsahibəni təqdim edir:

“İsa Qəmbərlə Əli Kərimli 20 ildir müxalifətin iqtidarı olmaq uğrunda ölüm-dirim savaşı verirlər”

“Ağlı başında olan adam Rauf Arifoğlu ilə düşmənçilik etməz”

- Azər bəy, ixtisasca jurnalistsiniz?

- Pedaqoji Universitetin ibtidai təhsil pedaqogikasını bitirmişəm.

- Hər bir jurnalist kimi yəqin sizin də kameradan, diktofondan çəkindiyiniz vaxtlar olub. Belə bir dövr sizdə nə vaxt başladı, nə vaxt qurtardı?

- Mən elə bir dövrdə jurnalistikaya gəldim ki, həyəcanlanmağa imkan olmadı. Ona görə də demək olar ki, həyəcan olmadı. Çünki dövrün özü həyəcanlı idi. Mən ikinci kursda oxuyanda, 1991-ci ildə Rauf Arifoğlunun bütün təpkilərinə rəğmən onun yanına gələ bildim. Ancaq Rauf bəy həmişə məni qıraqda saxlayırdı. Deyirdi birdən mənim başına bir iş gələr, heç olmasa sən sağ qal!

Sonradan elə oldu ki, qəzetimiz Bakıda çap olunmağa başladı. O vaxt iqtidarda Ayaz Mütəllimov idi. Həmin vaxtlar “Yeni Müsavat” rəsmi dövlət qeydiyyatından keçmişdi. Artıq "samezdat" üsulu ilə yox, leqal nəşr olunmaq icazəsi vardı. Azərbaycanın müstəqillik aktının qəbul olunması ilə “Yeni Müsavat” qəzetinin nəşrinə icazə verilməsi üst-üstə düşdü. Qəzet çıxarmaq onda təkcə fiziki baxımdan təsəvvür olunmayacaq dərəcədə çətin idi. Amma dövrün və mənim gənclik romantizmim üst-üstə düşdüyündən, proses mənə maraqlı gəlirdi. Elə bir prosesin içində düşdüm ki, hər şey, bütün həyatım dəyişdi. Təsəvvür edin, o dövrdə ictimai-siyasi proseslərə yön verən liderlərlə hər gün təmasda olurdum, onlarla eyni qərargahda otururdum. Əbülfəz Elçibəyi, İsa Qəmbəri, Etibar Məmmədovu və dövrün digər siyasi ulduzlarını görmək şansım olurdu. Onların dəhlizlərdə, AXC-nin qərargahının önündə danışıqlarını, şərhlərini, iclaslarda çıxışlarını dinləyirdim. Belə bir mühitdə adamda həyəcanmı qalar? (gülümsünür).

- Rauf Arifoğlunun ictimai-siyasi proseslərin içində olmağı çox təbii idi. Bəs sizdə də təbiidirmi? Rauf bəyin qardaş olduğunuz üçünmü bu proseslərə qoşuldunuz, qəzetçiliyə gəldiniz?

- Əlbəttə, Rauf bəy olmasaydı, mən də jurnalistikada olmazdım. Mən qardaşımın proseslərdə iştirakından ilham almışam. Amma insanın öz içində istək olmalıdır, bu istək, qığılcım olmasa səni zorla proseslərə qoşmaq olmaz! Azərbaycanda elə məşhur adamlar var, amma onun qardaşının nə işlə məşğul olduğunu, hətta kim olduğunu çoxları bilmir. Amma elə ailələr də var ki, bütün tayfa siyasətlə məşğuldur.

- Məsələn...

- Məsələn, Sərdar Cəlaloğlu, Arif Hacılı, Sabir Rüstəmxanlı, Ənnağı Hacıbəyli və s. Adlarını çəkdiklərimin təkcə özləri yox, həm də qardaşları, yaxın qohumları siyasətdə və mediada aparıcı simalardı.

- Bəzən haqqınızda deyirlər ki, əvvəllər yazılarınızı Rauf Arifoğlu yazırmış. Ümumiyyətlə belə bir şey olubmu?

- Bunu çox adamın haqqında deyiblər. O cümlədən mənim barəmdə də. Heç şübhəsiz ki, məni Rauf Arifoğlu ilə fərqim təkcə yaşda deyil, həm də təcrübədədir. Onun dünyagörüşü və Allahdan gəlmə fitri istedadı mənimkindən qat-qat üstündür. İki qardaş olaraq biz bir-birimiz həyatda da, işdə də, jurnalistikada da tamamlayırıq. Məsələn, bəzən olur ki, onun məişətdə çatdıra bilmədiyi işi mən yoluna qoyuram. Və ya mənim yarımçıq qalan işlərimi o, bu və ya digər formada həll edir. Və Rauf Arifoğlu baş redaktor olaraq bütün yazılarıma müdaxilə etmək səlahiyyətinə malikdir. Doğrudur, yazılarımın Rauf Arifoğlunun adına çıxıldığı vaxtlar olub, amma səmimi deyirəm ki, qardaşımın mənim adımdan nəsə yazması və bunu çap etdirməyini xatırlamıram.

- Azərin filan yazısını qardaşı yazıb sözünü eşidəndə reaksiyanız necə olub?

- Hardasa 20 il bundan əvvəl bu söz-söhbəti eşidəndə özümü və imzamı təsdiqləmək üçün o dövrün ən populyar və tirajlı qəzetlərindən olan “7Gün”ə getdim. Emin Eminbəyliyə müraciət elədim. O da təəccüblə soruşdu ki, qardaşının qəzeti ola-ola niyə bura gəlmisən? Səbəbini izah etdim, sağ olsun, məni işə götürdü. “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı həmin vaxt “7Gün”də siyasət müxbiri idi. Akiflə yaxın idim. Mənim Emin müəllimə təqdimatımı o verdi. “7Gün”də işə düzəlməyimdə Akif Aşırlının dəstəyi ciddi rol oynadı.

- Və gedib özünüzü “7Gün”də təsdiq etdiniz, sonra “Yeni Müsavat”a gəldiniz! Belə?

- Hardasa belə demək olar. Xeyli şöhrət qazana bildim. 1997-ci ilin aprelində Kələkiyə gedib rəhmətlik Əbülfəz Elçibəydən müsahibə aldığıma görə Emin Eminbəyli məni işdən çıxardı. Onun Əbülfəz Elçibəyə başadüşülməz bir antipatiyası vardı. Mənə öncədən xəbərdarlıq etmişdi ki, Kələkiyə getsəm, işdən qovulacam.

- Belə çıxır ki, “Yeni Müsavat”ın yox, “7Gün”ün yetirməsisiniz?

- Yox, belə demək “Yeni Müsavt”a və Rauf bəyə haqsızlıq olardı. “7Gün”ün və Emin Eminbəylinin mənim üzərimdə haqqı var. Amma bu, 20 il öncənin söhbətidi. 20 il sonraya baxanda mənə ən çox əmək verən Rauf Arifoğludur. Həmçinin “Yeni Müsavat”da mən təkcə qəzetçilik öyrənmədim – böyük bir həyat məktəbi keçmişəm. Proses davam edir...

- Maraqlıdır, qardaşınızla aranızda heç bir fikir ayrılığı olmurmu? Yoxsa Rauf bəyin kiminlə arası dəyirsə, siz o adamla münasibətləri pozursunuz.

- Mən Rauf Arifoğlunun rəhbərliyi altında çalışıramsa, ona müxalifətçilik etmək kimi bir lüksüm yoxdur. Adama deyərlər, bəyənmirsən, xoş getdin!

- Yəni qardaş qardaşa belə bir söz deyə bilərmi?

- Əlbəttə deyə bilər! İkincisi, mənim Rauf Arifoğlu ilə görüşlərim üst-üstə düşməsəydi, hər halda 11 il “Yeni Müsavat”da birinci müavin vəzifəsində işləyə bilməzdim. Demək, bizim maraqlarımız, fikir və dünyagörüşümüz üst-üstə düşdüyü üçün bir yerdə işləyə bilirik. Üstəlik, biz qardaşıq. Rauf bəyin dostu dostumdur, düşməni düşmənim! Sözsüz ki, bu belə də olmalıdır. Onun düşməni ilə mənim dostluq etməyim əsla düzgün olmaz.

Amma bəzi məsələlərdə fərqlərimiz var. Rauf Arifoğlu inanclıdır, Həcc ziyarətinə gedib, namaz qılır, oruc tutur və s. Mən isə yox. Ateist deyiləm, çox şükür. Allaha da, Peyğəmbərə də, İslama da inanıram. Amma namaz qılmıram, oruc tutmuram...

- Bəs siz niyə namaz qılmırsınız?

- Bunun səbəbini heç özüm də bilmirəm.

- İçirsiniz?

- Dindar qardaşlarım oxuyub məni topa tutacaqlar, amma hərdən, nadir hallarda içirəm. (gülür)

- Qardaşınız içməyinizə bir söz demir ki?

- Bu məsələdə Rauf Arifoğlunun əvəzi yoxdur, çox tolerantdır. Elə onun xarakteri də budur, insanlara bu cür rəhbərlik edir: sıxmır, incitmir, hamı ilə yumşaq rəftar edir.

- Rauf Arifoğlunun da, sizin də, bayaq dediniz kimi başınız çox çəkib. Bəs ata-ananızın bu işlərə münasibəti necədir, demirmi ay oğul, etməyin, eləməyin?

- Hərəkat dövründə anam Rauf bəydən yana çox narahat idi. Amma atam bizi sıxmırdı. Axı övlada qarşı ana ilə atanın münasibətləri fərqlənir. Həm də kişilər daha dözümlü və səbirli olurlar. 1992-ci ildən sonra bu söz-söhbətləri eşitmirik! Artıq bu yoldan dönüş olmadığını görüb, valideynlərimiz bu taleylə barışdılar. Qəzetçilik, siyasət bizim gündəlik işimizdi. Dolanışıq, qazanc yerimizdi. Biz ən gözəl peşənin sahibləriyik; əlində qələm olmaq hər Allah bəndəsinə qismət olmur.

- Maraqlıdır, heç pulsuz vaxtlarınız olubmu? Söhbət ailədə maddi çətinliklərdən gedir.

- Düzü, uşaq vaxtımda xüsusi maddi sıxıntı yaşamamışam. Həmçinin elə dəbdəbəli bir həyatımız da olmayıb. Kənddə sayılıb-seçilən ailə olmuşuq. Valideynlərimizdən çox yaxşı tərbiyə almışıq.

- Valideynləriniz nə işlə məşğul olub?

- Atam da, anam da müəllim olub.

- Kənddə yaşamısınız?

- Bəli...

- Qoyun otarmısınız?

- Otarmışam, əlbəttə. Mal-qaramız olmayıb. Amma qoyun-quzu saxlamışıq. Mən orta məktəbin sonuncu sinfində oxuyanda atam bütün heyvanları satdı, çünki heç kim baxa bilmirdi.

- Bəs qəzetin gəlirləri nə vaxtdan artmağa başladı?

- Bayaq maddi problemlərdən sual verdin. Bəli, 1993-cü illərdə bizim maddi çətinliklərimiz vardı, çünki o vaxtlar qəzet bazarı formalaşmamışdı. 1998-ci ildə senzura götürüləndən sonra artıq hər şey yoluna düşdü. Amma ondan əvvəlki illərdə qəzetdə yaranan problemlər ailəmizə də təsir edirdi. Bəzən çörəkpulu tapa bilmirdik. Bu təkcə bizə yox, bütün düşərgəyə aid idi. Çünki ölkədə vəziyyət olduqca gərgin idi: milli valyuta dəyişirdi, inflyasiya gedirdi, maddi resurslar yox idi...

1997-ci ilin sentyabr ayından artıq “Yeni Müsavat” qəzetində dəyişikliklər başladı. Qəzetin formatını dəyişdik və formalaşmağa başlayan qəzet bazarına girə bildik. O vaxt səkkiz səhifəlik qəzetin sonuna krossvord verdik və hər yerdə qəzet satmağa icazə verirdilər. Bundan sonra qəzetin satışından əlimizə çoxlu pul gəldi.

- Və artıq “Yeni Müsavat” çörək ağacına çevrildi...

- Bəli, əlbəttə! İnsanlar nə qədər idealist olsalar da, maddi çətinliklər inkişafa, böyüməyə imkan vermir. Həm də “Yeni Müsavat”ı böyütmək, ölkənin ən tirajlı və populyar qəzetinə çevirmək hədəfi vardı qarşımızda. Bunun üçün də pul lazım idi. Pulu da Allah yetirmişdi – qəzet bazarı sürətlə böyüyürdü. 10 minlərlə dollar para qazanmaq imkanları yaranmışdı qəzetin satışından gələn vəsaitlə. Ona görə də 1997-ci ilin noyabr ayında Rauf Arifoğlu qəzetin sırf krossvord variantını buraxdı. Eyni zamanda dövrlüyü artırdı. Həftədə iki dəfə çıxırdıqsa, artıq üç dəfəyə keçdik. Krossvord nömrəsindən gələn pulları siyasi nömrəyə yönəldirdi Rauf bəy. Krossvordların içində çərçivələr olurdu, qəzetin növbəti siyasi nömrəsinin yazılarının anonslarını o çərçivələrə yerləşdirirdik. Beləcə, Azərbaycan insanını krossvorddan siyasi qəzetə daşıdıq. 1998-ci ilin yayında Azərbaycanda senzura götürüləndən sonra daha böyük imkanlar yarandı. Və həmin ilin prezident seçkilərindən sonra “Yeni Müsavat”ın oxucusu daha da artdı, çünki böyük risk edib qabağa çıxmışdıq. Artıq iqtidar ideoloji müharibəsini “Yeni Müsavat” qəzeti və Rauf Arifoğlu ilə aparırdı. Yadımdadır, o vaxt səhiyyə naziri olan Əli İnsanov parlamentdən çağırış edirdi ki, Rauf Arifoğlunu və bir sıra başqa qəzetçiləri güllələtmək lazımdır. Allah Əli müəllimin qapısını açsın. Başqa iqtidar deputatları da jurnalistləri ağır formada cəzalandırmaq üçün çağırışlar edirdilər.

- Görəsən, Əli İnsanov həbs olunanda sevindinizmi? Ona qarşı hansısa bir aqressiyanız qalıbmı? Axı sizi güllələtdirmək istəyirdi.

- İndi Əli İnsanovun özü bu hakimiyyətə hamıdan çox aqressiv və radikaldır. Kiminsə 17-18 il bundan əvvəl haqqımızda dediyi sözü yadımızda saxlayıb kin saxlamaq nə təbiətimizə, nə də peşə maraqlarına uyğun gəlir.

- Bir dəfə Salam Sarvan status yazmışdı ki, müxalifət düşərgəsi hakimiyyətdən daha radikaldır. Bu fikirlə razısınızmı?

- Müxalifət müxalifətdə çox qaldığı və nəticəsizlik olduğu üçün orda hər şeyə və hamıya qarşı aqressivdirlər. Məsələn, siz Azərbaycanda müxalifətin hansısa bir parlaq qələbəsini xatırlayırsınızmı? Varmı elə bir qələbə ki, onu qeyd etsinlər? Tərəfdarlarını motivasiya etsin, onu dirçəltsin, qabağa aparsın! Yoxdu. Düzdür, deyə bilərlər, müxalifətin müxalifət olmasına hakimiyyət imkan tanımır. Bəs gücünüz hardadır? Müxalifətin əsas missiyalarından biri də iqtidarı nəyəsə vadar etməkdir, hətta məcbur etməkdir. Niyə hakimiyyəti öz iradənizə tabe etdirə bilmirsiniz? Deməli, gücünüz yoxdur.

- Sizcə, xalq nə üçün müxalifətin yanında deyil, mitinqlərə gəlmir?

- Sentyabrda müxalifət üç mitinq keçirdi. Hər mitinqdən sonra dava düşdü. Müsavat AXCP-ni, Xalq Cəbhəsinin fəalları da müsavatçıları söydü, aşağıladı, təhqir etdi. Hakimiyyət əleyhinə mitinq keçirib, sonra bir-birinə saldırırlar. Belə bir qüvvə xalqı özünə necə cəlb edə bilər?! İsa Qəmbərlə Əli Kərimli 20 ildir müxalifətin iqtidarı olmaq uğrunda ölüm-dirim savaşı verirlər. Müxalifət hər dəfə birləşmək istəyəndə, toparlanmağa çalışanda daha böyük itkilər verir. Üstəlik tərəfdarlarını da məyus edirlər. Bunun örnəyini bu günlərdə bir daha gördük. Müxalifət partiyaları hökumətə yox, bir-birinə qarşıdılar. Nifrət, intriqa və kin yuvasıdı partiyalar. Belə bir qüvvə ölkəmizdə iqtidara gəlsə, Azərbaycanda qan su yerinə axar. Ona görə də, nə Qərb, nə xalq bu adamlara dəstək vermirlər. Allah da üz döndərib onlardan.

Bir şeyi də qeyd edim. Təkcə müxalifətə aid deyil, ümumiyyətlə bizim bir xalq olaraq da qələbə tariximiz yoxdur. İrəli gedə bilməməyimizin səbəblərindən biri də budur. İlin elə bir ayı yoxdur ki, Azərbaycan xalqı öz faciəsini qeyd etməsin. 20 yanvar, 31 mart soyqrımı, Şuşanın işğalı, Xocalının işğalı və s. Hər ay bir faciənin il dönümünü qeyd edirik. Bu qaramat bütövlükdə cəmiyyətin ruhuna hopub. Dirçəliş üçün heç nə baş vermir.

- Azər bəy, hər halda “Yeni Müsavat”ın hakimiyyətə yaxın media orqanı hesab edilir...

- Biz hamıya yaxınıq. Bütün siyasi qüvvələr bizim imkanlarımızdan yararlana bilər. Hər kəsin bizə yetişməsi, “Yeni Müsavat”da, musavat.com-da özünü ifadə etməsi üçün olduqca rahat, münbit şərait yaratmışıq. Əvvəl hakimiyyətə qarşı yazılmış bir yazıya etirazı məhkəmə vasitəsi ilə bildirilirdilər, müəllifin yolunu kəsib döyürdülər, hansısa qrupu redaksiyaya göndərirdilər. İndi isə zəng edirlər, çox mədəni şəkildə xahiş edirlər. Bu isə bizim xoşumuza gəlir və onlara münasibətimizi redaktə edir. Sən səninlə mədəni danışan adama necə bağıra bilərsən? İndi hakimiyyətlə müxalifətin mətbuata münasibətində rollar dəyişib. İqtidar hansısa məsələylə bağlı bizimlə kübar dildə danışmağa çalışır, əksər vaxtlar buna nail olur. Müxalifət isə əksinə, bağıraraq, söyərək, şantaj və təhdid edərək.

- Belə demək mümkünsə siz müxalifətin əlindən xilas olmusunuz! Eləmi?

- Müxalifət bizi itirdi. Böyük və təsirli bir media quruluşu ilə yanlış davranaraq bu üstünlükdən özünü məhrum etdi. Bəzən iqtidarda olanlar da müxalifətin bizimlə bağlı bu yanlış davranışına təəccüblərini gizlədə bilmirlər. Müxalifətə pulsuz, minnətsiz xidmət göstərirdik, onlara gecə-gündüz informasiya dəstəyi verirdik. Bunun müqabilində onların bizə qarşı tutduğu mövqeləri ağıldan, məntiqdən və peşəkarlıqdan tamamən kənar davranışdır. Onlar bizim müstəqil olmaq istəyimizi, bütün siyasi qüvvələrə eyni məsafədə dayanmağımızı qəbul etmədilər. Dedilər, bizim muzdurumuzsunuz, yalnız bizdən yazacaqsınız, yalnız bizə xidmət edəcəksiniz. Azərbaycan müxalifəti illərlə “Yeni Müsavat”ın və Rauf Arifoğlunun arxasında gizlənib baş qatırdı. Bu, xüsusilə Müsavat partiyasına, bu partiyanın rəhbərliyinə aiddir. Bu gün buz onların yanında yoxuq. Görün nə gündədirlər... Əli Kərimlinin 5-10 nəfər feysbuk “naomnik”inin əlində girinc qalıblar.

- Bəs Müsavat Partiyasından nə üçün çıxdınız?

- Arif Hacılı məlum müsahibəsində böyük etikasızlıq elədi. Buna görə də mən və 3-4 nəfər “Yeni Müsavat”çı partiyadan çıxdıq. Həm haqsızlıq etdi, həm də qeyri-peşəkar davrandı. Bilirsiniz, Arif Hacılı da daxil olmaqla, bu gün müxalifətdə təmsil olunan əksər siyasətçilər Surət Hüseynovun qorxusundan dövləti, xalqı, tərəfdarları qoyub paytaxtdan və ölkədən qaçdılar. Surət Gəncədəydi bunlar aradan çıxanda. Bakıdan 350 km uzaqda olan bir qiyamçının zəhmi bunları necə basdısa, hər şeyi qoyub aradan çıxdılar. Bir neçə il Bakıya gəlməyə ürək etmədilər. Heydər Əliyev Surəti və başqa hərbi müxalifət təmsilçilərini, zərərsizləşdirdikdən sonra bir-bir, iki-bir qayıtdılar. Və başımız aslan kəsildilər.

- Ümumiyyətlə, siz Arif Hacılını peşəkar siyasətçi hesab edirsinizmi?

- Arif Hacılı Azərbaycan siyasətinin dəcəl və cığal uşağıdı. Arada bizə münasibətdə çizməyi keçir. Necə deyərlər, çaşır. Biz də yüngülcə onun qulağını sözün mətbu mənasında çəkib, tənbeh edirik. Bir müddət özünü yığışdırır. Amma içindəki şeytan, kin ona böyük adam olmağa imkan vermir. Peşəkar siyasətçi ölkə mediasının ən önəmli patronlarından biri haqda elə ehtiyatsız söz deməməli idi. Özü də heç bir ehtiyac olmadan bu yanlışı yapdı. Özünə də, partiyasına da, İsa Qəmbərə də ciddi problemlər yaratdı. Bizim proqnozumuz doğruldu Arif Hacılı ilə bağlı: ondan lider olmaz, birinci şəxs olmaz, partiya başqanı heç olmaz. Lider dediyin hər kəsi çevrəsinə yığmağı bacarmalıdı. Siyasətçi, partiya sədri dediyin ilk növbədə mətbuatla münasibətlərdə ehtiyatlı olmalıdı. Ağlı başında olan adam Rauf Arifoğlu ilə düşmənçilik etməz. Rauf bəyin dostluğu daha maraqlı və daha mənfəətlidir. Hər mənada.

- İsa Qəmbərin adını çəkdiz. Onunla münasibətləriniz nə yerdədir?

- İsa Qəmbər miqyaslı siyasətçidir. Amma bu günkü komandası onun imkanlarını o qədər daraldıb ki... Özləri boyda etməyə çalışırlar İsa bəyi. Acı mənzərədi. Onunla aramızda kövrək, zərif bir bağ qalır. Kaş qoparmaya. Qoparsa da canı sağ olsun. Bizim itirəcəyimiz bir şey yoxdu.

- Rauf bəy də, siz də iqtidarla müxalifətin arasında dayandığınızı qeyd edirsiniz! Amma əməkdaşınız Zamin Hacı sosial şəbəkələrdəki mövqeyi birmənalıdır. Maraqlıdır, buna görə narahat olursunuzmu?

- Zamin Hacının mövqeyi hər kəsə bəllidir. Ona dostcasına sms yazıb “çox sağ ol, əla yazmısan” dediyim köşələri də olub, hansısa ifadəni dəyişdirilməsindən ötrü zəng etdiyim də. O da tam normal şəkildə qarşılayıb bunları. Zamin ölkədəki reallıqları bilən adamdır. Sosial şəbəkələrdəki fəaliyyəti isə onun şəxsi işidir. Buna görə bizə kim nə irad bildirə bilər ki? Amma hər hansı bir məclisdə üz-üzə gələndə mən özüm Zaminə deyirəm ki, filan statusunu oxudum və çox narahat oldum. Zamin Azərbaycan mətbuatının dəyərlərindən biridir. Allah onu qorusun.


Müəllif:

Oxşar xəbərlər