Üç əsrin şahidi olan 122 yaşlı Səmərqə Allahverdiyeva 94 saylı Bərdə kənd seçki dairəsinin Xəsili kənd tam orta məktəbində yerləşən 30 saylı seçki məntəqəsində səs verib.
Teleqraf.com-un məlumatına görə, 1894-cü il təvəllüdlü Səmərqə Allahverdiyevanın 8 övladı, 60 nəvəsi, 87 nəticəsi, 12 kötücəsi var. Dəfələrlə prezident, parlament və bələdiyyə seçkilərində iştirak edib. Bugünkü səsverməyə də ailə üzvləri ilə birgə gəlib.
Səmərqə Allahverdiyeva bildirib ki, sovetlər dövründə traktorçu, qabaqcıl pambıqçı olub: "Hər il 10 hektar pambıq becərirdim, gündə 150-180 kiloqram pambıq yığardım. Ulu öndər Heydər Əliyevlə də pambıq tarlalarında 3 dəfə görüşmüşəm.
Qabaqcıl pambıqçı kimi müxtəlif döş nişanları ilə təltif edilmişəm. Bu gün 122 yaşımda səsvermədə iştirak etdiyimə görə özümü xoşbəxt sanıram”.
94 saylı Bərdə kənd seçki dairəsi üzrə qeydə alınan seçicilərin 1141-nin yaşı 80-100 arası, 12 seçicinin yaşı isə 100-dən yuxarıdır.